Karusel (2-12-2014, 20:59)
Bakıda məşhur klinikanın fəaliyyəti dayandırıldı- Sahibi isə məşhur iş adamıdır+Yenilənib
Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb
Azərbaycanda özəl klinikalardan birinin - “Atlas Medical Center” MMC-nin fəaliyyəti dayandırılıb.
"Mediatv.az" trend-ə istinadən xəbər verir ki, klinikanin fəaliyyətinin dayandırılması onun fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub.
Səhiyyə Nazirliyindən adıçəkilən klinikanın bağlanması faktını təsdiqləyiblər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Səhiyyə Nazirliyinə “Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində “Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib.
A.Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.
Qeyd edək ki, “Atlas” klinikasının fəaliyyəti ilə bağlı mətbuatda müntəzəm olaraq sərt məlumatlar dərc olunurdu.
***
Fəaliyyətində yol verdiyi nöqsanlara görə bağlanan “Atlas Medical Center” MMC özəl klinikasının sahibinin kimliyi məlum olub. “Qafqazinfo” facebook sosial şəbəkəsində fəaliyyət göstərən “Azərbaycanın kriminal həyatı” səhifəsinə istinadən xəbər verir ki, klinika Bakıda "Bala Heydər" kimi tanınan iş adamı Heydər Əli oğlu Əliyevə məxsusdur. Klinika "Şərq" bazarının rəhbəri, "Qorqud" holdinqin prezidenti Heydər Əliyevə məxsus olub. H.Əliyevin barəsində cinayət işi də açılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilib.