Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (18-07-2020, 15:25)
Milli şüura söykənən intellektual gənclik dövlətin zəmanətidir

 
                    
Diqqəti vətənpərvərliklə yanaşı, milli şüura söykənən yüksək intellektual potensiallı gəncliyin yetişdirilməsi prosesinə yönəltmək istəyindəyəm. Bu, hər şeydən öncə bizim düşmənlərimizlə apardığımız informasiya mübarizəsi üçün vacibdir. Dünya ictimaiyyəti qarşısında düşmənlə üz-üzə gələn gənclərimizin yüksək intellektual potensiala malik olması həm Azərbaycan xalqının tarixinin qədimliyindən xəbər verər, həm də zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağa məhkum olmasına baxmayaraq, təhtəlşüurunun hesabına olsa da belə savadlı, dünyəvi xalq imicini qoruduğunun göstəricisi sayıla bilər. Eyni zamanda xalqımızın elmdə, təhsildə yüksək irəliləyişlərə nail olmasında, dünyada tanınmasında da şübhəsiz ki, intellektual potensialın rolu əvəzsizdir.
Yazı üçün araşdırmalar apararkən milli mənlik şüurunun inkişaf etdirilməsi ilə ilgili Azərbaycan ziyalılarının da müxtəlif mövqeləri ilə qarşılaşdım. Onlardan biri ilə oxucuları tanış etmək istəyirəm. Tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlının sözlərinə görə, tariximizin öyrənilməsində milli mənlik şüuru mühüm rol oynayır: “Sovet dönəmində, ondan əvvəlki dövrlərdə Azərbaycan əhalisi milli şüurdan məhrum edildi. Ən azından imperiya onu milli kimliyindən qoparmaq  istiqamətində çox çalışdı. Ancaq bütün bunlara baxmayaraq, yenə də  Azərbaycan xalqı çox böyük xalq imiş ki, öz milli mənlik şüurunu qoruyub saxlamağı bacardı. Elə müasir dövrdə də onu durmadan inkişaf etdirir. Ona görə də Azərbaycan tarixini yenidən tədqiq etməliyik. Xüsusən də 1828-ci ildən – Türkmənçay müqaviləsindən sonrakı dövrü. Yəni, Azərbaycanın Rusiya tərəfindən işğalı və sovet dönəmi yenidən tədqiq olunmalıdır. Elə etməliyik ki, Azərbaycan tarixi ağ ləkələrdən təmizlənsin. Ona görə də o dövrü tədqiq edən tarixçilərdə savadla yanaşı, milli şüur da olmalıdır. Milli şüur olmalıdır ki, xalqın tarixini düzgün, obyektiv araşdırmaq mümkün olsun. Bütün bu sadalananlar tarixin öyrənilməsində çox mühüm rol oynayır”.
Bu tipli saysız-hesabsız misallardan belə bir nəticə hasil olur ki, hətta ən çətin şərait və vəziyyətlərdə belə, biz öz milli şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin qarışıq proseslərdən zərərsiz çıxması üçün ən adi simvolik xatırlatmalar da kifayətdir. Amma əksinə - milli şüurun üzərindən xətt çəkmək kütləvi hal alarsa, bu cəmiyyətdə əxlaq böhranı yaradan fəlakətə çevrilər. Bax, bu məsələdə media təbliğatı, ictimai qınaqla yanaşı, məktəblərin və ailələrin də üzərinə böyük məsuliyyət düşür. Bu qarşılıqlı məsuliyyətlərimiz əsasən hansılardır?
Vətənpərvərliyə dövlət rəmzlərinin öyrənilməsindən başlamalıyıq
Dünya arenasında müstəqil dövlətimizin varlığı – üçrəngli bayrağımızın Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların üzərində dalğalanması faktoru uşaq, yeniyetmə və gənclərimizin ölkəmizə və xalqımızın tarixinə münasibətdə daim ayaqda qalmasını stimullaşdırır. Üstəlik torpaqlarımıza qarşı ermənilərin apardığı ədalətsiz müharibədən dolayı cəlb olunduğumuz mübarizə metodları da qarşımızda bir sıra məqsədləri reallaşdırmağı qaçılmaz edir. Əslində bütün sivil dövlət və xalqlar milli kimlikləri ilə yanaşı, intellektual bazanı da inkişaf etdirirlər ki, xalqlarının yaşaması və inkişafı bir vəhdətə sığa bilsin. Bizim kimi regional konfliktlərə cəlb edilmiş xalqlarda isə bu problem daha dərinliklərə işləyib. Bütün bunlar ilk öncə dövlət atributlarımızın kəsb etdiyi əsas mahiyyətin mütəmadi olaraq media vasitəsilə şagirdlərə, yeniyetmə və gənclərə öyrədilməsi prosesinin vacibliyini önə çıxarır. Əslində bu vacib addım zaman-zaman təkrarlanmalı, daha geniş spektri əhatə etməklə bütün ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Dövlət rəmzlərimiz dövlətimizin varlığını əyani şəkildə sübuta yetirən ən ali dəyərlərimizdəndir. Onları arxa plana keçirmək, yaddan çıxarmaq, onlara biganə yanaşmaq vətənpərvərlik hisslərinin unudulması kimi arzuolunmaz bir durumla üz-üzə qalmaq atmosferi formalaşdırır. Hər bir ölkə vətəndaşı bilməlidir ki, onun üçrəngli bayrağı hansı əlamətlərin daşıyıcısıdır, hansı tarixi şəraitdə və hansı şərtlər altında qəbul edilmişdir!..  Təəssüflər olsun ki, biz dəfələrlə elektron kütləvi informasiya vasitələrində nəinki azyaşlıların, hətta yetkin vətəndaşlarımızın, sənət adamlarının belə bayrağımızın rənglərinin adicə səbəblərini bilməməsi kimi utancverici hallarla rastlaşmışıq. Eyni zamanda insanlarımız bilməlidirlər ki, himnimiz, gerbimiz, digər atributlarımız özündə nəyi ehtiva edir? Bizim tarixi ərazilərimizin sərhədləri, hazırkı gənc dövlətimizin sərhədləri hansı hüdudlar daxilindədir? Tarix boyu qazandıqlarımız, itirdiklərimiz nələrdir? Yeri gəlmişkən, itirə-itirə gəlməyimizin əsl səbəbləri elə bu dövlətçilik elementlərinə, ümumən dövlətçiliyik məfhumuna laqeyd münasibətimiz, onları qədərincə qiymətləndirə bilməməyimiz olmayıbmı?!..
Bu məzmunlu yazıları silsilə şəklində yazmaq və onların sosial şəbəkələrdə paylaşılması vasitəsilə bu tipli problemlərimizi geniş ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, onu hər bir evə, hər bir ailəyə qədər aparmalıyıq. Nəticədə problemin ictimai əhəmiyyəti onun cəmiyyətdə yaradacağı rezonansla ekvivalentlik təşkil edəcək. Öz ölkəsinin layiqli vətəndaşı olmaq istəyən hər bir şəxs bu dövlət atributlarımızı təkcə öyrənməklə kifayətlənməyəcək, həmçinin onun ən aktiv təbliğatçısına çevriləcək. Dövlət rəmzlərimizin layiq olduğu, haqq etdiyi ucalığın ictimai fikirdə daim qalmasında müstəsna rol oynaya biləriksə, bu bizdən ötrü çox qürurverici bir yaşantı xarakteri daşımış olar. Çünki şübhə etmirik ki, dövlətçilik elementlərini daim diqqət mərkəzində saxlayacaq ictimai fikir sahiblərinin yetişməsi öz dövlətini sevib-qorumağı özünün ən müqəddəs borcu hesab edənlərin boy sırasını və çəkisini dəfələrlə artırmış olacaqdır.  
Sirr deyil ki, Azərbaycan gənc demokratik dövlət kimi müasir dünya idarəçiliyi formalarını mənimsəməkdə davam edir. Ancaq bununla paralel olaraq daxili siyasətdə də özümüzün aparıcı istiqamətlərimizi müəyyənləşdirməliyik ki, ölkəmizin bütün dövlətçilik resursları, dövlət-vətəndaş vəhdəti - onurğa sütunu getdikcə daha da möhkəmlənmiş olsun. Bunun üçün ilk növbədə dövlətçilik elementlərinin - bayraq, ordu, gerb, himn, dövlət idarəçiliyinin üstqurumları və digər dövlət rəmzlərimizin gələcəyimiz olan gənc nəslə hər hansı vasitə ilə mənimsədilməsinə nail olmalıyıq.
 
                İntellektual gənclik - ölkə siyasətinin prioriteti
Uşaq və gənclərin vətənpərvər ruhda tərbiyə olunması və ümumən mənəvi inkişafı hər bir ölkənin, cəmiyyətin, xalqın inkişaf göstəricisi sayılır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır. Bu kontekstdə mühüm tədbirlər görülür. Görülən işlər bunu deməyə əsas verir ki, bu sahə ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğılar dövlətin əsas siyasi xətti kontekstində özünə yer edib.
Bəs gənclik ölkəmizin dünyada tanınması yolunda hansı vətənpərvərlik nümunələri ilə yaddaşlarda qalır? Hazırda birmənalı şəkildə qeyd etmək mümkündür ki, Azərbaycan gəncləri ölkəmizin və xalqımızın dünya boyu təbliği baxımından çox əhəmiyyətli bir təsir vasitəsinə çevrilib. Hələ 2007-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzalanmışdı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər reallaşdırıldı. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə fərqlənməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Lakin ölkəmizin qısa zaman kəsiyində surətlə inkişaf etməsi, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zərurətə çevirdi. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə  Azərbaycan gənclərinin İnkişaf Strategiyası” adlı xüsusi sənəd dövlət başçısı tərəfindən təsdiqləndi.
              Mükəmməl təfəkkür – uğurlu gələcək
Bütün xalqlar özünün kiçiyi bilsə də belə, əslində gənclikdən, gənc nəsildən asılı bir durumda yollarını davam etdirirlər. Çünki həyat o gənclərin hesabına davam edir. Millətlər o gələcəyin çiynində yaşayırlar. Həm də hansı gələcəyin? Təbii, o gələcəyin ki - millətin perspektivləri onun təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlı ola bilsin. Milli, dini, elmi duyğulara köklənmiş, bayrağını, torpağını, millətini, Vətənini sevən bir gəncliyə sahib ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əllərindən gələni əsirgəməməlidirlər.
İndi müasir gəncliyin müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi – bu yolla bütün dünyaya çıxış imkanları əldə etməsi, gənclər arasında sahibkarlıq ideyalarının təşviqi, onların elmə həvəsləndirilməsi və s. bu kimi hədəflər və fəaliyyət istiqamətləri dövlətin strategiyasında da öz əksini tapıb.
Bir sözlə, hazırda gənc nəslin milli şüurunun inkişafı və onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi üçün müvafiq şərait vardır. Ən azı hansısa xarici ideologiyanın təsirinə düşmədən Vətənimizə, xalqımıza əbədi səmərə verə biləcək bu əvəzsiz hissləri hamılıqla başa düşməli, yaşatmalı, gələcək nəsillərə ötürməli, yazının əvvəlində qeyd etdiyimiz qarşılıqlı məsuliyyətimizi dərk etməli və həvəslə yerinə yetirməliyik. Vətən, xalq sevgisinin bundan böyük nümunəsi ola bilərmi?
Elza Məmiyevaшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024