Təhsil (13-03-2018, 18:48)
BSU-da Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsinə həsr edilmiş beynəlxalq tədbir keçirilib
Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı beynəlxalq tədbir keçirilib. Tədbirdə Avstriya, Macarıstan, Türkmənistan, Serbiya, Xorvatiya, Misir, Yunanıstan, Litva, Niderland, Fələstin, Ruminiya, İsveç , ABŞ, Rusiya, Norveç, Polşa,Yaponiya və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqı, Avropa Şurası rəsmiləri iştirak ediblər. Qonaqlar əvvəlcə BSU-nun foyesində bayram ab-havasına uyğun zurna, balabanla qarşılanıblar, “Arzu” rəqs ansamblının hazırladığı rəqslərə və tələbələrin ifasında səsləndirilən şeir və mahnılardan ibarət konsertə tamaşa ediblər.
Sonra foyedə təşkil olunmuş Yel çərşənbəsi və Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə bir-birindən rəngarəng bayram xonçaları qonaqlara təqdim olunub. Novruzun simvollarından olan Kosa və Bahar qızı tədbirin ovqatına maraq qatıb.
Sonra tədbir rəsmi hissə ilə davam edib.
Rəsmi hissəni giriş sözü ilə açan Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin 25 illik tarixindən danışıb. O, ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb. R.Novruzov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstan Respublikasının ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Professor Bakı Slavyan Universitetinin hər iki ölkə arasında qurulan humanitar əlaqələrdə mühüm rola malik olduğunu deyib, o cümlədən Bolqarıstanın qabaqcıl ali təhsil müəssisələri ilə BSU-nun əməkdaşlığından söz açıb. Bolqarıstanın birinci vitse-prezidentləri M.Popova, İ.Yotovanın BSU-da olmalarından və BSU nümayəndələrinin Bolqarıstan səfərindən danışan Rafiq Novruzov BSU-nun bugünki tədbirə ev sahibliyi etməsindən qürur hissi duyduğunu dilə gətirib.
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakievqonaqları salamlayıb, ölkələrimiz arasındakı münasibətlərin tarixindən və bugünkü real vəziyyətdən danışıb. Bolqarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə qarşısına qoyduğu prioritetləri sadalayan Y.Yanakiev həmçinin, BSU və Bolqarıstan arasında mövcud əməkdaşlıqdan söz açıb. Avropanın bu gün daha çox sabitliyə ehtiyacı olduğunu vurğulayan Y. Yanakiev deyib ki, birlik ümumi məqsədlərə çatmağın açarıdır və bu şüar Bolqarıstanın sədrliyi dövründə üzv dövlətlər arasında birliyi qoruyub saxlamağa çalışacağı mesajını verir: "Bolqarıstan sədrliyi dövründə gənclərin üzləşdiyi problemlərin həlli, ətraf mühit təhlükəsizliyi ilə bağlı istiqamətdə işlər aparacaq. Sədrliyimiz dövründə diqqətimiz iqtisadi artım, sosial birlik və gənclərin inkişafı məsələsinə köklənəcək", - deyə o bildirib. Y.Yanakiev deyib ki, enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söz gedə bilməz: "Avropanın qaz təchizatı baxımından Cənub Qaz dəhlizi layihəsinin əhəmiyyəti var və bu layihənin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir".
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas bu il ərzində Avropa İttifaqı nümayəndəliyinin rəhbərliyi altında Azərbaycanla bir çox sazişlərin imzalanacağını qeyd edib və bu ilin əlaqələrin inkişafında çox imkan yaradacağına ümidvar olduğunu dilə gətirib: "Azərbaycanın Avropanın alternativ enerji ilə təmin edilməsində böyük rolu var və bu da Avropa - Azərbaycan arasında əlaqələrin inkişafına yardım edir. Bu il Avropa İttifaqının Azərbaycanda. fəaliyyətə başlamasının 10 illiyidir. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr formalaşdırmağa çalışırıq".
Bolqarıstan Respublikasının Avropa Birliyi Şurasına ilk 6 ay ərzində sədr seçilməsi münasibətilə təbriklərini çatdıran səfir deyib ki, Bolqarıstanın sədr kimi nəzərdə tutduğu prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir: " Bu sahədə müəyyən problemlər olsa da onları həll etməklə gələcəyə daha inamla addımlayırıq. Düşünürəm ki, Bolqarıstan bu 6 ay ərzində böyük işlər görəcək".
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov və Milli Məclisin deputatı Rauf Əliyevin çıxışları dinlənilib. Bolqarıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqdan söz açan N.Məmmədov deyib ki, Azərbaycan və Bolqarıstan arasında bu sahədə ticarət dövriyyəsi 35 milyon təşkil edir və iki ölkə arsında əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması ilə bağlı danışıqlar aparılır. Çıxışçılar Bolqarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə Dağlıq Qarabağ məsələsinin ədalətli həllini tapacağına ümid etdiyini dilə gətiriblər.
Tədbir çərçivəsində son iki il ərzində Bolqarıstan nümayəndələrinin BSU-ya gəlişini dair video görüntülər nümayiş olunub, Azərbaycan-Bolqarıstan mədəniyyətini əks etdirən slayd təqdim edilib.