Təhsil (19-12-2022, 13:11)
Mir Cəlal məktəbinin layiqli yetirməsi
O, Mirzəbəyli kənd məktəbinin ən görkəmli məzunu idi.1932-ci ilin bu günü – dekabrın 16-da Qəbələnin təbiət və relyefcə ən gözəl ünvanlarından olan Qəmərvan kəndində dünyaya gəlmişdi. Yəni bu gün onun 90 yaşı tamam olur. Səbəbini dəqiq bilməsəm də, onu bilirəm ki, Xalid Əlimirzəyev səkkizillik təhsilini Mirzəbəyli kəndində almışdı. Rəhmətlik əmimlə bir sinifdə oxumuşdu və deyilənə görə, müəllimlər məsuliyyətinə və savadına bələd olduqlarına görə ondan çox vaxt dərs soruşmurlarmış. Ancaq həyat Mirzəbəyli müəllimləri kimi deyil. Həyat ondan çox şey şoruşmuş və çox dəqiq cavablar almışdı. Ağır avtomobil qəzasına düşməsini və həyat yoldaşını tez itirməsini nəzərdə tutmuram. Bəri başdan deyim ki, bu yazıda həmin sual-cavablar haqqında heç nə olmayacaq.
Bir də onu bilirəm ki, milli kitabxanamızın kartotekasında adına ən çox rast gəldiyimiz Qəbələ ziyalılarından biri professor Xalid Əlimirzəyev, digəri isə onun əmisi, professor Xəlil Əlimirzəyevdir. Yadımdadır, 1991-ci ildə “Azərbaycanın milli bayramları” mövzusunda qəzet materialı hazırlayarkən AMEA-nın Əlyazmalar İnstitutunda müxtəlif mənbələrə baxmışdım. O zaman həmin institutun direktoru rəhmətlik Cahangir Qəhrəmanov idi. Baş redaktorumuz Nahid Hacızadə Cahangir müəllimə zəng eləmişdi ki, mənim oxucu biletim olmadan fonddan istifadə etməyimə icazə versin. Cahangir müəllim mənim Qəbələdən, üstəlik, Mirzəbəylidən olduğumu biləndə demişdi: Əlimirzəyevlər sizin kəndi kürreyi-ərzdə məşhurlaşdırıblar. Əlavə edim ki, kəndimizin kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Əşrəf Əlimirzəyev də Xalid müəllimin əmisi idi.İş elə gətirdi ki, kəndimizi “kürreyi-ərzdə məşhurlaşdıran”lardan biri – Xalid Əlimirzəyevdən də bir dəfə Azərbaycan radiosu üçün müsahibə götürməli oldum. Belə ki, ölkəyə Xalq Cəbhəsinin rəhbərlik etdiyi illərdə bəzi anarxistlər Qəbələdəki udilərin xaçpərəst olduqlarına görə onların da ölkədən qovulması ideyasını ortaya atmışdılar. Vəziyyət gərgin idi. Həmin kortəbii qüvvələrin qarşısına çıxa biləcək, həm də udilərin kim olduğunu əli zopalı adamlara dəqiq-dürüst izah edə biləcək ziyalı məhz Xalid müəllim idi (O vaxt artıq Xəlil müəllim vəfat etmişdi – İ.M.). Xalid müəllim qanıb-qandırmayanların qarşısına çıxdı və udilərin işğalçı ermənilərlə heç bir əlaqəsi olmadığını səbr və təmkinlə izah etdi. Başa düşənlər başa düşməyənləri də həmin yoldan çəkindirdilər.
Qəbələdə günahsız insanların qanının tökülməsinin qarşısı alınandan sonra baş redaktorumuz Heydər Zeynaloğlu təklif etdi ki, həmin lokal münaqişə ocağının söndürülməsinə nail olmuş professorla söhbəti lentə alaq. Xalid müəllim həmin illərdə Təhsil nazirinin birinci müavini vəzifəsində işləyirdi və mən onunla söhbətimizi efirə verəndə demişdim ki, bu gün Təhsil nazirinin üç müavinindən ikisi qəbələlidir. Belə ki, nazirin digər müavini Ədalət Tahirzadə də qəbələli idi.
Xalid müəllimlə bir dəfə də Teleşirkətdə görüşmüşdüm. Məmməd İsmayıl şirkət sədri olanda belə bir qayda qoymuşdu ki, hər gün şöbə müdirlərindən biri gecə saat 23-ə qədər sədrin qəbul otağında növbətçi qalmalı idi. Çünki həmin illər teleşirkətin qapısı hamının üzünə açıq olduğuna görə, gecə də bəzi müəlliflər və ya şikayətçilər sədrin yanına gəlirdilər. Mənim növbətçiliyimdə Xalid müəllim də sədrlə görüşməyə gəldi. Məmməd İsmayıl Ali Sovetdə tədbirdə olduğuna görə professor gözləməli oldu və biz təxminən, 40-45 dəqiqə söhbət etdik. Onda mənim 35 yaşım var idi. Mən məhz həmin gün 35 yaşımda ilk dəfə idi ki, həqiqi ziyalının təfəkkürü ilə üz-üzə idim. O, təkcə ədəbiyyatdan deyil, Rusiyanın Qafqaza münasibətindən, Xalq Cümhuriyyətimizin tarixindən, müəllimi Mir Cəlaldan, Azərbaycan təhsilinin problemlərindən... danışırdı. Həm də ona görə həvəslə danışırdı ki, mən ona diqqətlə qulaq asırdım. Allah rəhmət eləsin.
... Alim, yazıçı və ya digər tanınmış simalar haqqında qələmə aldığım yazılarda ensiklopediya və ya vikipediya materiallarından istifadə etməkdən çoxdan, həm də birdəfəlik imtina etmişdim. Ancaq indi hiss edirəm ki, həmin mənbələrə də müraciət etmək lazımdır. Müraciət etdim və bildim ki, Xalid Əlimirzəyev 1964-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. İki ildən sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki idi. 1992-1993-cü illərdə Təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. “Məhəbbət yaşadır” pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət “Bələdçi” kitabı çapdan çıxıb.
Həmkarlarımızdan biri Mir Cəlal Paşayev haqqında qələmə aldığı yazıda qeyd etmişdi ki, Xalid Əlimirzəyev Mir Cəlalın ən layiqli davamçısıdır. Başqa bir həmkarımız – İlham Abbasov isə əlavə etmişdi ki, bu gün Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışanların bəlkə də hamısı Mir Cəlal Paşayevin davamçısıdır. Sadəcə, Xalid Əlimirzəyev, Təhsin Mütəllibov və Cəlal Abdullayev həmin davamçıların ön sırasındadırlar.
Doxsan yaşın mübarək, professor! Dərslərində iştirak etmiş ziyalılar deyirlər ki, sən gəncləri təkcə savadlı deyil, həm də, gözaçıq və zirək kimi görmək istəyirdin. Bu gün həmin savadlı, gözaçıq və zirək gənclərimiz XXI əsrin müharibəsinə imza ataraq, sənin cani-dildən sevdiyin Vətənimizi bütün dünyada tanıdıblar.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024