Sosial (30-01-2014, 20:32)
Məşhur cibgir qadından ŞOK açıqlamalar
Onun haqqında hələ o xaraba qalmış Bayıl türməsində Salyandan olan cibgir Pərvizdən eşitmişdim. Pərviz həm də deyirdi ki, cibgirlik kriminal aləmdə ən gözəl sənətdir. Adamdan xüsusi istedad tələb edir. Gərək o qədər həssas olasan ki, qarşındakı “ovu” oxuya biləsən. Bir də deyirdi ki, barmaqların gərək ürək kimi döyünə, çırpına bilə ki, hər şeyi hiss edə bilsin. Onun danışıqları doğurdan da maraqlı idi. Dediyinə görə, özü də “təmiz işləyib”, heç zaman bu işdə ilişməyib. Tutulmağı isə dava-dalaş üstə olub.
Cibgirlərin anası
Mövzudan yayınmayım. Pərviz cibgirlikdən söz düşəndə Qızılbarmaq Fatimədən, Klaradan tutmuş üzü bəri bütün məşhur cibgirləri yada salırdı və hər biri haqda da eşitdiklərini, bildiklərini, müşahidə etdiklərini maraqla danışırdı:
“Sən adamı elə danışdırısan ki… Allah üzümüzə baxıb, işverən-zad deyilsən, yoxsa adama “praklatka” hazırlardın”,- deyib zarafat edirdi. Mən isə “sizi əbədiləşdirəcəyəm”,- deyib zarafata yarı-zarafat, yarı-ciddi reaksiya verərdim.
Məsmə (ad şərtidir) haqda isə xüsusi canfəşanlıqla söhbət edərdi: “Zalatoy qadındır. Sumqayıta yaşasa da, Bakıda “işləyir”. Cibgirlərin anasıdı. Namuslu və savadlı qadındı. Ağbirçəkdi, qan bağlamağa aparsan, sözü yerə düşməz. Di gəl, bu yolun yolçusudur. Bir-iki dəfə onunla da “naparnik” olmuşam”, – deyərdi.
Söz ağızdan çıxıb…
Cibgir Məsməni Pərviz azadlığa çıxdığı bu günlərdə bir də xatırladıq. Onunla söhbət etmək istədiyimi dedim.Yadına saldım ki, “volyada” görüşdürəcəyinə söz vermişdin.
“Çalışaram tapım, söz ağızdan çıxıb”,- dedi. Onu da deyim ki, Pərviz özünün dediyi kimi, içəridən “ağıllanıb” çıxıb. Namaz qılır, dini kitablar oxuyur, işə düzəlib. Zarafat deyil, düz 9 il içəridə olub.
“Ora yer deyil, qayıtmaram daha”,- əminliyinin ardınca da,- “doğrudur, heç kəs ordan sığortalanmayıb, amma kişi gərək ailəsinin yanında ola həm də. Əziyyət çəkən qardaşlara da can sağlığı arzulayıram”,- deyir.
Qızıl qadınla görüş
Pərviz sözünün üstündə durdu. İki gündən sonra zəng edib, dedi ki, bazar günü Məsmə Bakıda olacaq, günün ikinci yarısı “20 yanvar”da görüşərik. “Ləvəngi” restoranının sakit otaqlarından birində oturub çay sifariş verdik. Pərvizin işi olduğuna görə, bir neçə dəqiqədən sonra salyanlı ləhcəsi ilə bizimlə xudahafizləşdi:
- Mamaşa, həmişə adımız pis əməllərdə hallanıb. İndi, qardaşımız yazır dənə, tarixə düşəcəysən dənə, aduvu yazmayacaq, şəklini də çəkməyəcək, narahat olma,- deyib, kabinetdən çıxdı.
Məsmə arvad ağbəniz, yaraşıqlı, yaşı 70-i arxada qoyan bir qadındır. Başında qara rəngli örpəyi, alnında qıldığı namazın möhürünün yeri var. Əlləri ağ, barmaqları uzundur. Bir sözlə, nağıllardakı ipək nənələrdəndir. Bir qədər ordan-burdan söhbət etdikdən sonra, əsas mövzuya keçiriəm.
Yambızımla “qovurğa dağıdırdım”
- Məsmə xanım, nə vaxt hiss etdin ki, səndə bu istedad var?
- Qabaqcadan deyim ki, mən artıq o işlərdən uzağam. Dünyanın çox üzünü görmüşəm, indi qayıtmışam doğru yola. Nənəyəm, nəvələrim var. Onlarla başımı qatıram. Bu işə isə məni istəkli olduğum oğlan təhrik eləmişdi. Oxumuş qız idim. 8-ci sinfi bitiribTexnikomda oxuyurdum.
Yeniyetmə olsam da, yeriyəndə yambızımla “qovurğa dağıdırdım”. O qədər yaraşıqlı idim ki, avtobus şoferləri dalımca boylana-boylana qalıb, maşınla az qalırdılar “avariya” edələr. İstəyənlərim də çox idi. Mən isə birinə vurulmuşdum. O vurğun vurmuş da məni xoş arzularımdan elədi.
Qonşu məhlənin cayıllarından idi. Boylu-buxunlu, yaraşıqlı gənclə anamdan, rəfiqələrimdən gizlin görüşərdik. Səliqəli geyinərdi. Danışığındakı “qədeş” sözlər də ürəyimcə idi. Harda işlədiyini soruşmuşdum. Demişdi ki, Bakıda avtobuslarda, tramvaylarda sərnişinlərə nəzarət, diqqət edirəm. Vurulmuşdum ona. Ona hamı, xüsusi ilə gənclər hörmət edirdilər.
Mənə deyirdi “yan ver”
- Dedin ki, səni o təhrik edib. Elə dedi ki, gəl cibgirlik elə?
- Yox, bir ara yoxa çıxdı. Sən demə, tutublar, sonra işini düzüb–qoşub, çıxıb azadlığa. Gəldi yanıma. Dedi, sən yaxşı qızsan, mənə baş qoşma. Əl çəkmədim, fikirləşdim başqa istədiyi var. Yəqin mənimlə görüşdü, doydu, indi də onunla ailə qurar. Mənim ona bu qədər bağlı olmağımdan bir az da qayğılandı.
Sonra hər şeyi açıb mənə danışdı. İnan, ona o qədər bağlanmışdım ki, dedim eybi yoxdur, qəbulumsan, ailə quraq, işə düzələrsən. İşə düzəldi də. Amma o zavodda işləyə bilmədi. Yenidən cibgirlik edirdi. Məni də özü ilə aparırdı. Mənə deyirdi ki, sən “yan ver”, mən də verirdim.
- “Yan ver” deyəndə nəyi nəzərdə tuturdu? Nə deməkdir, bu?
- “Yan vermək” cibgirlikdə əsas işlərdəndir. Demək, kimi ki, marıtladın, bildin ki, bunun pulu var, yaxud qadındır, çantasında portmanatı, qır-qızılı var, yaxınlaşırdım ona, elə edirdim ki, basabasda həmin adamın diqqəti özündən yayınsın, əlbirimin görəcəyi iş uğurla nəticələnsin. İş ki başa çatdı, dayanacaqda düşürdü. Mən isə bir–iki dayanacaq sonra düşərdim. Sonra şəhərin tamam başqa istiqamətlərinə gedən trolleybusa, tramvaya, avtobusa minərdik.
Sinəm dimdik, elə bil tapança lüləsi
- Demək, sənin ilk işin “yan vermək” olub?
- Hə. Bizim kişilər ağzı ayrıq olur axı… Mən də əndamlı qız uşağı. Sinəm dimdik, elə bil tapança lüləsi, söykəyirdim basabasada çiyinlərinə, xoşhallanırdılar. Əməliyyat təxminən 15-20 saniyə çəkirdi.
Gülümsəyirdim, üzr istəyirdim: “Bağışlayın, basabasdır, sizə toxundun”. “Heç eybi yoxdur”,- deyirdilər, şorgöz avaralar.
Mən gül idim, özümü ona qoxlatdım
- Bəs oğlan sevdiyi qızı bu işə niyə təhrik edirdi?
- O, məni sevmirmiş. Ondan ayrılandan çox sonra bildim bunu. Məhlə uşaqları ilə mərc gəlib ki, o qızla tanış olaram. Və bu mərcin də zibilinə mən düşdüm. Mən gül idim, özümü ona qoxlatdım. O, məni qorusa da, mənim ürəyimcə olsa da, məni bu işində özünün ən layiqli davamçısı kimi yetişdirdi. Məni şirnikləndirirdi. Artıq özümə maraqlı gəlirdi bu sənət. İnsanlar “lox”landıqca, mən özümü qalib kimi görürdüm. Sonra mənə dedi ki, sən də başla cibgirliyə. Əvvəlcə qorxdum. Sonra razılaşdım və bu işə də alışdım.
- Elə ilk işin uğurlu oldu?
- Hə, uğurlu oldu. Amma mən çox ləng işləyirdim. O, işarə ilə mənə cibinə girəcəyim adamı göstərirdi. Özü “yan verirdi”, həmin adamı söhbətə tuturdu, təzə verilən kinolardan danışırdı və sair. Mən isə onun başını qatdığı adamın ciblərini “təmizləyirdim”.
Sən o oğlanın cibindən pulunu çəkdin
- Heç dolaşmadın? Əlin tirəmədi?
- Əvvəllər narahat idim. Bir-iki əməliyyatdan sonra həyəcan keçdi getdi. Bir dəfə Papanin tərəfdə 6 nömrəli tramvayda bir oğlanın cibindən pulunu çıxarakən yanımızdakı kişi əlimi tutdu, hay saldı ki, bu qız cibgirdi, bu oğlanın cibindən pulunu çıxartdı. Hay-küy düşdü: “Milisi çağırın!” - dedilər. Həmin oğlan üzümə baxdı, hay-küy salan kişiyə baxdı və dedi ki, ayıb olsun sənə, bu qız heç cibgirə oxşayır? Məndə o qədər pul nə gəzir? Qıza niyə şər atırsan?
Hamı məəttəl qaldı. Mənim istəklim də kişini saldı şillə-qapazın altına ki, nişanlıma niyə şər atırsan. O da and-aman elədi ki, gözlərimlə gördüm. Amma axırda məndən üzr istədi, “bağışla, qızım,- dedi,- mən elə bildim ki, sən o oğlanın cibindən pulunu çəkdin”.
Elə ağlayırdım ki… Beləcə, düz bir-iki ay, o “yan verdi”, mən isə kişilərin cibindən, qadınların çantasından pul çəkdim. Hər əməliyyatdan sonra elə sevinirdim ki, guya kosmosa uşub qayıtmışam.
- Demək, bacarıqlıymışsan.
- Bacarıqlı olmağıma söz yoxdu. Amma sən demə, o namərd məni aldadırmış.
- Yəni sonda səninlə ailə qurmadı ki?
- Yox, ailə söhbəti deyil. Bir dəfə bir nəfərin cibindən xeyli pul çəkdim. Dedi, bu günlük bəsdi. Qayıtdıq Sumqayıta. Mənə dedi, sənə sürprizim var. Gəldim evə, dediyi vaxtda bəzənib-düzənib görüş yerinə getdim. Məni taksiyə otuzdurub dəniz qırağındakı restorana gətirdi.
“Dostlarımla səni tanış edəcəm”,- dedi. Bax sən özün yazıçısan, ağlını işlət, səncə, dostları kim olsa yaxşıdı?
- Nə bilim, yəqin ki, cinayətkar aləmin adamları, ya da qonum–qonşu…
- Orası elədi, cinayətkar aləmin adamları idilər. Amma baxıb gördüm ki, bu adamların hamısı mənim ciblərinə, çantalarına girdiyim kişilər, qadınlardır. Sən demə, bunlar məni “praktikaya” çıxarıblar. Öz ciblərinə girirmişəm ki, məşq edim, vərdiş edim, təcrübə toplayım, alışım bu işə. Bunlar məni tərifləyir, bu aləmə xoş gəlmisən deyirdilər, mən isə aldandığıma görə onu bağışlamadım, çıxdım ordan.
- Amma, yenidən onunla birləşdin.
- Yox, nifrət elədim ona. Bir neçə ay texnikoma, ordan da evə. Evdən bayıra belə çıxmırdım, xəbər göndərirdi, işıqpulu yığan adı ilə evimizə gəlirdi, sayğaca baxırdı, nəsə mızıldayırdı, mən isə yaxın gəlmirdim. Təxminən 6 aydan sonra mənə başqası elçi düşdü. Ailə qurdum. Bir qızım oldu. Ərim zavodda tokar işləyirdi. Düzü, arada ürəyim onu görmək istəyirdi, amma özümə söz vermişdim deyə, ailəmə sədaqətlə bağlı oldum.
- Ancaq yenə də sən cinayətkar aləmin sevimlisi, başbiləni, ağbirçəyi oldun. Necə oldu yenidən qayıtdın bu aləmə?
- Mənim bütün uğursuzluğumda, səhvlərimdə kişilərin birbaşa rolu olub. Mən kitabxanaçı idim, ərim də zavodda işləyirdi. Maaşım az olsa da, kişi pis maaş almırdı. Amma ehtiyacımız vardı. Zavoddan bir otaqlı ev də almışdıq. Ərimin maaş aldığı bir gün zavodun qarşısında onu gözləyirdim. Evə mebel alacaqdıq.
Zavoddan iş yoldaşları ilə bir çıxdı. Avtobusa mindik. Mənə yavaşca dedi ki, mebel alsaq, növbəti maaşa qədər pulumuz çatmayacaq dolanmağa. Sonra da yanımızdakı iş yoldaşından 100 manat borc istədi. Onun iş yoldaşı mənə baxıb irişdi, “varım, vermirəm”,- dedi. Çox pis gəldi mənə bu. Həm də əclaf oğraşlıq edirdi, avtobus tərpəndikcə özünü mənə sürtürdü. Yoldaşım pərt halda çölə baxırdı. Murdar adam bu hərəkəti ilə yoldaşımı aşağılayırdı.
Gözlərimlə onun ciblərini “şmon” elədim. Pulun hansı cibdə olmasının əminliyindən sonra, növbəti “sürtüşmədə” onun cibini boşaltdım. Növbəti dayanacaqda ərimlə düşüb mebel dükanına tərəf getik. Ərim bir qədər arxada qalıb siqaretini yandırdı. Kibritin yanan çöpünü ovcunun arasında siqaretə tərəf aparıb, dərin bir qullab vurdu və birdən yerindəcə mıxlanıb qaldı. Ayaqlarının düz qarşısında bir dəstə pul vardı.
Əyilib götürdü. Saydı, düz 540 manat idi. Mən bilərəkdən onun yolunun üstünə yüz manat az atmışdım ki, birdən tapdığı pulun miqdarını iş yerində desə, o əclafın “itirdiyi” pulla eyni olmasın. Dedim, bu Allahın bizə töhfəsidir. Mebelimizi alıb evə qayıtdıq.
İşdən sonra “işə” çıxmaq
- Və düşdünüz bu yolun axarına.
- Hə. Tutulana qədər ərim bilmədi ki, mən cibgirəm. “İşlədiyim” pulları elə çatdırırdım ki, guya alver edib qazanıram. Kitabxanada işləyirdim, əsasən işdən sonra “işə çıxırdım”.
- Necə oldu ki, ələ keçdin?
- Məni ələ verən oldu. Köhnələr duyuq düşmüşdü. Məni dəvət edirdilər ki, bir işləyək, razı olmurdum, imanımı yandıra bilmərəm, amma mənə elə gəlir ki, məni onlar ələ verdi.
Bir gün ilk sevgilimin cibinə “girdim”
- Heç ilk sevgilinizlə, müəlliminizlə görüşmədiz sonra?
- Niyə, Sumqayıt balaca şəhərdi, rastlaşırdıq arada. Salamsız-kalamsız ötüşürdük. Bir dəfə onun cibinə girdim. Şəhərdə “Baksovet” metrosunun yanından “qarmoşka” 39 nömrəli avtobus işləyirdi. Yasamala tərəf. Daim sıxlıq olurdu. Avtobus sürücüləri ilə əlbir idik. Görürdün birdən əyləci basdı hamı girdi bir-birinə.
Həmin adamı elə belə vəziyyətdə gördüm avtobusda, səliqə ilə “işləyirdi”. Yaxınlaşdım, məni görmürdü. Ehmalca işə başladım. Qaz kimi ayıq, tülkü kimi bic idi. Ciblərində əli hiss edən kimi sakitcə “Cvoy” dedi. Bu o deməkdir ki, mən hiss edirəm, amma sizlərdənəm, cibgirəm. Bu qanundur, mən əlimi çəkməliydim. Çəkməsəm belə, o da hay-küy salmamalı idi, şərait yaratmalı idi ki, mən tutulmayım. Beləcə, mən ondan heç nə götürmədim. Yavaşca mənə tərəf döndü, gülümsədi. Pıçıltı ilə: “Hələ çox öyrənməlisən dedi…”
O, çox yaxşı kişi idi…
Məsmə xanımla iki çaydan çayı isti-isti söhbətlərimizlə soyutduq. Hə, qoy bunu da deyim, həyat yoldaşı o türmədə olanda onu tək qoymayıb, yanına gəlib-gedib. Qızını böyüdüb. Məsmə azadlığa çıxdıqdan sonra Rusiyaya gedib və qayıtmayıb… Ərindən bəhs edərkən dedi:
- O, çox yaxşı kişi idi…