Sosial (23-02-2014, 11:07)
Ukrayna mayın 25-nə prezident seçkiləri təyin etdi
Spiker: “Yanukoviç telefon söhbətində istefa verməyə razılaşsa da, sonradan sözündən qaçdı”
Ukrayna Ali Radası “Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında” qərar qəbul edib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, qərarın lehinə 328 deputat səs verib.
Qərara əsasən, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidenti Viktor Yanukoviç “112 Ukraina” telekanalına müsahibəsində ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib: “İstefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər”.
Ali Radanın sədri Aleksandr Turçinov iclasda bildirib ki, saat 14:00 radələrində Viktor Yanukoviçlə telefon əlaqəsi qurulub: “Bir neçə deputatın müşahidəsi altında Arseni Yatsenyuk ona istefa verməyi təklif etdi. O razılaşdı. Lakin sonradan, görünür, başqa adamlarla məsləhətləşərək sözündən qaçdı. Onun mətbuat xidməti isə məlum videoçarxı yaydı”.
Qeyd edək ki, Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Frank-Valter Ştaynmayer, Erik Furnye və Radoslav Sikorski hazırda Ukrayna parlamentinin binasındadır.