Sosial / Karusel (16-05-2014, 20:24)
Bakıda generalın mülkünü darmadağın etdilər
“Mayın 15-də saat 17 radələrində mənim Novxanıdakı bağ evimə 10-dan çox polis əməkdaşı və daha 5-6 nəfər müki geyimli şəxs gələrək özləri ilə gətirdikləri buldozerlə hazırda tikilməkdə olan evimi dağıtmağa başladılar.
Mənim həmin adamlardan sənədlərini göstərmək və evi nəyə görə sökdüklərinə izahat vermək tələblərimə heç kəs cavab və reaksiya belə vermədi. Onlara ünvanladığım digər suala - “sizin bu söküntünü aparmaq üçün əlinizdə hansısa məhkəmə qərarınız varmı” sualıma da cavab almadım”.
Bu sözləri “Turan” agentliyinə açıqlamasında hüquq elmləri doktoru, ədliyyə generalı Xanlar Ələkbərov deyib.
“Mən onlara dedim ki, evin tikintisi üçün lazım olan bütün texniki-arxitektur və layihə sənədlərim var. Mən həmin sənədləri martın 31-də Binəqədi Rayon İcra Hakimiyyəti aparatına təqdim etmişəm. Mən evə girib həmin sənədləri gətirənə qədər buldozerlə evin bir hissəsini uçurdular. Bu divar həm də hasar sayılırdı. Evi sökən adamlar sənədlərə baxandan sonra çıxıb getdilər. Gedəndə isə yalnız onu dedilər ki, nəsə səhv olub” - deyə general bildirib.
Xanlar Ələkbərov ona hiddətlənir ki, o, ədliyyə generalı, hüquq elmləri doktoru, professor ola-ola Azərbaycanda öz elementar hüquqlarını qoruya və hakimiyyət nümayəndələrinin bu əcaib özbaşınalığına müqavimət göstərə bilmir.
“Polislər və icra hakimiyyətinin nümayəndələri əgər bir hüquq professorunun və ədliyyə generalının mülkiyyəti olan bağ evinə belə həyasızlıqla soxulub bildiklərini edirlərsə, generalın konstitusion hüquqlarını belə kobudcasına tapdalayırlarsa, mənə qarşı belə hüdudsuz özbaşınalığa yol verirlərsə, gör sıravi vətəndaşlara necə divan tuturlar. Bəs həmin sıravi adamlar bu məmur azğınlığının qarşısında neyləsinlər?!” - deyə general hiddətlə sual edib.