Sosial / Slayd (12-12-2016, 15:14)
Kənd təsərrüfatı yarmarkası düzəlmir ki, düzəlmir:SUMQAYITDA
Antisanitariya, mənşəyi bəlli olmayan mallar, yüksək qiymət...
Mediatv.az: Kənd təsərrüfatı yarmarkaları ilə bağlı ictimai rəyin birmənalı olmaması məlumdur. Daha çox Bakı və Sumqayıt sakinlərinin ərzaq təminatı məqsədi ilə təşkil olunan bu yarmarkalardan narazılıq bir deyil, iki deyil: antisanitariya, mənşəyi məlum olmayan ərzaq məhsulları, yüksək qiymət və daha nələr. Mediada da bu mövzuda dəfələrlə yazılıb, mütəxəssislərin fikirlərinə yer verilib. Təəssüf ki, hələ də bu qüsurlar var olmaqdadır. Bu istiqamətdə xeberinfo.com-a sumqayıtlı oxucularımızdan narazılıq dolu məlumatlar daxil olub. Elə biz də bu məlumatlarla bağlı Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasında olduq...
Darısqal küçə, antisanitariya...
Sumqayıtdakı kənd təsərrüfatı yarmarkası şəhərin Koroğlu küçəsinin sağ tərəfində-11-ci və 12-ci mkr-ın arasında yerləşir. İlk diqqəti çəkən yarmarkanın darısqallığı və elə ən çox da bu səbəbdən yaranan anisanitariyadır. Şəhər sakinlərinin bildirdiklərinə görə əvvəllər bu yarmarka “avtostayanka” deyilən böyük bir ərazidə yerləşirmiş. O zaman satışa çıxarılan məhsullar da, satıcılar da, alıcılar da indiki kimi az deyilmiş. Bu isə rahatlıq və qiymət ucuzluğu ilə yanaşı, həm də nisbətən normal sanitar qaydalar demək idi. Amma son zamanlar Sumqayıt Şəhər İcra Hakimiyyəti hansısa səbələrdənsə kənd təsərrüfatı yarmarkası üçün bu darısqal küçəni uyğun bilib. Hansıki bunun acısını şəhər sakinləri yaşamaqdadır.
Mənşəyi bəlli olmayan məhsullar və yüksək qiymətlər
Kənd təsərrüfatı yarmarkaları ilə bağlı narazılıq doğuran faktorlardan biri də satılan məhsulların keyfiyyətsizliyi, başqa sözlə məşəyidir. Bu ümumi bəla haqda mütəxəssislər dəfələrlə mediada çıxış ediblər: yararsız meyvə-tərəvəzdən tutmuş, at ətinə, toyuq ətinə, kolbasalara qədər. Bir müddət əvvəl paytaxtdakı kənd təsərrüfatı yarmarkalarından birinə aran bölgələrdən ölmüş inək və at ətlərinin gətirilməsi ilə bağlı məlumatlar da yayılmışdır. O zaman Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin yarıtmaz fəaliyyəti mediada ciddi tənqid hədəfinə çevrilmişdir. Təəssüf ki, hələ də bu problemin aradan qalxmasını demək mümkün deyil.
Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasında meyvə-tərəvəzlə bağlı ciddi şübhələr olmasa da, ət və kolbasalarla bağlı vəziyyət fərqlidir. Söhbətləşdiyimiz alıcılar da ət və ət məhullarına şühbə ilə yanaşdıqlarını gizlətmidilər.
Qiymətlər də “pis deyil”: mal ətinin qiyməti 8.50-9 manat, qoyun ətinin qiyməti isə 9.50-10 manat arasında dəyişir. Toyuq və kolbasaların da qiymətləri demək olar ki, bazar qiymətlərindən fərqlənmir. Alma, nar və digər mövsümü meyvələr də bazar qiymətləri ilə eynidir. Doğrudur, nisbətən ucuz qiymətə təklif olunan məhsullar da var, amma ona məhsul demək mümkünsə... Alıcılar beləsini “atxod” adlandırırlar.
Yer pulu 3-10 manat arasında dəyişir
Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasında diqqət çəkən başqa bir məqam isə nəzarət məsələlidir. Bu məsələ təkcə Sumqayıtda deyil, paytaxda da anlaşılmaz olaraq qalmaqdadır. İcra Hakimiyyətləri ilə Kənd Təsərrüfatı Nazirliyi bu arada əməllicə çaşqınlıq yaratmaqdadır. Satıcılar kimnlə hesablaşmalı olduqlarını özləri də bilmirlər. Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasında da bu problem var. Yer pulu adı ilə satıcılardan iki günlük (Şənbə və bazar) 3-10 manat arasında pul alınır.
Belə ki, göyərti satandan 3 manat, meyvə-tərəvəz satandan 5 manat, yük maşını ilə satanlardan isə 10 manat alınır. Satıcılar deyirlər ki, heç özümüz də bilmirik ki, bu pulu kim və hansı səbəblərdən alır. Bu işdə icra hakimiyyətinin Vahid adlı bir nümayəndəsinin də adı hallanır.
Bu qədər pulun toparlanmasının qarışılığında isə yarmarka zir-ziblin içində itib batır. Satıcılar üçün ən minimal şərait belə yoxdur.
Bütün bunlardan sonra isə nə antisanitariya, nə keyfiyyətsiz məhsul satışı, nə də yüksək qiymət təəccüblü görünməməlidir.
Xeberinfo.com