Sosial (15-11-2016, 16:32)
AQRAR UNİVERSİTETİNDƏ TOLERANTLIQ GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetinnin Aqrobiznes və idarəetmə fakültəsində İctimai elmlər və multikultralizm kafedrasının əməkdaşları tərəfindən beynəlxalq tolerantlıq günü münasibətilə tədbir keçirilib.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətinin verdiyi xəbərə görə tədbiri kafedra müdiri, professor Azad Bayramov açıb və deyib ki, YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabr ayının 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyyə olunub. Professor onu da əlavə edib ki, son illər dünyada ekstremizm və zorakılığın güclənməsi baş verir. Tolerant yanaşmanın zəif olması bu mənfi tendensiyanın güclənməsinə təkan olur. Beynəlxalq Tolerantlıq günü dini inanclarda təcəssüm olunan müxtəliflilik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir. Buna görə də, tolerantlıq üzərində mövcud olacaq dözümlü cəmiyyətlərin qurulmasına çalışmaq lazımdır. O, Azərbaycan xalqının tarixən tolerant dəyərlərə malik olmasını da xüsusi vurğulayıb.
İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi S.Abdullayeva, Aqrotexnologiya fakultəsinin II kurs tələbəsi H. Rüstəmov, E. Əzizov, Aqrobiznes və İdarəetmə fakultəsinin II kurs tələbəsi S. Həsənova, Aqrar İqtisadiyyat fakultəsinin II kurs tələbəsi C. Məmmədov çıxış edərək xalqımızın tarixən tolerantlıq dəyərləri və multikulturalizm ənənələrinə malik olması haqqında iştirakçılara geniş məlumat veriblər. Qeyd ediblər ki, minillik tarixə malik olan klassik ədəbiyyatımızın hər bir nümayəndəsi tolerant dəyərləri nəinki qəbul edib, hətta onları öz dünyagörüşünə çeviriblər. Vurğulanıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətini də məhz multikulturalizm və tolerantlıq ideyalarının inkişaf istiqamətləri təşkil edir.
