Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, təkcə bu il baş tutmuş yanvar və aprel çağırışları zamanı general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri tərəfindən həqiqi hərbi xidmətə cəlb olunmuş şəxslərdən 328 nəfərində vərəm, nevrotik reaksiya və digər xəstəliklər aşkarlandığı üçün onlar Müdafiə Nazirliyi tərəfindən geri qaytarılıblar. Bu isə bir daha onu təsdiqləyir ki, başda Arzu Rəhimov olmaqla Səfərbərlik Xidmətinin bir sıra yetkili şəxsləri üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə, eləcə də hərbi çağırış sisteminin normal fəaliyyətini təşkil edə bilmirlər.
Söz yox ki, 328 çağırışçının geri qaytarılması çox ciddi məsələdir. Çünki onların hər biri ordu sıralarına cəlb olunmamışdan öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində fəaliyyət göstərən hərbi həkim komissiyaları tərəfindən müayinə olunurlar. Əgər onlar həqiqətən də tam şəkildə, lazımi qaydada müayinə olunublarsa, o zaman necə olub ki, Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində təkrar tibbi baxış zamanı çağırışçılarda vərəm, nevrotik reaksiya və digər xəstəliklər aşkarlanıb? Və nə üçün bu fakta görə də hələ də heç kim səluiyyətə cəlb olunmayıb? Hərbi Prokurorluq nədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yetkili şəxsləri barəsində müvafiq ölçü götürmür? Bəlkə Xanlar Vəliyev kimdən və ya nədənsə çəkinir?..
Heç şübhəsiz ki, 328 çağırışçıda müxtəlif ağır xəstəliklərin aşkarlanması Səfərbərlik Xidmətinin normal fəaliyyət göstərmədiyini, ciddi qanun pozuntusuna yol verildiyini sübuta yetirir. Görünən odur ki, Arzu Rəhimovun rəhbərlik etdiyi qurum ən ağır xəstəliklərdən əziyyət çəkən, hətta vərəmli çağırışçıların belə, ordu sıralarına cəlb olunmasına şərait yaradır. Diqqət yetirsəniz görərsiniz ki, 2012-ci ildən bu yana məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra yetkili şəxslərinin səhlənkarlığı ucbatından Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin sayı kəskin artıb. Çünki əsgərlərin böyük əksəriyyəti məhz ordu sıralarına xəstə halda çağırılma səbəbindən dünyalarını dəyişirlər. Deməli, belə çıxır ki, hərbi çağırışçıların Səfərbərlik Xidməti tərəfindən yoxlanılması prosesi düzgün təşkil olunmur. Biz bunu özümüzdən demirik.
Əlimizdə ötən ilin iyul ayında baş tutmuş flüoroqrafik müayinə zamanı Səfərbərlik Xidmətinin müxtəlif rayon şöbələri tərəfindən ordu sıralarına cəlb olunmuş və bir müddət sonra vərəm xəstəliyi aşkarlanmış şəxslərin siyahısı var. Həmin sıyahı ilə tanış olduqda aydın şəkildə görünür ki, Arzu Rəhimovun rəisi olduğu xidmət tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş Mahmudov Təbriz Həmid oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Şıxəliyev Samir Xudaşükür oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Əzizov Nəcməddin Cəfəddin oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Qurbanov Cəlal Akif oğlunda keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, Mehdiyev Mehman Şahin oğlunda sol ağciyərin vərəmi, Həsənov Röyal Fazil oğlunda sağ ağciyərin yuxarı payının infitrativ vərəmi, Qarayev Elvin Mehman oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Əzizov Nəcməddin Cəfəddin oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Tağıyev Ceyhun Çingiz oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Məmmədov Tural Habil oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, Bədirov Vüsal Qabil oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Mikayılov Rasimdə sağ ağciyərin yuxarı payının naməlum aktivlikli vərəm ocaqları, Qəmbərov Orxan Məhərrəm oğlunda sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, Eminov Ceyhun Emin oğlunda sağ ağciyərin yuxarı payında ocaqlı proses, Quliyev Rədxan Mirzə oğlunda sağ ağciyərin aşağı payının infiltrativ vərəmi, Zeynalov Ceyhun Malik oğlunda sağ ağciyərin aşağı payının infiltrativ vərəmi, Ağazadə Çingiz Ələsgər oğlunda sol ağciyərin yuxarı payının vərəmi, naməlum aktivlikdə, İsgəndərov Nofər Nəzər oğlunda sol diafraqmal sinusda plevra bitişməsi, Məmmədov Bayram Yaşar oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Orucov Seymur Ramiz oğlunda kobud plevral bitişmələr, Məmmədov Kərim Eldəniz oğlunda kobud plevral bitişmələr, Əliyev Sirad Bayraməli oğlunda plevral bitişmələr, Muradov Əfqan Nazim oğlunda ocaqlı vərəm, bərkimə mərhələsində, Atakişiyev Əsgər Asif oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, İsayev Bəhruz Səbuhi oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, İdrisov İlham Yusif oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, Yusifov Şahvələd Mərdan oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Tağıyev Elgün Vüqar oğlunda sol plevranın qalınlaşması, Qasımzadə Natiq Qabil oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, naməlum aktivlikdə, Əsədov Nicat Bayram oğlunda sağ ağciyərin perisissuliti, Əliyev Şamil Yadigar oğlunda eksudativ plevrit, Qurbanov Cəlal Akif oğlunda keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, Əmrəhov İbrahim Sahib oğlunda hər iki ağciyərin yuxarı payının ocaqlı vərəmi, Budaqov Anar Arif oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Məmmədov İlqar Gülağa oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Mehdiyev Fikrət Mənsur oğlunda isə sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi aşkarlanıb.
Xartırlayırsınızsa, bu yaxınlarda 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsaitin ayrıldığını bildirmişdik. Həmçinin qeyd etmişdik ki, həmin il sözügedən quruma yumşaq inventarların və yataq ləvazimatlarının satın alınması üçün 650 min manat vəsait ayrılıb. Ərzaq məhsullarının satın alınmasına isə dövlət büdcəsindən 515 min manat vəsait ayrılıb. 2013-cü ildə isə xidmətə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 100 min manat, yumşaq inventarların və yataq ləvazimatlarının satın alınması üçün 950 min manat, ərzaq məhsullarının satın alınmasına isə dövlət büdcəsindən 725 min manat (ümumilikdə 1 milyon 775 min manat) vəsait ayrılıb. Əldə etdiyimiz bilgilərə əsasən deyə bilərik ki, 2012-ci ildə «istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər», kompyuter proqramlarının yazılması, məlumat bazası, informasiya sisteminin quraşdırılması üçün 5 milyon 178 min manat xərclənib. Həmin pulların taleyi necə oldu?..
Maraqlıdır, görəsən, Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi bu işi ən mükəmməl səviyyədə görə biləcəyi halda Arzu Rəhimov nədən hansısa özəl şirkətə müraciət edib? (Bu məsələyə daha geniş şəkildə yer verəcəyik). Görünür, burda nəsə bir iş var... (Həmin işdən və əlaqədən xəbərimiz var.)
Məlumatlarda həmçinin, o da bildirilir ki, ötən il «istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər», kompyuter proqramlarının yazılması, məlumat bazası, informasiya sisteminin quraşdırılması üçün 6 milyon manat sərf olunub.
Məhz bu tip məsələlərə görə, bir müddət öncəyə qədər xidmətin maliyyə idarəsinin rəisi vəzifəsində təmsil olunan Namiq Nuriyev adıçəkilən qurumdan uzaqlaşıb. Xidmətin maliyyə idarəsinin yeni rəisi Xanlar Rüstəmov da yaman qayğılı görünür. Nədənsə o da işdən getmək barədə düşünür... Söz yox ki, «Gündəlik Bakı» qəzeti olraq biz həmin vəsaitlərin hara və necə xərclənməsilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Çünki biz daim dövlət və dövlətçilik üçün çalışır, bu istiqamətdən əlimizdən gələni əsirgəmirik. Bizim oxunaqlı, tanınmış, ictimai fikrə təsir imkanı olan mətbuat orqanı olaraq başqa amalımız, məqsədimiz yoxdur.
Səfərbərlik Xidmətinin Şəmkir rayon şöbəsinin əməkdaşı, şöbədə 4-cü bölmənin rəisi vəzifəsində çalışan mayor Aydın Namazov barəsində də ötən saylarımızın birində geniş məlumat vermişdik. Bu şəxs əvvəllər xidmətin Qəbələ rayon şöbəsinin rəisi olub və həmin illərdə sağlam gəncləri müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırıb, müxtəlif xəstəliklərdən əziyyət çəkən imkanlı şəxslərin övladlarını isə «neqodnıy» çıxarıb. Misal kimi müxtəlif yollarla xidmətdən yayındırılan çağırışçıların bir qisminin və onların yaxınlarının adlarını - Xaçaturi Ruslan Rudiki, Veziri Vladik Qriqoreviç, Kərimli Zülfüqar İlqar, Qrımov Qrım Əziz, Mikayılzadə Aydın Abdin, Nəsirov Bəhruz Asif, Ağabalazadə Asif Yaqub, Nəsrullayev Tural Aydın, Lətifli Orxan Göyərçin, Mustafazadə Əlikram İkram, Balasanov Emil Semiki, Kankalan Roman Romiki, Zarqari Viktor Semiki çəkmək olar. Bu yaxınlarda Aydın Namazovun məsələsinin Yunus Əsgərlinin rəisi olduğu Daxili Təhqiqat İdarəsi tərəfindən ciddi şəkildə araşdırıldığını deyən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən idarə Hərbi Prokurorluğun səlahiyyətlərini yerinə yetirir: «Qeyd edim ki, Hüseyn Quluyev əvvəllər xidmətin Nəsimi rayon şöbəsində rəisi əvəz edirdi. Onu sonradan Qəbələ rayon şöbəsinə rəis göndərdilər. Lakin Hüseyn Quluyevə tezliklə Nəsimi rayonuna qayıdacağına dair söz verilmişdi. Bu baş tutmadıqda o, narazılıq etməyə başladı. Nə üçün narazılıq etdiyini isə artıq çoxları, eləcə də Səfərbərlik Xidmətinin yetkili şəxsləri yaxşı bilirlər. «003» də buna şahiddir...» Bu haqda daha geniş növbəti sayımızda.
Xidmətin Şəmkir rayon şöbəsinin əməkdaşı, şöbədə 4-cü bölmənin rəisi vəzifəsində çalışan mayor Aydın Namazovun da Qəbələdən Şəmkir rayonuna göndərilməsinə narazılıq etdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, onun bir sıra əməlləri ifşa olunduqdan sonra işi Hərbi Prokurorluğa verildi: «Artıq sizin də bildiyiniz kimi, Aydın Namazov Qəbələ rayon şöbəsinin rəisi vəzifəsində çalışdığı dönəmdə sağlam gəncləri hərbi xidmətdən yayındırıb, müxtəlif xəstəliklərdən əziyyət çəkən imkanlı şəxslərin övladlarını isə «neqodnıy» çıxarıb. Məhz elə buna görə də həmin vaxt onun işi Hərbi Prokurorluğa verilmişdi. Lakin onun işi prokurorluqda ola-ola Aydın Namazovu əvvəlcə xidmətin Beyqəlan rayon şöbəsinə, sonra isə Şəmkir rayon şöbəsinə verdilər. Bununla da Aydın Namazov müvəqqəti də olsa, məsuliyyətdən yaxa qurtarmağa müvəffəq oldu. Görəsən, Arzu Rəhimov indi də onu düşdüyü vəziyyətdən çıxara, həbs təhlükəsindən sığortalaya biləcəkmi?..»
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. \\ gundelik-baku \\
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024