Sosial (25-10-2016, 17:32)
Mərdəkan Dendrarisi nə dövlətə lazımdır, nə də... - Artıq xərcdir
Mediatv.az: Qəzetimizin ötən saylarında Mərdəkan Dendrarisinin fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs olunan bir neçə tənqidi material dərc olunmuşdu. Təəssüflər olsun ki, həmin yazılarda təqdim olunan faktlara hələ də nə dendrarinin rəhbərliyi, nə də müvafiq əlaqədar qurumlar tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən bu müəssisənin əhəmiyyəti kifayət qədər yüksəkdir və bu gün Mərdəkan Dendrarisində baş verənlərə “barmaqarası” münasibət göstərmək ən azından elmə bir xəyanət kimi qiymətləndirilməlidir.
Bu barədə açıqlama verən mənbələr isə, dendraridə artıq çoxdan son dərəcə arzuolunmaz bir vəziyyətin bərqərar olduğunu iddia edirlər. Aldığımız məlumatlarda bildirilir ki, bir vaxtlar dünyanın ən müxtəlif guşələrindən gətirilmiş bitki nümunələrinin yetişdirilməsi və seleksiyası sahəsində böyük uğurlara imza atmış, eləcə də gözəlliyi və füsunkarlığı ilə bura gələn ziyarətçilərin könlünü öxşayan bu müəssisə hazırda özünün tənəzzül dövrünü yaşamaqdadır. Redaksiyamıza daxil olan açıqlamalardan birində deyilir: “Bu gün Mərdəkan Dendrarisinin nə əvvəlki şöhrətindən, nə elmi əhəmiyyətindən, nə də burada bir vaxtlar görülən işlərdən ürək ağrısız danışmaq olmur. Bildiyiniz kimi, bu müəssisəyə 1996-cı ildən Tofiq Məmmədov rəhbərlik edir. Amma faktiki olaraq, Tofiq müəllimin bu vəzifədə fəaliyyət dövrünü iki hissəyə, iki onilliyə ayırmaq olar. Belə ki, 1996-2006-cı illər ərzində Tofiq Məmmədovun rəhbərliyi altında Mərdəkan Dendrarisinin fəaliyyətini hələ qənaətbəxş, hətta bir çox məqamlarda səmərəli kimi qiymətləndirmək olardı. Müəssisədə aparılan işlər öz elmi mahiyyəti ilə yanaşı, Bakı və Abşeronun yaşıllaşdırılmasında və xalq təsərrüfatında istifadə olunmaq məqsədilə dekorativ subtropik ağac və kolların, efiryağlı və çiçəkli bitkilərin yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edirdi. Elmi yaşıllaşdırma mərkəzi kimi Mərdəkan Dendrarisinin həm Azərbaycanda, həm də keçmiş SSRİ-nin əksər ərazisində böyük şöhrəti var idi. Lakin son ildə bu vəziyyət tamamilə dəyişmişdir. Buna səbəb isə, Tofiq Məmmədovun artıq dendrarini yalnız özünün kommersiya maraqları baxımından idarə etməyə başlaması olub. Təəssüflə də olsa vurğulamaq lazımdır ki, xüsusilə son bir neçə ildə Tofiq müəllim şəxsi qazanc əldə etmək məqsədilə bir sıra aşkar maxinasiyalara da əl atmaqdan çəkinməyib. Əlbəttə, sizin dərc etdiyiniz yazılarda göstərilən və müəssisənin ştat cədvəlinə salınmış “ölü canlar”dan bəhs edən problem də kifayət qədər ciddi məsələdir. Lakin, dolayısı ilə bu kimi maxinasiyalar dendrarinin birbaşa funksionallığına elə də təsir göstərməyə bilər. Bundan fərqli olaraq, müəssisənin resurslarının talanması, elmi təcrübələrin keçirilməsinə və digər ehtiyaclara ayrılan vəsaitlərin mənimsənilməsi kimi neqativ hallar isə, birbaşa dendrarinin fəaliyyətinə ağır zərbələr vurmuş olur. Çox təəssüflər olsun ki, Tofiq Məmmədovun Mərdəkan Dendrarisinə rəhbərlik dövrünün ikinci yarısında məhz bu kimi halların da sayı kəskin dərəcədə artıb. Həmçinin dendrarinin ərazisində iaşə obyektlərinin açılması da buranın fəaliyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. İlk vaxtlar kafelərin açılmasında əsas məqsədin dendradinin özünümaliyyələşdirməsini təmin etmək olduğunu düşünsək də, az müddət sonra bunun sadəcə bir bəhanə olduğu aşkar oldu. Hal-hazırda da müəssisənin ərazisində fəaliyyət göstərən hər iki kafenin gəlirləri birbaşa Tofiq Məmmədovun şəxsi büdcəsinə daxil olur. Əslində bu gün Mərdəkan Dendrarisində baş verən neqativ hallar barədə çox danışmaq olar. Amma bütün bunların heç bir nəticəsi olmayacaq. O vaxta qədər ki, səlahiyyətli qurumlar Tofiq Məmmədovun özbaşınalıqlarına son qoymaq üçün qəti addımlar atmayacaqlar”.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
