Sosial / Slayd (4-10-2016, 13:16)
Kövrək sosial-müdafiə sistemi... - İTTİHAM VAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əksər yerli şöbələrində korrupsiya tüğyan edir.
Mediatv.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, bunu Hesablama Paltasınını apardığı auditlərin nəticələri də təsdiqləyir.
Belə ki, təkcə bu ilin əvvəllərindən indiyədək DSMF-nin bir neçə yerli şöbəsində korrupsiya ilə bağlı olduqca ciddi faktlar aşkarlanıb.
Məsələn, bir neçə ay əvvəl 2014-cü ilin ikinci yarısı və 2015-ci ildə DSMF Suraxanı rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrindən belə məlum olub ki, məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin yığılması istiqamətində fəaliyyətin araşdırılması ilə müəyyən olunub ki, şöbə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyib, bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılması düzgün həyata keçirilməyib, 6 halda əsas fəaliyyət növünün düzgün uçota alınmaması, 26 halda isə fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqları az hesablanılıb, 8 fiziki şəxsin işçilərinin, məhkəmə qətnaməsi ilə təmin edilmiş 33 fiziki şəxsin işçilərinin əmək haqqı fondu üzrə məcburi dövlət sosial sığorta haqları müvafiq hesabatlara bərpa edilməyib, 108 fiziki şəxs üzrə hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq olunmayıb.
Bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsait müvafiq hesabatlara daxil edilməyıb, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlərdən tam istifadə olunmayıb.
Şöbə tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, auditin əhatə etdiyi dövrdə təyin edilmiş pensiya işləri üzrə 54 halda pensiya artıq, 4 halda isə əskik ödənilib, 10 halda pensiyaya hüquq verən sığorta stajı tam araşdırılmadan pensiya təyin edilib, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan 10 fiziki şəxsə və fiziki şəxslərin 12 işçisinə artıq pensiya ödənilib.
Şöbə və ƏƏSMN-nin Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə məlumat bazasının üzləşdirilməsi nəticəsində isə müəyyən olunub ki, Mərkəzdən uşaqlarına görə sosial müavinət almasına baxmayaraq 18 şəxsə həmin ailə üzvlərinə görə pensiyanın baza hissəsinə müvafiq əlavələrin də hesablanılması səbəbindən artıq pensiya ödənilib, Mərkəzdən müharibə iştirakçısı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan 7 nəfərə və sağlamlıq imkanları məhdud uşaqlarına görə sosial müavinət alan 2 nəfərə sonradan Şöbədə əmək pensiyası təyin edilib, nəticədə sosial müavinət hüququnun itirilməsinə görə dövlət büdcəsinin vəsaitləri hesabına artıq müavinət ödənilib.
İşləməyən pensiyaçıların dəfn xərcləri üzrə 1 halda artıq, 19 halda isə əskik müavinət ödənişləri aparılıb, sığortaedənlər tərəfindən mövcud qanunvericiliyə əməl edilməməsi səbəbindən 17 halda artıq müavinət ödənilib.
Bir neçə gün əvvəl isə Hesablama Palatası DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi barədə məlumat yayıb.
Qaynarinfo.Az-a daxil olna məlumata görə, oxşar qanunsuzluq halları DSMF-nin bir çox digər yerli şəbələri üçün də xasdır.
Halbuki Elman Mehdiyevin 2013-cü ildə DSMF sədri təyin edilməsindən sonra bu qurumdakı korrupsiya, yeyinti hallarının əhəmiyyətli şəkildə aradan qalxacağına dair ümidlər vardı. Elə Mehdiyev özü də açıqlamalarında bu yöndə mesajlar verirdi. Amma təkcə Hesablama Palatasının son iki ildəki yoxlamaların nəticələri həmin ümidlərin doğrulmadığını və DSMF-nin yerli şöbələrinin korrupsiya caynağında çapaladığını söyləmək üçün əsaslar yaradır.
Belə görünür, DSMF-nin hazirki sədri vədlərinə rəğmən, rəhbəri olduğu qurumun yerli strukturlarında mənimsəmə, yeyinti və digər qanunsuzluq hallarının kökünü kəsməkdə acizdir.
Bunun səbəb və ya səbəblərini izah etmək isə çətindir. Hər halda Hesablama Palatasının davamlı şəkildə adıçəkilən Fondun rayon və şəhər şöbələrində ciddi nöqsanlar aşkarlamasına elə DSMF rəhbərliyinin aydınlıq gətirməsi doğru olardı. Əlbəttə, söhbət ağlabatan izahdan gedir...