Sosial / Slayd (3-10-2016, 12:32)
Ziya Məmmədovun süqutu: Nabrandakı obyektini tikməyə qoymurlar - FOTOLAR
Nəqliyyat nazirinin Nabrandakı obyektinin tikintisi yarımçıq qalıb
Mediatv.az xəbər verir ki, Politika.Az-a göndərilən fotolardan da görmək olar ki, Ziya Məmmədovun tikilisində iş getmir.
Məlumatda deyilir ki, həmin obyektin tikintisi dayandırılıb və davam etdirilməsinə imkan verilmir. Bunun səbəbi açıqlanmasa da, tikinti sənədinin olmadığı ehtimal edilir.
Buna görə də Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti saxlanıb. Z.Məmmədov Nabranda istirahət mərkəzi tikdirmək istəyirmiş. Amma işlər saxlanılıb və xeyli vaxtdır ki getmir.
Bildirilir ki, obyekt nazirin anası Yaqut xanımın adına rəsmiləşdirilib. İlk vaxtlarda tikinti işləri sürətlə gedib. Ancaq qəfildən dayandırılıb.
Mənbənin qeydlərinə görə, Z.Məmmədovun nazir kimi səlahiyyətlərinin azaldılması və nüfuzunun aşağı düşməsi onun manevr imkanlarını məhdudlaşdırıb.
Nazir əvvəlki kimi avtoritarlıq edə bilmir. Hakimiyyət düşərgəsində də nəqliyyat nazirinə münasibət dəyişib.
İndi ona “bağda ərik var idi, salam-əleyk var idi” misalına bənzər hörmət saxlanır. Hətta iddialara görə, nazirin yaxın vaxtlarda istefası gerçəkləşəcək.
Ona görə də Z.Məmmədov Nabrandakı obyektinin nə tikintisi ilə maraqlanır, nə də razılıq almağa artıq təsir imkanları qalıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin səlahiyyətləri son bir ildə xeyli azaldılıb. Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb.
Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib. Hələ ki nazirlə bağlı gözlənilən baş verməyib. Nazirin əlindən alınan səlahiyyətlərin isə uzun bir siyahısı var.
2015-ci il sentyabrın 12-də Prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib.
Ölkə başçısının sentyabrın 18-də imzaladığı digər fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib. Bu siyahını çox uzatmaq olar ki, mətbuatda kifayət qədər yazılıb. Demək olar ki, nazirin heç bir səlahiyyəti qalmayıb.