Karusel (16-10-2015, 13:02)
Ziya Məmmədov işsiz qaldı - Yeni əsasnamə hazırlanır
Nəqliyyat Nazirliyinin daha bir mühüm səlahiyyəti alınıb DİN-ə verildi; nazirliyin işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması olacaq
Prezidentin oktyabrın 14-də imzaladığı fərmanla Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Bu fərmanı avtosfer.az saytına şərh edən hüquqşünas Ərşad Hüseynov deyib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi (DYP) baxacaq.
Ərşad Hüseynov bildirib ki, bu o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq.
Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edəcək. Amma bundan ötrü müəyyən təşkilati və qanunvericilik işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi yaxın gələcəkdə bəlli olacaq".
DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev virtualaz.org saytına açıqlamasında Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətlərinin DYP-yə verilməsi barədəki informasiyanı təsdiq edib.
Qeyd edək ki, prezidentin ayarım əvvəl imzaladığı fərmanla Z.Məmmədov taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi kimi külli miqdarda gəlirli bir sahəni "ASAN xidmət"ə dövr etməli olmuşdu. Bu qərar yanvarın 1-dən qüvvəyə minəcək. Amma bu, faktiki Z.Məmmədovun “portfelsiz nazir”ə çevriləcəyinə aydın işarə idi. Nəqliyyat Nazirliyinə tabe olan “Azərbaycan Dəmir Yolları” ASC-nin müstəqil quruma çevrilməsi ilə Z.Məmmədov faktiki “işsiz” qalmışdı. Bundan başqa, paytaxtda yol tikintisi Bakı Şəhər İcra Hakimiyyətinə, qəsəbədaxili yolların salınması bələdiyyələrə tapşırılmışdı. Yol tikintisi ilə məşğul olan “Azəryolservis”in müstəqil quruma çevrilməsi ilə bağlı proses də başlayıb.
Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi hazırlanır. Layihədə nazirliyin biznes fəaliyyətinin yasaqlanması, qurumun missiyasının yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması ilə məhdudlaşdırılması nəzərdə tutulur. Məlumata görə, Prezident Administrasiyasında işçi qrup NN-in əsasnaməsinin yeni layihəsini hazırlayır və yaxın vaxtlarda prezidentə təqdim ediləcək. Yeni layihəyə görə, Nəqliyyat Nazirliyinin işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. NN Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək. Hazırda xaricdə müalicə olunduğu deyilən nəqliyyat nazirinin oktyabrın son ongünlüyündə işə çıxacağı iddia edilir. Amma belə görünür ki, nazir qayıdanadək “lələ köçüb yurdu qala bilər”.
“Yeni Müsavat”