Sosial / Karusel (4-05-2014, 18:14)
Yol polisi adam “vurdu”
Bir neçə dəqiqə öncə Nobel prospektində Azərbaycan reallığı üçün qeyri-adi sayılacaq hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Axar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 10 YP 378 dövlət nömrə nişanlı yol polisi avtomobilinin qarşısında yerə sərilmiş piyada bütün prospektdə hərəkəti dayandırıb. Yol polisinin həm də hərəkət istiqamətinin əksinə piyada vurması yoldan ötənlərin müdaxiləsinə səbəb olub.
Hadisə şahidlərinin bildirdiyinə görə isə yol polisi yerə uzanmış bu şəxsin idarə etdiyi avtomobili saxlayıb və üstündə heç bir, hətta şəxsiyyətini təsdiq edən sənəd belə olmayan sürücünün idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına qərar verib. Sürücünün inad və israrları heç bir nəticə verməyib. Evakuatorun avtomobili apardığını görən sürücü isə yolun ortasında polis maşınının qarşısına yıxılıb və polis maşınının onu vurduğunu iddia etməyə, “ağrıdan” çığırmağa başlayıb.
Şahidlərin sarkazm dolu reprikaları da şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayan sürücünü inadından döndərməyib. Nəhayət, onunla eyni bölgədən olduğunu deyən tanışının müdaxiləsindən sonra sürücü yolun ortasından qalxıb və polis maşınına minməyə razı olub.
Qeyd edək ki, bu maraqlı hadisə zamanı Nobel prospektində ciddi tıxac yaranıb, hadisə yerinə əlavə polis və post patrul xidmətinin əməkdaşları çağırılıb.