Sosial / Slayd (2-09-2016, 12:13)
Oliqarxın nəhəng biznes imperiyası niyə çökdü?
Anar Məmmədovun Azərbaycanda əksər biznes və media strukturları bağlanıb, özü isə Londonda yaşayır Vaxı ilə ölkənin ən gəlirli sahələrinə nəzarət edən Məmmədovlar indi qürub dövrünü yaşayır.
Mediatv.az: Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Avto FM radiosu dünən gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri hələlik açıqlanmır. 2013-cü ildə fəaliyyətə başlayan radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi.
Bizimyol.info portalı qeyd edir ki, Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi "Garant Holding” 17 şirkəti özündə birləşdirirdi. Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib. Holdinqin tərkibinə "Qarant Sığorta” və "Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, "Azbentonit”, "Royal İsteyt”, "Qarant Tour” , "English Yard”, "Quba Olimpiya Kompleksi”, "Avto-Media”, "Ucar Aqro”, "M.Trans”, "Ameritex”, "Transevrokom”, ” Zqan konstrakşn”, "Turbo.az”, "Qarant Sığorta Agenti”, "Quba Resort”, "AFK”, "Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir. A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (özü AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Bakı Voleybol Klubunun rəhbərinin də A.Məmmədov olduğu deyilir.
Nazir oğlunun nəzarətində olan "Avto-Media” MMC nəqliyyat sahəsində fəaliyyət göstərib. 2008-ci ildə yaranan "Avto-Media”nın işi "London taxi”lərində, sərnişin avtobusları və yol boyu reklamların yerləşdirilməsidir. Onun daha bir şirkəti isə "M -Trans” MMC-dir. Bu şirkətə Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün müvafiq lisenziyalar verilib. "Garant Holding”in tərkibində yer alan "Turbo.az” MMC isə Azərbaycanda avtomobil satışı saytı kimi tanınır.
Nazir ailəsinin şirkətlərini saymaqla qurtarmır
A.Məmmədov eyni zamanda bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu alıb. Onun bu sahədə 5 şirkət və 1 media qurumu olduğu bildirilir. "Rixos” Otellər şəbəkəsinin Azərbaycan filialı olan "Quba Rixos otel”, qida sektorunda məşhur KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, daha bir məşhur markalardan "Versace”, tanınmış geyim markalarından "Cuzeppe Zanotti”nin Azərbaycan mağazaları, tanınmış otel şəbəkəsi olan "Trump”un Bakıdakı oteli "Trump Towers Baku” və "National Geographic” jurnalının Azərbaycan dili üzrə bölməsinin ona məxsus olduğu deyilir.
A.Məmmədovun Böyük Britaniyada da biznesi var. O, "BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur. Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. Türkiyədə A.Məmmədovla əlaqələndirilən 2 şirkət də mövcuddur. Bunlar, "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”, "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”dir. Oğul Məmmədov bu şirkətlərin idarə heyətinin üzvü olub. Hər ikisinin idarə heyətinin indiki üzvləri A.Məmmədovla əlaqəli olan şəxslərdir. İdarə heyətində "Baglan Group”un rəhbəri iş adamı Hafiz Məmmədov da olub.
İngiltərədə təhsil alan oğulun iflası belə başladı
Amma 2014-cü ildən bəri Z.Məmmədovun ailə biznesinə məxsus bir sıra şirkətlər ya bağlanıb, ya da əllərindən alınıb. Həmin ilin sentyabrında keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qarant İnvest” MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazəsini-lisenziyasını ləğv edib. Bu şirkət Z.Məmmədovun ailə biznesini idarə edən, əvvəllər "ZQAN Holding” olan, sonradan adını dəyişərək oğlu Anar Məmmədovun rəhbərliyi altında (şirkətlər qrupunun Direktorlar Şurasının sədri A.Məmmədovdur) "Qarant Holdinq”ə çevrilən konqlomeratın tərkibində 2011-ci ildə yaradılmışdı, holdinqə daxil olan "Qarant Sığorta"nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Elə həmin ilin noyabrında "Qarant İnvest” broker fəaliyyətinin göstərilməsinə dair 5 illik lisenziya alınmışdı. Komitə şirkətin lisenziyasını vaxtından əvvəl ləğv edib. "Qarant Sığorta" ASC özü isə bu ilin fevralında ləğv olunduğunu elan edib. Bu haqda Vergilər Nazirliyindən xəbər yayılmışdı.
Məmmədovlar "qarınqulu” konqresmenləri yalnız 5 il "bəsləyə” bildilər
Keçən ilin sentyabr ayında gedən məlumatlarda A.Məmmədov tərəfindən Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansının (AAA) bu ölkədəki ofisinin bağlandığı xəbəri yayıldı. Məlumat Alyansdan təkzib edilsə də təşkilatın «Feysbuk» səhifəsində ən son ötən ilin noyabr ayının 16-da aktivlik olub. Donald Tramp da daxil olmaqla bir xeyli nüfuzlu konqresmen təşkilatın uzvləri idi. Nazir oğlu Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona təşkilatda yüksək maaşlı iş verərək onu Alyansın icraçı direktoru təyin etmişdi. Bəzi məlumatlara görə, təşkilata ayda 3 milyon dotasiya ayrılırdı. Ölkəsinin Ədliyyə Nazirliyinin qeydlərinə istinad edən Sunlight Fondunun məlumatına görə Alyans 2011-2014-cü illərdə Vaşinqtonda 10 mln. dollara yaxın vəsait xərcləyib. A.Məmmədovun bu təşkilatda fəaliyyəti əsasən Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlər və təntənəli Azərbaycan gecələri keçirmək olub. Ziyafətə qatılanlar konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, rəsmi şəxslər idi. Təşkilatın bağlanması Məmmədovlar ailəsinin biznesinin zəiflədiyi və qeyri-peşəkar menecmentlə əlaqələndirildi. Senatorları yedirtməyə pul qalmadığı bildirilirdi. Amerikanın "Mother Jones” online jurnalı "Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma yazısında nazir oğlunun sərvəti barədə bildirirdi ki, A.Məmmədovun rəhbərlik etdiyi "Garant Holding”in dəyəri 1 milyard dollardan çoxdur və o, "Tramp Hotel” brendi üçün ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampa 2,5 mln. dollar ödəyib.
Uğursuz menecmentin nəticəsi
2015-ci ilin dekabr ayında A.Məmmədovun təsis etdiyi "National Geographic Azerbaijan” jurnalı da fəaliyyətini dayandırdı. Başqa bir məlumata görə, azyaşlı oxucular üçün nəzərdə tutulan "National Geographic Kids” jurnalı da buna qədər işinə son verib. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərildi. ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (The National Geographic Society) məşhur "National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı hələ 2014-cü ilin mart ayında "Garant Media Holding” ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti müqavilə imzalamışdı.
Yayılan məlumatlarda qeyd olunur ki, "Bank of Azerbaijan” "ZQAN Holding”in tərkibinə daxildir. 2013-cü il yanvarın 22-dək A.Məmmədov "Bank of Azerbaijan”nın sənədlərində səhmlərin 81%-nin sahibi kimi göstərilib. Həmin vaxtlarda bank səhmlərinin 18%-i də onun müşahidə şurasının sədri olmuş "Hafka” ləqəbli H.Məmmədovun qardaşı Mübariz Məmmədova məxsus olub. A.Məmmədov bankın səhmlərini satandan sonra qiymətli kağızlar H.Məmmədovun əlində cəmlənib.
H.Məmmədovun oğlanları Kənan və Sənan hər biri 43%, qardaşı Mübariz 13% səhm sahibi idi. Beləliklə səhm-nəzarət paketinə H.Məmmədovun ailəsi nəzarət edirdi. Yeri gəlmişkən, H.Məmmədovun rəhbərlik etdiyi "Baglan Group" ilə A.Məmmədovun rəhbərlik etdiyi holdinq arasında ortaqlıq və bunun sayəsində "Bağlan Group”-un nəqliyyat sektorunda imtiyazlı mövqe tuta bildiyi ortaya çıxmışdı. 2014-cu il may ayının 22-də isə bank rəhbrəliyi tərəfindən keçirilən toplantının nəticəsində H.Məmmədov bankın müşahidə şurasının sədrliyindən, qohumları isə üzvlüyündən uzaqlaşdırılıb. Bu ilin yanvarın 18-də isə Mərkəzi Bank "Bank of Azerbaijan” ASC-nin lisenziyasını ləğv edib. Səbəb kimi məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyi, məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyi göstərilib. Fevral ayında 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "Bank of Azerbaijan” ASC-ni müflis elan edib və iflas prosedurunu başladıb. Bankın müflis olması haqqında qətnamə fevralın 1-də çıxarılıb. "Əmanətlərin Sığortalanması Fondu” ləğvedici təyin edilib.
Daş qayadan nə apara bilər ki?
Nazir oğlu 2013-cü ildə Qubada Qolf Klubu açmışdı, O, həm də Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Amma çoxdandır oralarda görünmür. Bir müddət əvvəl nazir oğlunun AQF rəhbərliyindən uzaqlaşdırılacağı da yayılan xəbərlər arasında idi. Məmmədovların daha bir biznes aktivi - Qubadakı "Rixos Quba" otelinin də əllərindən alındığı, otelin başqa mülkiyyətçiyə keçdiyi bildirilirdi. A.Məmmədovun şirkəti və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan "Transgate" MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb.
Atası Z.Məmmədovun da səlahiyyətlərinin çoxu bir-bir əlindən çıxarılıb. Belə ki, dövlət mülkiyyətində və ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyindən alınaraq, "Azəravtoyol” ASC-nin balansına verilib. Nəqliyyat sektoruna aid bir sıra səlahiyyətlər də «ASAN xidmət»ə, bəziləri də Dövlət Yol Polisinə keçib. Ötən il çıxarılan qərar görə taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə, sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edir. Buna qədər "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyindən tabeliyindən çıxarılmışdı.
Həmçinin sərnişidaşıma NN-dən alınıb. Keçən il Bakı Nəqliyyat Agentliyi yaradılıb. NN- dəki Avtonəqliyyat Xidmətinin sərnişindaşıma ilə bağlı və Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzinin funksiyaları da həmin quruma verilib. Nazirin təkcə səlahiyyətləri və biznesi əlinən alınmayıb, onun kadrları da işdən çıxarılıb.
Amma bütün bunlar Z.Məmmədovun ailə biznesinin bərk sarsıldığını söyləməyə yetərli deyil. Çünki, piramidadan yalnılz bir neçə parça düşüb. Ailənin əsas biznesi xaricə "daşınıb”. Nazir oğlu hazırda Londonda yaşayır. Onun «Feysbuk» səhifəsi sonuncu dəfə aprelin 5-də yenilənib.