Cəmiyyət / Slayd (6-08-2014, 21:44)
Ziya Məmmədovun oğlunun imperiyası haqda şok faktlar
Meydan TV nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznesi haqda sensasion araşdırma aparıb. A. Məmmədovun infrastruktur, tikinti, neft və qaz hasilatı, beynəlxalq ticarət, telekommunikasiyalar və mehmanxana xidmətləri sahəsini əhatə edən biznesi haqda yazını ixtisarla dərc edirik. Beləliklə, "Garant Holdinq”in Direktorlar Şurasının sədri, Azərbaycan Amerika Alyansının təsisçisi və Azərbaycan Qolf Federasiyasının prezidenti olan A.Məmmədovun nələri var?
* * *
Anar Məmmədov nazir oğludur. Atasının nazir olduğu nəqliyyat sektoruna birbaşa aidiyyəti olan sahələrdə biznes qurub. Məmur ailəsinin dəyəri yüz milyonlarla ölçülən biznesini hansı pulla qurduğu müəmmalıdır. Anar Məmmədovla bağlı apardığımız araşdırma nəticəsində məlum olub ki, onun Azərbaycanda, İngiltərədə və Türkiyədə nəqliyyat, tikinti və başqa sahələri əhatə edən biznesi var.
Nazir oğlunun Türkiyə biznesi
Türkiyədə Anar Məmmədovun birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti” "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”, " şirkətləridir. ”Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin sərmayə dəyəri 7.5 milyon TL (təxminən 2.8 milyon AZN) dəyərindədir. Şirkətin idarə heyətinin üzvləri "Garant Holdinq” Direktorlar Şurasının üzvü Emil Ələsgərov, Bakı şəhərində ictimai nəqliyyat sahəsində əsas pay sahibi olan Transaget LTD-nin rəhbəri Xəyal Rəsulov və Anar Məmmədovun babası Arzuman Məmmədovdur. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsinin hazırlamaq və inşa etməkdir.
"Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”nin isə sərmayə dəyəri 100 milyon TL-dir. Şirkətinin indiki İdarə Heyəti yuxarıda adları çəkilən Emil Ələsgərov, Xəyal Rəsulov və Arzuman Məmmədovdur. Bu şirkətin də əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsini hazırlamaq və inşa etməkdir.
Xəyal Rəsulov, Arzuman Məmmədov və Emil Ələsgərovu birləşdirən digər bir şirkət isə "Baltech inşaat sənaye və ticarət anonim şirkəti”dir. Şirkətin sərmayə dəyəri 51 milyon TL-dir (təxminən 19 milyon AZN). Şirkət 2011-ci il iyul ayının 7-də qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyət sahəsi bütün növ inşaat işləri, ofis binalarını, ticarət mərkəzlərini tikməkdir.
Adı keçən şirkətlərdə idarə heyəti üzvü olan Emil Ələsgərov həmçinin nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur.
Emil Ələsgərov həmçinin Vircin adalarında da iki şirkətin direktorları arasındadır: «Trans-European Leasing Group Ltd». və «Montgomery Industries Ltd». E.Ələsgərovun direktoru olduğu şirkətlərdən biri olan Montgomery Industries Ltd. həm də «ZQAN Holding Limited»in səhmdarlarında biridir.
«Trans-European Leasing Group Ltd». həm də Bakı Beynəlxalq Avtovağzalının sifarişçisi "Bakı XXI Əsr” MMC-nin təsisçisidir, Böyük "Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib.
"Garant Holdinq” biznesi
"Garant Holdinq” şirkətinin Direktorlar Şurasının sədri Anar Məmmədovdur. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.
Holdinqin tərkibinə 17 yerli şirkət daxildir. Bunlar"Qarant Sığorta” ASC, "Azbentonit” MMC, "Royal İsteyt” MMC, "Qarant Tour” MMC , "English Yard” MMC, "Quba Olimpiya Kompleksi” MMC, "Avto-Media” MMC, "Ucar Aqro” MMC, "M.Trans” MMC, "Ameritex” MMC, "Transevrokom” MMC, " Zqan konstrakşn” MMC, "Turbo.az” MMC, "Qarant Sığorta Agenti” MMC, "Quba Resort” MMC, "AFK” MMC, "Delfin” MMC və "Goranboy Gips” ASC-dir.Holdinqə daxil olan şirkətlər fəaliyyət sahələrinə görə bir-birindən fərqlənir.
"Qarant Sığorta”nın nizamnamə kapitalı 4 milyon manat təşkil edir. Şirkətə avtomobillərin sığortası, ipotekaların sığortası, tibbi sığorta, əmlak sığortası, məsuliyyət sığortası, yüklərin sığortası, xaricə səfərə çıxan şəxslərin sığortası və bir çox digər növləri daxildir.
"Azbentonit” MMC şirkətinin əsas fəaliyyət sahəsi ölkədəki mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir.
"Royal İsteyt” MMC-nin illik maliyyə dövriyyəsi 6 milyon manat təşkil edir. Şirkətin əsas fəaliyyət sahəsi daşınmaz əmlakın idarə olunmasıdır.
"Qarant Tour” MMC də "Garant Holdinq”in tərkibinə daxil olan şirkətlərdəndir. Şirkətin maliyyə hesabatları barədə dəqiq məlumat olmasa da, əsas fəaliyyət istiqaməti ölkə daxilində və ölkə xaricində turistik xidmətlərin həyata keçirilməsidir.
"Quba Olimpiya Kompleksi” MMC də "Garant”ın tərkibinə daxildir. Oğul Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Klubun yaradılmasına nə qədər maliyyə xərclənməsi qeyd edilməsə də, Azərbaycan Qolf Federasiyasının menecerlərindən Dominik Naughton AzadlıqRadiosuna açıqlamasında bildirib ki, layihə milyonlara başa gəlib.
Nəqliyyat nazirinin oğlunun nəzarətində olan digər şirkət isə "Avto-Media” MMC-dir. Şirkətin əsas fəaliyyəti də məhz nəqliyyatla bağlıdır. 2008-ci ildə yaranan "Avto-Media”nın əsas fəaliyyət sahəsi "London taxi”ləri kimi tanınan taksilərə, sərnişindaşıma avtobuslarına və yol boyu reklamların yerləşdirilməsidir.
"Garant Holdinq”in bir hissəsi olan "Ucar Aqro” MMC şirkətinin kəsim sexinin təməli 2012-ci ilin sentyabr ayında qoyulub. Sahəsi 5 hektar, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla, 87 hektar təşkil edən kəsim sexində saatda 6 000 baş quş emal etməsi planlaşdırılıb. 2012-ci ilin sentyabr ayında şirkətin yaydığı rəsmi məlumatda qeyd olunur ki, sexin tikinti müddəti 18-20 ay nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, sex yaxın günlərdə tam gücü ilə fəaliyyətə başlayacaq.
Ata və oğulun birgə biznesi
Məmmədova məxsus şirkətlər arasında ən çox diqqət çəkənlərdən biri isə "M -Trans” MMC-dir. Şirkət ata Məmmədovla oğul Məmmədovun birgə biznes maraqlarını da üzə çıxardır. Belə ki, "M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
MMC fəaliyyətinin əsas istiqamətini beynəlxalq və şəhərlərarası sərnişin daşınmaları təşkil edir.
Şirkət 2014-cü ildə öz texniki bazasını gücləndirmək məqsədi ilə müasir standartlara cavab verən 5 ədəd Daewoo BH 120F markalı sərnişindaşıma avtomobili alıb. Bu avtobuslar əsasən Bakı - Naxçıvan və Bakı - Qırmızı Körpü istiqamətləri üzrə sərnişindaşıma xidmətlərini həyata keçirir. Yaxınlarda isə şirkət öz bazasına daha 5 ədəd Daewoo FX212 markalı avtobuslar daxil etməyi planlaşdırır.
Şirkət Azərbaycanın 62 rayonuna, o cümlədən Rusiya, Türkiyə, Gürcüstan və İranın 28 şəhərinə sərnişin daşımaları həyata keçirir.
Tikinti, sərnişin daşıması, turizm və digər biznes sahələrindən əlavə Anar Məmmədovun digər gəlir mənbəyi Bakıda "İçəri şəhər”də yerləşən Meridian hoteldir. Rəsmi olaraq "Ameritex” MMC kimi qeydiyyatdan keçən otel "Garant Holdinq”in tərkibinə daxildir.
"Transevrokom” MMC Anar Məmmədovun kommunikasiya sahəsi üzrə ixtisaslaşan şirkətidir. Şirkətin əsas fəaliyyət sahəsi fiber optik kabellər vasitəsilə telekommunikasiya xidmətlərinin və genişzolaqlı limitsiz internet xidmətlərinin təşkilini həyata keçirdir. "Garant Holdinq”in tərkibində yer alan "ZQAN Konstrakşn” MMC bır sıra dövlət və özlə tikintilər həyata keçirib. Bura Ucar və Zərdab rayonlarında Heydər Əliyev muzeyinin, Ucar, Yevlax və Quba rayonlarındakı avtovağzalların, Quba rayonunda SOCAR klinikasının, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin binasının (Bakı şəhəri), "Bank Of Azerbaijan” nın Yasamal filialı binasının və digər irihəcmli binaların tikintisi daxildir.
"Turbo.az” MMC uzun illərdir ki, Azərbaycanda avtomobil satışı saytı kimi tanınır. "Garant Holdinq”in tərkibində yer alan digər şirkət isə "Qarant Sığorta Agenti” MMC-dir. Şirkətin rəsmi təsisçiləri "Qarant Sığorta” MMC və "ZQAN Holdinq Limited” MMC-dir. Şirkət 2008-ci ildə yaradılıb.
Anar Məmmədovun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaycan”dir.
Hazırda bankın əsas binası və faktiki ünvanı Anar Məmmədova məxsus «Garant Plaza»dır. Son məlumatlarda qeyd olunan bankın səhmlərinin dəyəri 50 milyon manat təşkil edir. "Garant Holdinq”in rəsmi saytında göstərilməsə də, Vergilər Nazirliyinin rəsmi məlumatlarında qeyd olunur ki, Anar Məmmədovdur. Klub "Bakı Voleybol Klubu” MMC kimi qeydiyyatdan keçib. Klubun rəsmi sponsoru isə "Bank of Azərbaycan”dır. Holdinqdə cəmləşən şirkətlər qrupunda yer alan digər şirkət isə "Real Təmizlik” MMC-dir. Bu barədə də holdinqin saytında rəsmim məlumat göstərilməyib. Ancaq Vergilər Nazirliyinin 2012-ci ildə yaydığı rəsmi məlumatlarda qeyd olunur ki, şirkətin təsisçisi "ZQAN Holdinqs Limited” şirkətidir. "Real Təmizlik” Birləşmiş Ərəb Əmirliyində qeydiyyatdan keçib.
Nazir oğlu təkcə ölkə daxilində və bir çox ölkələrdə şirkətlər yaratmaqla kifayətlənməyib, eyni zamanda bir çox şirkətlərin Azərbaycan üzrə "Françayzinq”ini (təmsilçilik hüququ) də alıb. Məmmədovun əlində cəmləşən bu formada 5 şirkət və 1 media qurumu var. Bunlar hotelçilik xidməti göstərən "Rixos” hotelinin Azərbaycan filialı olan "Quba Rixos hotel”, qida sektorunda dünyada məşhur olan KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, dünyanın məşhur geyim, saat və bjuteriya markalarından olan «Versace»nin Azərbaycan nümayəndəliyi, yenə də dünyanın tanınmış geyim markalarından olan "Giuseppe Zanotti”nin Azərbaycan mağazaları, dünyanın tanınmış otel şəbəkəsi olan "Trump”un Bakıdakı hoteli "Trump Towers Baku” və dünyaca ünlü "National Geographic” jurnalının Azərbaycan dili üzrə bölməsi.
KFC restoranlar şəbəkəsi rəsmi olaraq AFK MMC adı ilə qeydiyyatdan keçib. Şirkətin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, KFC-nin Bakıda 4 restoranı mövcuddur.
Bakıdan İngiltərəyə qədər olan biznes əlaqələri
Anar Məmmədovun Böyük Britaniyada da biznesi var. O, "BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur. Eyni zamanda, Dubayda qeydiyyatdan keçmiş "ZQAN Holdinq”in bir şirkəti «ZQAN UK LTD» adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. Anar Məmmədov şəxsən ZQAN UK LTD nin təsisçiləri arasında olmasa da, təsisçilərin arasında onun Böyük Britaniyadakı digər şirkəti olan "BROOKWOOD INTERNATIONAL lIMITED” də ortağı İngiltərə vətəndaşı Zəfər Abbasinin adı keçir.
Eyni zamanda Zəfər Abbasinin bir neçə başqa şirkəti də var İngiltərədə. İki ortaqlıq bizə digər şirkətlərin də Anar Məmmədovla bağlılıq ehtimalını yaradır. Çünki Zəfər Abbasi digər şirkətlərində ZQAN UK LTD-nin təsisçilərindən olan İmran İshaqla ortaqdır.
«ZQAN UK LTD» nin təsisçiləri arasında olan Andrey Boris Çuykovun da İngiltərədə qeydiyyatdan keçmiş bir neçə şirkəti var.
Meydan.Tv
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024