Sosial / Slayd (12-04-2016, 10:46)
Laçın mədəniyyət və turizm şöbəsinin müdirinin «pulsilmə əməliyyatı» - təfsilat
Yusif Hüseynovun «sehir»ləri sayəsində dövlət büdcəsindən ayrılmış vəsaitlər yoxa çıxarılır
Xeberinfo.com: Laçın rayon Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq, korrupsiya baş alıb gedir. Şöbənin müdiri Yusif Hüseynovun isə başı yalnız pul qazanmağa qarışıb. Elə bu səbəbdəndir ki, şöbənin inspektoru ildə bir dəfə Laçın Obalarına baş çəkdib, sonra da «qeyb» olur.
Politika.Az xəbər verir ki, Hüseynovun kimsədən çəkindiyi yoxdur. O istədiyi kimi davranır, hərəkət edir. Məsələn, onun Laçın Mədəniyyət və Turizm Şöbəsinə ayrılmış yüz minlərlə manat vəsaiti öz şəxsi maraqlarına sərf edib. Elə bu səbəbdəndir ki, Hüseynov şöbəyə ayrılmış 100 min manatın başına oyun açaraq, onu «görünməzə» çevririb.
Qeyd edək ki, bu pulun 48 min manatı əsaslı, 10 min manatı isə cari təmirə sərf olunub. Təbii ki, kağız üzərində. Amma reallıq tamam başqadır. Çünki Laçın rayonunda hər hansı bir mədəniyyət və turizm obyekti var. Olsa olsa inzibati binalar mövcuddur ki, onların da təmiri üçün bu qədər pulun ayrılmasının mənası yoxdur. Aydın məsələdir ki, həmin pullar məqsədli şəkildə ayrılıb və mənimsənilib.
Politika.Az xəbər verir ki, Hüseynovun işləri bununla da bitməyib. Şöbə müdiri sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınmasına da 8000 manat pul «xərcləyib». Bu pulların qarşılığı olaraq özünə Bakıda ev alıb, dükan açan Laçın Mədəniyət və Turizm Şöbəsinin müdirini Taxtakörpü deyilən ərazidə görən belə yoxdur.
İşlərini böyütmək və daha çox gəlir əldə etmək istəyən şöbə müdirinin bir mənimsəməsi də inventarların satın alınması adı altında həyata keçirilib. Bu zaman 26350 manatın axırına çıxıblar. Yusif Hüseynov dəftərxana ləvazimatlarının alınması üçün ayrılmış 8760 manatı da digər pullar kimi özünə götürüb. İndi maraqlıdır ki, şöbə müdiri inventarları hansı mədəniyyət obyektləri üçün alıb? Bu suala kimsə cavab verə bilmir. Ona görə ki, ortada nə mədəniyyət evləri var, nə də klublar. Turizm sektorundan danışmaq isə ən azından ağılsızlıq olardı.
Bu əsnada, Laçın Mədəniyyət və Turizm Şöbəsinin ağılabatmaz korrupsiyası ifşa olunub. Politika.az xəbər verir ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən kitabxananın fotosu yayımlanıb. Şəkildən görmək mümkündür ki, həmin tikili kitabxana yox, tualet və ya köşkdür.
Məlumatda bildirilir ki, bu obyekt rayonun II Güləvird kənd kitabxanasıdır. Laçın rayon icra başçısı və MT şöbəsi müdiri Yusif Huseynov bu "möhtəşəm və analoqsuz” kitabxananı büdcədən pul silmək hesabına tikdirib.
Həmin "müasir və əsrarəngiz” obyektin araya-ərsəyə gəlməsi üçün hər iki dövlət qurumu yüz minlər mənimsəyib. Nəticədə kənd sakinlərinin maariflənməsi üçün belə bir "kitabxana” istifadəyə verilib. Hər halda dünyanın heç bir ölkəsində məmurların ağlına kitabxana tikmək üçün bu ideya gələ bilməzdi.
Qeyd edək ki, Laçın sakinləri Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətindən narazılıq edirlər.
Ağcabədi rayonu, Taxtakörpüdəki 552 saylı qəsəbədə məskunlaşmış YAP üzvü Axundov Xalid Umbay oğlu və Laçının Kalafalıq kənd sakini Əlsəgər Əhliman oğlu Qasımov bildirmişdilər ki, şöbənin baş mühasibi Şakir İsmayılov və Şəmkənd kənd Uşaq Musiqi Məktəbinin direkoru Səfər Quliyev birlikdə korrupsiya və rüşvətxorluqla məşğuldurlar.
Qarşı tərəfi dinləməyə hazırıq.