Sosial / Slayd (5-04-2016, 14:23)
Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı daha bir fakt
Respublika Olimpiya İdman Liseyində 250 min manatdan artıq büdcə vəsaiti “obnaliçka” olunub
Cənab prezident büdcə vəsaitlərindən səmərəli istifadə edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı dövlət strukturlarının qarşısına vəzifə qoyduqdan sonra bu sahədə müəyyən irəliləyişlər müşahidə edilməyə başlayıb. Büdcə vəsaitlərindən necə istifadə olunması ilə bağlı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini təftiş etməsi nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı artıq ödəmələr aşkara çıxmışdı. Həmin vəsaitin mühüm hissəsinin təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilməsi haqqında rəsmi məlumatlar da var.
Bu istiqamətdə Maliyyə Nazirliyinin məlumatında o da qeyd edilirdi ki, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat məbləğində mənimsəmə halları aşkar olunub və materiallar Baş Prokurorluğa göndərilib. İndi isə xeberinfo.com-a daha bir idman təhsil müəssisəsi ilə bağlı ilginc məlumatlar daxil olub. Maliyyə Nazirliyindəki mənbəmizdən aldığımız məlumata görə, bu dəfə Dövlət Maliyyə Nəzarəti Xidmətinin diqqətini Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya İdman Liseyində baş verən maliyyə əməliyyatları cəlb edib. Maliyyə Nazirliyinə daxil olan məlumatlarda diqqəti cəlb edən əsas məsələ isə Respublika Olimpiya İdman Liseyi ilə Qəbələ rayon Vəndam kənd sakini Rəfail Səlimova məxsus iki şirkət arasında baş verən maliyyə əməliyyatlarıdır. Məlumata görə, Qəbələ rayon Vəndam kənd sakini Rəfail Səlimovun iki şirkəti, “Texas” və “Fauna-S” Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə aparılan maliyyə əməliyyatları “obnaliçka” xarakterli olub. Maliyyə Nazirliyinin əməkdaşları Qəbələ rayon Vəndam kəndində hüquqi qeydiyyatda olan “Texas” MMC-nin və “Fauna-S” MMC-nin Respublika Olimpiya İdman Liseyinə müxtəlif mallar, ö cümlədəm maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat mallarının alınması, eləcə də cari təmir işləri üzrə bağlanan müqavilələr “obnaliçka” əməliyyatlarını ört-basdır etməkdən ötrü formal xarakter daşıyır.
Məlumatlara görə, “Texas” və “Fauna-S” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin “obnaliçka” əməliyyatları üçün seçilməsi təsüdüfi deyil. Belə ki, bu iki şirkətin rəhbəri Rəfail Səlimovun Respublika Olimpiya İdman Liseyinin rəhbərliyində təmsil olunan şəxslərlə, o cümlədən də Liseyin direktoru Rasim Muradovla çox isti müanasibəti var. Məhz bu isti münasibətlərdən istifadə olunaraq 250 min manatdan artıq büdcə vəsaiti Rəfail Səlimovun şirkətləri vasitəsilə “obnaliçka” olunub.
Xeberinfo.com- a daxil olan başqa bir məlumatda isə Respublika Olimpiya İdman Liseyinin ştat cədvəlində “ölü canlar”ın olmasından bəhs olunur. Məhz bu “ölü canlar”ın saxlanılması dövlət büdcəsinə hər il on min manatlara başa gəlir. Məlumata görə, Liseyin direktoru Rasim Muradov Maliyyə Nazirliyinin bu məlumatlarla bağlı təkrar araşdırma aparacağından narahatdır. Belə olarsa “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında aşkar edilən mənimsəmə faktları ilə bağlı materiallar Baş Prokurorluğa göndərildiyi kimi, Respublika Olimpiya İdman Liseyində baş verən maliyyə fırıldaqları ilə bağlı faktlar da istintaq üçün Baş Prokurorluğa göndərilə bilər.
Məlumatla bağlı Respublika Olimpiya İdman Liseyinin rəhbərliyinin də mövqeyini öyrənməyə cəhd etdik. Hətta dünən yazını qarşı tərəfin elektron poçtuna da ünvanladıq. Təəssüf ki, lisey rəhbərliyi bu məlumatlara aydınlıq gətirməkdən yayındı(?)
Mövzu diqqətmizdədir.
Xeberinfo.com