Sosial / Slayd (28-03-2016, 14:50)
Nazir kriminal kadrını niyə qorumadı?
Nəqliyyat naziri Ziya Məmmədov adı kriminal işlərdə hallanan kadrının arxasında çəkilib.
Mediatv.az VİZUAL.az-a istinadən xəbər verir ki, oliqarx-məmur özünün xəzinədarı kimi tanınan Qulam Ələkbərova qahmar çıxmayıb.Q.Ələkbərov haqda səslənən ittihamlar və bir sıra cinayətlərlə bağlı faktların üzə çıxmasından sonra Z.Məmmədov Q.Ələkbərovu müdafiəsi etməyib.
Bəzi iddialara görə, Ələkbərov nazirin onu müdafiə etmədiyini görüb əlaqəsi olan başqa iri ranqlı məmurlarla təmasa keçib. Ancaq bunların da fayda vermədiyi bildirilir. Bəs, həmin ittihamlar nədən ibarətdir?
Cumhuriyyet.net yazıb ki, Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantaj da hallanır.
Saytın xəbərinə görə, bir müddət əvvəl nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin hazırda Ukraynada olduğu deyilir. Ancaq qardaşı Misir Ələkbərov hazırda Goranboydadır və dəfələrlə bir sıra ağır cinayətlərə görə məsuliyyətə cəlb olunsa da, yerli Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışır.
İcra başçılarını o seçir?
Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderlərə bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malikdir. İddialara görə, Ələkbərov aşağıdakı icra başçılarının təyinatında müstəsna xidməti olub. Daha doğrusu, Ziya Məmmədova bu şəxsləri o təqdim edib:
– Rauf Həbibov: Qubanın sabiq icra başçısı;
– Yaşar Məmmədov: Qubanın hazırkı icra başçısı;
– Nəsib Məsməliyev: Nəsiminin sabiq icra başçısı, hazırda deputatdır;
– Niyazi Bayramov : Mingəçevirin icra başçısı;
– Lütfəli Babayev: Zərdabın icra başçısı”.
Məsələ bununla da bitmir. "Maraqlıdır ki, bu rayonlarda həyata keçirilən bütün tenderlər Qulam Ələkbərovun razılığı ilə reallaşa bilərmiş. Yaradılan bütün şirkət, MMC-lərdə də birbaşa onun payı var. Bundan əlavə, sözügedən şəxsin icra başçılarından aylıq «pay» aldığı da verilən məlumatlar sırasındadır.
Erməni ilə ortaq biznes?
Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır. Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir.
Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən "Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil.
Məlumatda bildirilirdi ki, onun biznes-partnyoru "Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində "erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.
Siyahıda qətl ittihamı da var
İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edirik: "Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar.
Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar.
Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən "Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib.
Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir.
Ziya Məmmədovla ilişkilər və …
Qulam Ələkbərov Azərbaycanda "AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra paytaxtın "Gənclik” metrostansiyasının yaxınlığında "Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.
Uzun müddət Bakıda fəaliyyət göstərən «Mona Liza» şadlıq sarayında özünə qarar qurmuş Qulam Ələkbərovun haqqında digər ilginc məqamlar da var. Onlarla bağlı geniş araşdırmalar aparılır və yaxın günlərdə oxuculara geniş məlumat veriləcək.
Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Ziya Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır. Qarşı tərəfin mövqeyini dərcd etməyə hazırıq.