Sosial / Slayd (19-01-2016, 12:40)
Xəzər RİH-nin “Çin səddi”ndən qəti xəbəri yoxdur?
Xəzər Rayon İcra Hakimiyyəti sakinləri Xəzər dənizinə həsrət qoyub
Mediatv.az xəbər verir ki, Ölkə.az-ın çəkiliş qrupu Xəzərin “zəbt olunmuş sahilləri” haqqında reportaj hazırlayıb. Reportajda gözəllikdə misli-bərabəri olmayan Abşeron bağlarının necə məhv olduğu, Xəzərin qumlu sahillərinin necə zəbt olunduğu öz əksini tapıb. Həmkarlarımız Mərdəkandan Buzovnaya qədər Xəzər sahilindəki hasarlanmış ərazidə olub. Oradan hazırlanmış video, foto və geniş yazını sizə təqdim edirik: Xəzər dənizinin sahili Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən ya satılıb, ya da yüksək çinli məmurlara hədiyyə edilib. Mərdəkandan Buzovnaya qədər Xəzər dənizinin sahili ilə gedirik.
Yolun sağında istirahət mərkəzləri, solunda isə hektarlarla ərazi hasarlanıb. Kənd sakinləri və sahildəki istirahət mərkəzlərinin mühafizəçiləri bu hasarlanmış obyektlərin kimə məxsus olduğunu əzbər deyir. Foto və videodan da gördüyünüz kimi, hər yer hasarlanıb, Mərdəkan qəsəbəsinin sakinləri Xəzərin sahilində yaşasa da, Xəzəri görə bilmirlər. Hər tərəf hündür, “Çin səddini” xatırladan divardır… Məlumata görə, hasarlanmış ərazilərdə böyük istirahət mərkəzləri tikiləcək və xırda istirahət mərkəzləri ləğv ediləcək. Olan yenə kiçik sahibkarlara olacaq. Bu isə kasıb təbəqənin dənizdən əlinin üzülməsi ilə nəticələnəcək.
Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”nə görə, Xəzərin 80-130 metrliyində olan ərazilərin satılması qadağan edilsə də, dənizsahili ərazi hazırda hasarlanmaqdadır. Bir neçə gün öncə prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə, fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaqlar.
Qafqaznews.az saytı bu məsələni araşdırmaq üçün Xəzər rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb.
Telefona cavab verən informasiya təminatı şöbəsinin müdiri sualları belə cavablandırdı: “Burda qanunsuz heç bir şey ola bilməz, bu görüntülər vətəndaşların mülkiyyətində olan torpaq sahələridir. Xəzər RİH tərəfindən bütün normativlər qorunub. Dəniz kənarından ara məsafələri saxlanaraq, normativlərə uyğun olaraq hasarlana bilər”. Müxbir “videodan göründüyü kimi dənizin kənarında çəkilən divarların vətəndaşların torpaqlarına heç bir aidiyyatı yoxdur axı?” deyə qeyd etsə də, B.Mehdiyev belə cavab verib: “Siz yazılı olaraq bizə göndərin, biz cavab verək”. Məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətinin ictimayi-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Gülbala Qurbanov ilə əlaqə saxlanıb.
“Əsas yer Mərdəkandadır, mən Mərdakan bələdiyyəsinə demişəm, onlar araşdırırlar bu məsələni. Siz Mərdəkan bələdiyyəsi ilə əlaqə saxlaya bilərsiniz. Onlara tapşırmışam, gedib görsünlər ki, görək, hasarları kim çəkib”- deyə Gülbala Qurbanov cavab verdi. Müxbirin “bilinmir kim çəkib”? sualına Gülbala Qurbanov belə cavab verib: “Yox, onlar da bilmirlər kim çəkib”.
Müxbirin “Bu necə ola bilər ki? İcra hakimiyətindən xəbərsiz əraziyə kim hasar çəkə bilər ki” sualına “Dəqiq bilmirəm deyirlər ki hasarın biri “Bavaria Aqua Park”ındır, biri də “Karvan” hoteli var onundur. Biz əsas dənizin 30 metirliyinə kimi yoxlayırıq ki, sahildən tikinti olmasın, qalan yerləri qəsəbə nümayəndəliyi ilə bələdiyyə bilir”, – deyə Gülbala Qurbanov qeyd edib. Bu məsələ ilə əlaqədar Mərdəkan qəsəbə icra nümayəndəliyi ilə əlaqə saxlanıb. Telefona icra nümayəndəsi İlqar (soyadını bildirmədi) cavab verdi. “Elə bir şey yoxdur axı, bizdə dəniz kənarına azad giriş də var, çıxış da” – deyə icra nümayəndəsi bildirdi. “Dəniz görünmür düzdür, elə yerlər çoxdur, divar da çəkilib və hasarlanıb da, ancaq o, hüquqi şəxs olduğuna görə, müvafiq sənədləri var. Onları da Bakı şəhər icra hakimiyyəti verir”, – deyə icra nümayəndəsi vurğulayıb.
Müxbirin “dəniz kənarında gedən tikintilərdən ərazi üzrə rayon icra hakimiyyətinin xəbəri olmaya bilər”? sualına cavabında icra nümayəndəsi belə deyib: “Təbii ki, hər hansı iş görülürsə, yerli icra hakimiyyəti olaraq Xəzər rayon icra hakimiyyəti maraqlanmalıdır, xəbəri olmalıdır – tikintiyə icazəsi var, ya yox."
Sonda biz məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyəti nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov ilə əlaqə saxlanıb. Müxbirin sualından sonra Zülfəli İsmayılov cavab verməkdən imtina edərək dəstəyi asdı.
Mövzunu diqqətdə saxlayacağıq.