Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-06-2014, 21:27)
Dəniz sahilindəki qanunsuz tikililər söküləcək

 

Əlabbas Bağırov: «Sökülmə ilə bağlı paytaxt meri Hacıbala Abutalıbov sərəncam imzalayıb»

Uzun zamandır ölkə ictimaiyyətində ciddi müzakirə obyektinə çevrilən mövzulardan biri də Xəzər dənizinin Azərbaycan sektoruna aid sahil zolağının qanunsuz tikililər məsələsidir. Hətta Milli Məclisin iclaslarında tez-tez müzakirəyə çıxarılan bu problem hələ də öz həllini tapmayıb. Söhbət ondan gedir ki, mərhum dövlət başçısı Heydər Əliyevin 2003-cü ilin yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında» imzaladığı sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, həmçinin Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı və Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. Yəni adları çəkilən qurumlar Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların qanunvericiliklə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etməli idilər. Amma bu proses baş tutmadı. Digər tərəfdən, Heydər Əliyevin 2003-cü ilin avqustun 4-də imzaladığı «Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsinə əsasən, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Amma son illərdə dəniz sahillərinin müəyyən hissəsinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən zəbt edilməsi, həmin ərazilərdə hasarların tikilməsi, villaların və digər obyektlərin inşası və digər neqativ hallar hələ də ictimai narazılığı artırmaqdadır.


Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 88-2-ci maddəsinə görə, sahilə gediş-gəlişin məhdudlaşdırılmasına icazə verilmir. Ancaq hasarların tikilməsi zamanı sözügedən məcəllənin müvafiq tələbləri pozulub. Qanunvericiliyə görə, dənizkənarı ərazilərin 50 metrliyinə qədər olan hissəsində tikintiyə icazə verilmir. Amma qeyri-qanuni sərəncamlar əsasında əvvəllər çimərlik kimi istifadə olunan ərazilər, Bakıdan Ələtə, xüsusilə də Sumqayıt və Novxanı arasında olan tikililər qanunsuzdur. Sahilboyu zolağın mühafizəsində yaşanan problemlərdən biri də həmin ərazilərin çirklənməsi, zibillənməsi, antisanitariya mənbəyinə çevrilməsi ilə əlaqədardır. Üstəlik, tikilən obyektlərin sanitar-gigiyenik tələblərə cavab verməməsi, sahilboyunca kommunikasiya xətlərinin, xüsusilə də kanalizasiya sisteminin olmaması da həm ərazini, həm də Xəzər dənizini çirkləndirən amillər sırasındadır.

Sahil zolağında antisanitariya güclənir

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) sanitar-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov «Həftə içi»nə etiraf edir ki, sahilboyu zolağın əksər hissəsində sanitar-gigiyenik tələblər kobud şəkildə pozulur. Amma onun sözlərinə görə, RGEM bu problemin həlli istiqamətində tədbir həyata keçirmək, günahkarları cəzalandırmaq və cərimələmək səlahiyyətinə malik deyil: «Bizim vəzifəmiz dəniz suyunun laborator tədqiqi və sahilyanı xətlərin sanitar-texniki vəziyyətinin monitorinqini keçirməkdir. Biz sahil zolağında antisanitariyanın qarşısının alınması, obyektlərin sanitar-gigiyenik tələblərə cavab verib-vermədiyi məsələsi ilə məşğul olmuruq. Bütün bu işlərə Bakı Şəhər İcra Hakimiyyəti (BİŞH) cavabdehlik daşıyır».


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov deyir ki, adıçəkilən nazirlik dəniz sahili ərazilərin qorunması, müxtəlif təyinatlı obyektlərin tikintisinə icazənin verilməsi kimi məsələlərə cavabdehlik daşımır: «Ümumiyyətlə, Xəzər sahillərində bəzi tikililərin aparılması və digər proseslərin reallaşdırılması «Bakının Baş Planı»na uyğun olaraq həyata keçirilir. Bu plana əsasən, ərazinin coğrafi relyefinin öyrənilməsi, geoloji kəşfiyyat işlərinin aparılması, obyektlər üzrə layihələndirilmə işlərinin aparılması, bu layihənin aidiyyəti qurumlarla razılaşdırılması və digər məsələlərlə biz məşğul olmuruq. Sadəcə, layihə üzrə tikintinin vəziyyətinin, eləcə də inşa zamanı normativ tələblərə əməl edilməsi vəziyyətinin yoxlanılması bizim müfəttişlər tərəfindən həyata keçirilir. Digər məsələlərlə bağlı suallarınıza BŞİH-dən cavab ala bilərsiniz».

Kanalizasiya suları dənizə axır

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, tanınmış ekoloq Telman Zeynalov qeyd edir ki, «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında» sərəncama məhəl qoyulmadan sahilboyu zolağın xeyli hissəsi zəbt edilib, bu ərazilərdə qanunsuz tikililər və hasarlar inşa edilib, istirahət zonaları salınıb: «Bu ərazilərdə kommunikasiya sisteminin, xüsusilə də kanalizasiya şəbəkəsinin olmaması çirkab tullantılarının dənizə axıdılması ilə nəticələnir. Bu isə ciddi xəstəliklərin yaranmasına və yayılmasına gətirib-çıxara bilər. Ona görə də sahilboyu zolağın mühafizəsi ciddi təhlükədədir. Daha ciddi fəsadlarla üz-üzə qalmamaq üçün dəniz sahillərindəki qanunsuz tikililər sökülməli, ərazilər təmizlənməli və mühafizə tədbirləri gücləndirilməlidir».


«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı vurğulayır ki, sahilboyu ərazilərin böyük əksəriyyətində kanalizasiya şəbəkələri yoxdur. Onun dediyinə görə, Xəzər dənizinin Şüvəlan qəsəbəsindən başlamış Türkan qəsəbəsi istiqamətindəki sahilboyu zolağında və digər ərazilərdə kanalizasiya xətləri ümumiyyətlə, olmayıb: «Dəniz sahillərində fəaliyyət göstərən obyektlərin çirkab tullantıları ya Xəzər dənizinə axıdılmalıdır, ya da bunun üçün dərin quyular qazılmalıdır. Çünki həmin ərazilərdə kanalizasiya xətlərinin çəkilişi ilə bağlı «Azərsu» tərəfindən hər hansı bir layihə həyata keçirilməyib. Heç yaxın gələcəkdə belə bir tədbirin reallaşdırılması nəzərdə tutulmur».

Baş Plan Nazirlər Kabinetinə təqdim ediləcək

Xatırladaq ki, paytaxtın Xəzər dənizi sahillərində 35 çimərlik var və onlardan yalnız biri dövlətin balansındadır. Yerdə qalan 34 çimərlik isə özəl çimərliklərdir. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə bildirir ki, çimərliklərlə bağlı məsələ daim paytaxt meriyasının diqqət mərkəzində saxlanılır. Onun dediyinə görə, dəniz sahillərinin mühafizə zolağında müxtəlif obyektlərin inşa olunması, hasarların tikilməsi həmişə ciddi narahatlıq doğurub. Buna görə də BŞİH başçısı Hacıbala Abutalıbov bir neçə gün əvvəl sərəncam imzalayıb: “Həmin sərəncama əsasən, çimərliklərə giriş pulsuz olmalıdır. Həmçinin sahil zolağının mühafizə ərazisində, yəni dənizdən 20-30 metr aralıda tikilmiş bütün obyektlər və hasarlar söküləcək. Bu proses yaxın günlərdə baş tutacaq». 
Bakının keçmiş Baş Planının baş memarı olmuş əməkdar memar Feyzulla Quliyev isə deyir ki, «Böyük Bakının Regional İnkişafı Proqramı»na əsasən, Xəzər dənizi sahili boyunca yaşıllıqların inşkiaf etdirilməsi və istirahət zonalarının bərpası nəzərdə tutulub. Onun dediyinə görə, dənizkənarı ərazilərdə kurort-istirahət əhəmiyyətli obyektlər tikiləcək: “Böyük Bakının Baş Planı artıq hazırdır və o, aidiyyəti qurumlarla razılaşdırılıb. Yaxın vaxtlarda bu sənəd Nazirlər Kabinetinə təqdim ediləcək. Hökumət bu sənədi təsdiqlədikdən sonra bütün işlər, o cümlədən, tikinti işləri qanunamüvafiq formada həyata keçiriləcək. Bütün proseslər isə mərhələli şəkildə müəyyən qruplar tərəfindən reallaşdırılacaq».

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024