Sosial (4-02-2014, 12:46)
QHT sədrindən təklif: “İnternetlə bağlı dövlət qurumu yaradılmalıdır
“İnternet resurslarının inkişafı və idaərolunması ilə bağlı dövlət qurumuna ehtiyac var”.
Bunu AzNews.az-a İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov bildirib. Onun sözlərinə görə, Milli Məclisin iclasında internet saytlarında terrora çağırış, gənclərin müxtəlif xarici terrorçu qruplara qoşularaq, müxtəlif münaqişə ocaqlarına cəlb olunması deputatların müzakirəsində əsas mövzulardan olub:
“Doğrudan acınacaqlı vəziyyətdir və 250 nəfərdən çox azərbaycanlı (gənc və ya gənclik yaşını ötən) Suriyada döyüşür. Onlardan 40 nəfəri öldürülüb”.
Rəfail Becanov əlavə edib ki, bu problemi önləmək, kütləviləşmənin qarşısını almaq üçün Milli Məclis qanunların, Prezidentin Fərman və Sərəncamlarının cavabdeh qurumlar, nazirliklər, komitələr tərəfindən vaxtında icrasına nəzarət imkanlarını müzakirə etməlidirlər. Təşkilat sədri qeyd edib ki, gənclərin inkişafı, oxuması, yaşaması, asudə vaxtının təşkili üçün qəbul olunan qanun və qərarların icrasına ciddi nəzarət mexanizmi işlənib hazırlanmalıdır:
“Hesab edirəm ki, əks halda bu bəlanın qabağını almaq mümkün olmayacaq. Bununla yanaşı ölkədə internet resurslarının daha düzgün və səmərəli idarə olunması üçün müxtəlif Dövlət Proqramlarının hazırlanması və həmin proqramların icrasını təmin etməlidir”.