Sosial (29-04-2015, 23:10)
Azərbaycanda əhalinin cəmi 11 faizi kitab oxuyur
Çingiz Abdullayev: “Bunun əsas səbəblərindən biri kitab satışı mağazalarının bağlanmasıdır”
Sankt-Peterburqda keçirilən müsabiqə çərçivəsində MDB ölkələri və iri şəhərlər arasında nə qədər insanın kitab oxuduğunu müəyyən etmək üçün sosioloji sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, Azərbaycan bu göstəricilərdə xeyli geridə qalır. Sorğular nəticəsində məlum olub ki, Sankt-Peterburqda əhalinin 65 faizi, Gürcüstanda 49 faizi, Ermənistanda 38 faizi və Azərbaycanda isə 11 faizi kitab oxuyur.
“Həftə içi”nin məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevin Suraxanı rayonundakı 278 saylı tam orta məktəbdə keçirilən görüşdə bildirib. Daha çox dedektiv janrda yazdığı romanları ilə MDB və Avropa ölkələrində məşhurlaşan xalq yazıçısı Azərbaycanda əhalinin kitaba olan marağının bu həddədək azalmasını Bakıda və regionlarda fəaliyyət göstərən kitab satışı mağazalarının bir çoxunun bağlanması ilə əlaqələndirib. O, 20 ilə yaxın müddət ərzində Azərbaycanın ikinci böyük və qədim şəhəri olan Gəncədə heç bir kitab mağazasının olmamasını təəssüf hissi ilə qeyd edib: “Çünki indi kitab mağazalarının hamısı bağlanıb. Bakı şəhərində isə cəmi 8 kitab mağazası fəaliyyət göstərir. Halbuki inkişaf səviyyəsinə görə Bakıdan xeyli geridə qalan, kasıb Tiflis şəhərində 78 kitab mağazası var”.
Çingiz Abdullayev məktəb yaşlı uşaqlara, gənclərə səslənərək onları kitab oxumağa, mütaliə vərdişlərini genişləndirməyə çağırıb: “Əziz balalar, kitab oxuyun, hər şey kitabdan başlayır. Çünki nə qədər uşaqlarımızın bilik göstəriciləri dünya səviyyəli olsa, bir o qədər yaxşı olar. Dünyada yeganə millətik ki, məktəbdə uşaqlarımıza “5” qiyməti yazdırmaq üçün müəllimlərə pul veririk. Təəssüflər olsun ki, diplom alan həkimlərimiz və hüquqşünaslarımız var ki, onların savadları yoxdur. Hətta onların arasında hansı ixtisasa yiyələndiyini dəqiq söyləyə bilməyənlər də var. Ona görə də uşaqlar oxumalı, savadlı olmalıdır. Amerikada Corc Vaşinqton, Moskvada isə Lenin adına kitabxana dünyada ən böyük kitabxanalardandır ki, orada bütün elmlərə aid əsərlər var. Bu gün millətimizin övladlarının savadlı gənc kimi yetişməsi üçün 60 min dərsliyə ehtiyac var. Həmin 60 min dərsliyi hazırlamaq üçün 300 min tərcüməçi, 300 min mütəxəssis olmalıdır. Sayı 50 milyondan az olan Azərbaycan xalqı heç vaxt 60 minlik dərsliyi hazırlaya bilməz. Bu qədər dərsliyi tərcümə edib çap etdirə bilmərik. Ona görə də mütləq bizim uşaqlarımız doğma ana dili ilə yanaşı, xarici dilləri də bilməlidirlər. Əgər həqiqətən də uşaqlarımızın bu 60 min dərsliyi oxumasını istəyiriksə, onda onlar mütləq xarici dilləri bilməlidirlər. Rus və Azərbaycan dilini bilənlər ən azı 10-15 millətin dilini başa düşərlər. Çünki Azərbaycan dilini bilənlər türk mənşəli xalqların dilini, rus dilini bilənlər isə slavyan mənşəli xalqların dilini başa düşür. Əgər həyatda insan ancaq pul qazanmaq haqqında düşünürsə, onun uğuru olmayacaq. Ona görə insan pul qazanmaq haqqında çox düşünməməlidir, pul üçün çalışmamalıdır. Bu gün bir az pulu olanlar gedib restoranlar, şadlıq evləri açdırır, bütün gün televiziyada özünü reklam etdirir. Bu, bizim bəlamızdır. Biz belə olmamalıyıq”.
Xatırladaq ki, ümumilikdə 140-dan çox roman və povestin müəllifi olan Çingiz Abdullayevin kitabları 27 dilə tərcümə olunub. Onun kitablarının ümumi tirajı isə 26 milyondan çoxdur və hazırda bu göstərici gün-gündən artır. Hüquq elmləri professoru, 4 universitetin fəxri doktoru olan xalq yazıçısının ilk kitabı “Mavi mələklər” («Голубые ангелы») adlanır. 1988-ci ildə çıxan bu kitabın 3 il rəsmi çapa buraxılmasına qadağa qoyulub. 1989-cu ilin fevralından AYB-nin katibi vəzifəsində çalışan Çingiz Abdullayev beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb (1988). Onun hüquqşünas kimi doktorluq dissertasiyası isə beynəlxalq cinayət problemi barədədir. Hazırda həm də “Neftçi” İdman Klubunun prezidenti olan xalq yazıçısı güllə atıcılığı üzrə idman ustasıdır. O, Azərbaycan və rus dillərindən başqa ingilis, italyan, fars dillərində sərbəst yaza və danışa bilir.
Qələndər Xaçınçaylı
