Sosial / Slayd (29-04-2015, 20:51)
Müdafiə nazirindən önəmli savaş mesajları
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.Mediatv.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Zakir Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılan hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev mərasimdə çıxış edərək ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlılara göstərilən etimada görə minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin birləşmələrinin nümayəndələri qarşısında çıxış edərək müdafiə naziri bildirib: "Bu gün biz Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edir və yeni yardılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edirik. Bu, qısa bir müddətdə düşmənə qarşı keçirilən uğurlu, parlaq fəaliyyətlərin nəticəsi olaraq, döyüşlərdə sınanmış xüsusi təyinatlılara ölkə rəhbərliyi tərəfindən verilən ən böyük qiymətdir.
Burada Vətəninə, xalqına sadiq, hər an torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan Azərbaycan övladları xidmət edir. Ordumuzun gücü şəxsi heyətin vətənpərvərliyində, qəhrəmanlığında və peşəkarlığındadır. Mən bu keyfiyyətləri Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətində görürəm.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır" sözləri qarşımızda mühüm vəzifələr qoyur. Bu vəzifələr bizim üçün bir hədəfdir.
Düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji vəziyyətinin sarsıdılması və müqavimətinin sındırlması ilə Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və qüdrətini hiss etdi.
Bununla da düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı.
Bu gün əminliklə bəyan edirik ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. Bu mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək vacibdir.
İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır: düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin.
Hamımız Ali Baş Komandanın əmrinə daim hazır olmalıyıq. Bunun üçün Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığı səviyyəsini durmadan daha da artırır. Azərbaycan xalqı, dövlət rəhbərliyi Silahlı Qüvvələrimizə, o cümlədən xüsusi təyinatlılarımıza inanır, fəaliyyətinizə yüksək qiymət verir və sizinlə fəxr edir.
Biz də öz növbəmizdə bu yüksək etimadı doğrultmağa daim hazır olmalıyıq. Bir daha sizi təbrik edərək xidmətinizdə uğurlar arzulayıram".
Sonra hərbi xidmətdə fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub. Hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Təntənəli mərasimdən sonra xüsusi təyinatlılar soyuq və atıcı silahların istifadəsi, helikopter və avtomobillə pusquya qarşı fəaliyyət, yaxın döyüşdə tapşırıqların icrası üzrə müxtəlif fəndləri məharətlə icra ediblər.