Sosial (21-04-2015, 21:53)
Gəncə və Şəkinin rəqəmsal kadastr xəritəsi yaradılacaq
Qulu Xəlilov: «Bu layihə mülk sahibləri, dövlət qurumları və biznes üçün geniş imkanlar açacaq”
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işləri sürətləndirib. Adıçəkilən qurum hazırda Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsinin icrasını davam etdirir.
ƏMDK-nin ictimaiyyətlə əlaqələr şektorunun müdiri Qulu Xəlilov «Həftə içi»nə bildirir ki, layihənin əsas hədəfi layihə ərazisində bütün daşınmaz əmlakların kadastrının tərtibi, həmçinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatında xidmət səviyyəsinin artırılması üçün rəqəmsal kadastr bazasının təmin edilməsidir. Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir: «Ümumilikdə 255 min hektar ərazini əhatə edən layihənin icrasına 2013-cü ilin oktyabrından başlanıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə ərazisində bütün növ daşınmaz əmlaklar, yəni çoxmənzilli binalar, mənzillər, fərdi evlər, həyətyanı torpaq sahələri, pay torpaqları, kommersiya, istehsal və kənd təsərrüfatı obyektləri mövcuddur.
Layihənin mülk sahibləri, dövlət qurumları və biznes üçün geniş imkanlar açacağını deyən Qulu Xəlilov bildirir ki, bəzi hallarda pay torpaqları ilə sənədlərdə, o cümlədən xəritələrdə məlumatlar faktiki uyğunsuzluqlara rast gəlinir və bu, həmin torpaqların sənədləşdirilməsində çətinliklər yaradırdı: “İndi isə layihə çərçivəsində aparılan dəqiq ölçmələr nəticəsində belə çatışmazlıqlar aradan qaldırılır. Ölçmə işlərinin dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə dəstək verəcək».
Komitə rəsmisi vurğulayır ki, «Kadastr və daşınmaz əmlakın qeydiyyatı» layihəsi daşınmaz əmlak bazarı ilə əlaqədar olan ən müxtəlif qrupların - əmlak sahiblərinin, dövlət qurumlarının və kommunal xidmətlərin fəaliyyətinə müsbət təsir göstərəcək. Layihənin nəticəsi imkan verəcək ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün lazım olan müddət minimuma endirilsin: «Rəqəmsal kadastr xəritələri bir çox hallarda qeydiyyat məqsədləri üçün kadastr ölçmə işlərinin çölə çıxmadan kameral şəraitdə icra edilməsinə imkan yaradacaq. Əmlak sahibləri üçün layihənin faydası ondan ibarətdir ki, əmlakın qeydiyyatı zamanı onun hüquqi təhlükəsizliyi təmin olunur. Torpaq sahələri üzrə sərhədlər dəqiqləşdirilir. Daşınmaz əmlakın alqı-satqısı sadələşir. Kommunal məsələlər baxımından da layihənin faydası az deyil. Şəhərin kommunal xətləri lazımınca planlaşdırılacaq, enerji-kommunal müəssisələri və ətraf mühit təşkilatlarının fəaliyyətinə müsbət təsir göstərəcək. Elektron kadastr məlumat bazası şəhərin planlaşdırılması üçün təməl sənədlər bazasıdır. Layihə nəticəsində torpaqlardan istifadə üçün planlaşdırma imkanı yaranacaq, şəhər təsərrüfatının idarə edilməsi işi təkmilləşəcək. Turizmin inkişafına şərait yaranacaq».
Təbriz Vəfalı
