Sosial / Slayd (20-04-2015, 11:15)
Nizaminin icra başçısı məsuliyyət hiss etmirmi? - PROBLEM
Əvvəlki illərlə müqayisədə yol infrastrukturu demək olar ki, çox dəyişib. Dövlət səviyyəsində bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib.
Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq avtomobil yollarının tikintisi, yenidənqurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yol ötürücüsü tikilib. Bununla belə, bəzi kənd və qəsəbə yolları hələ də bərbad vəziyyətdədir. Paytaxtın Nizami rayonunun bəzi küçə və prospektlərində bu problem daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, rayonun ən böyük prospektlərindən hesab edilən Qara Qarayev prospektinin demək olar ki, tamamı yamaqlı vəziyyətdədir. Ən acınacaqlı mənzərə isə "Xalqlar Dostluğu" metrosunun qarşısından "Laçın" Ticarət Mərkəzinə gedən yolda yaşanır. Bu yoldan istifadə edən nəqliyyat vasitələrinin sahibləri problem yaşamaq məcburiyyətində qalırlar. Bundan narazı qalan sürücülərdən biri redaksiyamıza bildirdi ki, yolların istifadəyə yararsız halda olması onları xərcə salır: "Metrodan bazara qədər yol kələ-kötürdür. "Laçın" Ticarət Mərkəzinin qarşısında daha dözülməz vəziyyət hökm sürür. Bir neçə gün əvvəl həmin istiqamətdə hərəkətdə olarkən avtomobilimin təkəri partladı. Buna səbəb yolun yaman gündə olması idi. Neçə ildir ki, bura belədir. Amma Nizami Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri məsələyə bir əncam çəkmirlər. Sürücülərin bir çoxu çuxura düşməmək üçün maşını sağa-sola qaçırır. Bu isə təhlükənin, yəni qəza vəziyyətinin yaranmasına səbəb olur. Elə yollar var ki, ehtiyac olmadığı halda söküb yenidən təmir edirlər. Bərbad vəziyyətdə olanlara isə baxan yoxdur. Yağış yağanda ümumiyyətlə biabırçı vəziyyət yaranır. Çala-çuxurlar bizi bezdirib. Sıradan çıxan yollar sürücülərin əsəbini tamam tarıma çəkib. Qara Qarayev prospektində addımbaşı çala-çuxura, ağzı açıq lyuklara, işləməyən kanalizasiyalara, köhnəlmiş yağış kollektorlarına rast gəlmək olar". Sözügedən ünvanda yolların istifadəyə yararsız halda olması vətəndaşları da narahat edir. Avtobusdan gündəlik istifadə edən Nizami rayon sakini Kazım müəllim deyir ki, Qara Qarayev prospektinin əsas hissəsinin istifadə üçün yararsız olmasının səbəbkarlarından biri də icra başçısı Tahir Budaqovdur: "Mən neçə ildir ki, "8-ci kilometr" bazarının yaxınlığında yaşayıram. İş yerim isə Zığ qəsəbəsindədir. Hər gün işə gedib-gələrkən əsəbiləşirəm. Hər dəfə "Laçın" Ticarət Mərkəzinin, eləcə də "Xalqlar dostluğu" metrosunun qarşısından keçəndə aidiyyəti qurumların ünvanına "xoş" sözlər deyirəm. Çala-çökək yolların ucbatından avtobusda az qalır ki, başımız dama dəysin. Nizami rayonunun ərazisində hara baxırsan qanunsuz tikinti işləri aparılır. Ağacları kəsib yerində bina, ticarət obyekti tikirlər. Artıq iş o həddə çatıb ki, piyada səkilərinin üzərində də tikinti işləri aparılır. İcra hakimiyyətinin işçilərinin başı obyekt yerlərinin satılmasına qarışıb. Yolun bu vəziyyətdə olması onları maraqlandırmır. Bir dəfə icra hakimiyyətinə gedib yolların nə vaxt təmir olunacağı ilə maraqlanmaq istədim. İcra hakimiyyətinin işçisi isə mənə dedi ki, biz yol düzəldən deyilik, get dərdini başqasına de. Naəlac şəkildə evə qayıtdım. Rayon rəhbərliyi məsuliyyəti öz üzərindən atır. Nəqliyyat Nazirliyinin əməkdaşları da həmçinin. İndi biz kimə deyək ki, gəlsin bu yolları düzəltsin?".
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin rəsmilərinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.