Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-04-2015, 12:44)
Ağdamlılar baharın gəlişini böyük ruh yüksəkliyi ilə qeyd ediblər

 

 

Əmək cəbhəsində əldə edilən uğurlar, bayramları da yüksək əhval - ruhiyyədə keçirməyə haqq qazandırıb

Xalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Ağdam rayonunda böyük təntənə ilə qeyd olundu. Rayonun bayramsayağı bəzədilmiş Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksinin stadionunda gül-çiçək, bayram xonçaları və səmənilər düzüldü, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, rayonun tarixini özündə əks etdirən eksponatları nümayiş etdirildi. 5 min nəfərdən artıq Ağdamlının, həmçinin N saylı hərbi hissənin əsgərlərinin iştirak etdikləri və xüsusi proqram nümayiş etdirdikləri  bayram tədbirində tonqal yandırıldı, Dədə Qorqud və Bahar qızın, milli paltar geyinmiş atlıların meydana gəlişi, kəndirbazın, pəhlivanların, gənc idmançıların çıxışları maraqla qarşılandı.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Ağdamıları baharın gəlişi münasibətilə təbrik etdi, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzuladı.

Rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr və fəxri fərmanlar təqdim edildi. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun “Şur” ansablının, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri rəngarəng ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş etdi.

 

Tərəqqipərvər Ağdam vətəndaşlarının öz zəhmətləri ilə öyünməyə halal haqları vardır

 Ağdamlıların öz zəhmətləri ilə öyünməyə, qazandıqları nailiyyətlərin bəhrəsini görməyə, bayramları da yüksək əhval - ruhiyyədə qeyd etməyə halal haqları vardır. Keçən il əmək cəbhəsində əldə etdikləri uğurlar onlara bu haqqı verir.

2014-cü ildə Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 156,8 milyon manat olub. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon 158 min manat və ya 44,3 faiz çoxdur.  2014 - cü ildə 6 milyon 358 min manatlıq sənaye, 75 milyon 591 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 61 milyon 978 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.

                2014-cü il ağdamlılar üçün Prezident İlham Əliyevin avqustun 6-da Ağdama səfəri ilə əlamətdar olub. Dövlətimizin başçısı səfər çərçivəsində təmas xəttində yerləşən hərbi hissədə hərbiçilərlə görüşüb, rayon ərazisində 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib. Prezident İlham Əliyev səfərdən dərhal sonra Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisinə dair sərəncamlar imzalayıb.

Keçən il Quzanlı qəsəbəsində Heydər Əliyev prospektinin İmamqulubəyli kəndi istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb, Quzanli-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi başa çatıb. Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi, Birinci Baharlı, Hacıməmədli, Əfətli və Həsənxanlı kənd tam orta məktəbləri, Təzəkənd və Ballar kəndlərində tibb məntəqələri üçün yeni binalar istifadəyə verilib. İmamqulubəyli kənd tam orta məktəbi və Əfətli kəndində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi əsaslı təmir olunub. Hazırda Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində avtovağzalın, ərazi kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik lisey binalarının tikintisi davam etdirilir.

2014-cü il rayonun idman həyatında da əlamətdar olub. Belə ki, rayonun “Qarabağ” futbol klubu Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün çempionu adını qazanıb. Bundan başqa, müxtəlif idman növləri üzrə respublika əhəmiyyətli birincilik və çempionatlarda, zona yarışlarında, beynəlxalq səviyyəli turnirlərdə 3 idmançı birinci yerə, 8 idmançı ikinci yerə, 38 idmançı üçüncü yerə layiq görülüb.

 Ağdamın yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri ,maliyyə mütəxəssisi Rəşad müəllim nikbinliklə proqnoz edir ki, yaxın illərdə Ağdam rayonunun inkişafı o səviyyəyə çatacaq ki, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Novruz Hacıyevin rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Ağdam rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Ağdam rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Əvəz Sadıqovun rəhbərlik etdiyi Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

 

                Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi diqqət mərkəzində saxlanılıb

 

Ağdam rayonu ərazisinin 77,4 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilməsi nəticəsində bir çox təbii su mənbələri işğal altında qalıb. Odur ki, rayonun işğal olunmayan ərazilərindəki əkin sahələrinin suvarılması əsasən subartezian quyuları və nasos stansiyaları vasitəsilə həyata keçirilir. 

 

Rayonda kənd təsərrüfatı məhsullarının ildən-ilə artırılmasında,təcrübəli mütəxəssis Hafiz Əzimzadənin rəhbərlik etdiyi Suvarma Sistemləri İdarəsinin də səmərəli rolu var. Suvarma sistemləri şəbəkəsinin daim saz vəziyyətdə saxlanması, arx və kanalların, drenlərin vaxtaşırı təmizlənməsi rayon suvarma sistemləri idarəsinin gündəlik qayğısıdır. Melioratorların torpaq istifadəçilərinin su tələbini yüksək səviyyədə ödəməyə yönələn fəaliyyəti məhsul bolluğunu təmin edən əsas şərtlərdəndir.

Rayonda əkin sahələrinin suvarılması və əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilməkdədir.

 

 

Dövlətimizin təhsil sistemini n inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu vəzifələr Ağdam rayonunda da uğurla yerinə yetirilir

Dövlətimizin təhsil sistemini inkişaf  etdirilməsi sahəsində qarşıya qoyduğu  vəzifələr köçkünlük şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, Ağdam RTŞ-nin işçiləri  də  Rayon İcra Hakimiyyətinin köməkliyi  ilə tələb olunan səviyyədə yerinə yetirilməsinə  çalışmışlar.

Xüsusilə  ölkə Preizidenti  cənab İlham Əliyevin 06 avqust 2014-cü il tarixdə Ağdam rayonuna  olan  səfəri, yeni İmamqulubəyli qəsəbəsinin  açılışı  zamanı rayon ictimayyəti  ilə olan səmimi  söhbəti, qəsəbədə olan 440  şagird yerlik yeni tam orta məktəbin  açılışında şəxsən  iştirak  etməsi, rayonda görülən  böyük quruculuq-abadlıq işlərini qiymətləndirilməsi təhsil işçilərini də  ruhlandırmış, daha da yaxşı  işləməyə  sövq etmişdir.

Təctübəli pedaqoq Elmira Şükürovanın rəhbərlik etdiyi Rayon Təhsil şöbəsi 2014-2015-ci dərs ilində 135 ümümtəhsil, 5 məktəbdənkənar, 35 məktəbəqədər təhsil müəssisələri   ilə fəaliyyətə başlamışdır.  Bu məktəblərdən 59-u rayon ərazisində, qalan 76-sı isə  köçkünlüklə əlaqədar respublikanın müxtəlif  bölgələrində fəaliyyət  göstərir. Rayon ümumtəhsil məktəblərində  19098  nəfər şagird  təhsilə  cəlb edilmişdir ki, bunların  da  təlim-tərbiyəsi ilə 3793 nəfər müəllim məşğul olur.

2014-cü ilin fevral-may ayları ərzində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bir çox inşa yazı, rəsm və başqa müsabiqələr, idman yarışları keçirilmiş, aprel ayında  Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr olunmuş Respublika şahmat festifalında  məktəbin yetirməsi Yusif Məmmədov 12 yaşadək oğlanlar  arasında III yer, iyulun 12-23 tarixlərində İsmayıllı rayonunda  keçirilən Respublika şahmat olimpiadasında  məktəbin yetirməsi Polad Salmanov 8 yaşlı oğlanlar  arasında II  yeri  tutmuşdur.

                Rayonun pedaqoji kollektivləri də ölkə rəhbərliyinin qayğı və diqqətindən kənarda qalmamış, keçən il 1 saylı köçkün tam orta məktəbin direktoru Kərimova Çimnaz Əşrəf qızı “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Rayon ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Bununla bağlı bütün təhsil müəssisələrində müxtəlif səpgidə tədbirlər – kitab müzakirələri, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş, hər bir məktəbdə bütün siniflərdə “Qarabağın qan yaddaşı” kitabı hazırlanmış, burada işğal olunmuş ərazilərdə olan tarixi abidələr, mədəniyyət nümunələri öz əksini tapmışdır. Hər bir təhsil müəssisəsində Ağdamın “Milli Qəhrəmanları” haqqında stendlər düzəldilmiş, onların döyüş yolları qeyd edilmişdir.

2014-cü ilin məzunlarından 5 nəfəri  Respublika Polis Akademiyasına, 7 nəfəri isə Ali Hərbi  məktəblərə yüksək  balla qəbul olmuşlar.

İldən ilə məktəblərdə komputer siniflərinin sayı artır, İnformasiya Kommunikasiya Texnologiyaları avadanlıqlarından istifadə daha da genişlənməkdədir. Hazırda rayonun  ümumtəhsil  məktəblərində  477  ədəd  kompyuter quraşdırılmışıdır. Bundan başqa rayonun  işğal  olunmamış ərazisində fəaliyyət göstərən 19 ümumtəhsil məktəblərində və RTŞ-nin özündə  sürətli internet xəttinə  qoşulma işi başa çatdırılmışdır.

2014-cü ilin mart-may  aylarında  rayonun bütün  bölgələr  üzrə fəaliyyətdə olan  məktəblərinin VIII-XI sinif şagirdləri  arasında  Azərbaycan xalqının  ümummilil Lideri Heydər Əliyevin 91 illik  yubleyi ilə əlaqədar “Heydər Əliyev” Azərbaycan Dövlətinin memarıdır” mövzusunda inşa müsabiqəsi  keçirilmişdir. Bu müsabiqədə  300- nəfərə qədər şagird iştirak  etmişdir. RTŞ-də yaradılmış işçi  qrupu  bu  müsabiqəni yekunlaşdırmış, rayonun  5  saylı tam orta  məktəbinin IX sinif  şagirdi Əlişov Coşqun Elşən oğlu müsabiqənin  qalibi olmuşdur. O,  müsabiqənin Respublika mərhələsində də uğurla iştirak  edərək fərqlənə  bilmişdir. Bundan başqa rayonun  ümumtəhsil  məktəbləri  arasında  “Mən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi nə  üçün çox istəyirəm”,”Ağdam mənim inləyən  diyarım”, “Biz  Böyük  Ağdama mütləq qayıdacağıq” mövzusunda inşa müsabiqələri  keçirilmiş, hər bir mövzuda  yazılmış yazı  işləri diqqətlə  yoxlanılmış,qaliblər mükafatlandırılmışlar.

Tədris ili ərzində rayonun məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə nəzarət artırılmış, ötən tədris ilində fəaliyyətində nöqsanlara yol verilən qrupların fəaliyyəti dayandırılmışdır.

Ümumtəhsil məktəblərinin IX və XI sinif  şagirdlərinin  buraxılış-test imtahanlarına hazırlıq  vəziyyəti  ilə  bağlı bir  sıra tədbirlər  həyata keçirilmişdir. Belə  ki, bütün məktəblərdə buraxılış imtahan fənləri üzrə əlavə məşğələlər təşkil edilmiş, bu məşğələlərin vaxtında, məsuliyyətlə keçirilməsinə nəzarət edilmişdir. Dəfələrlə məktəb rəhbərləri, fənn müəllimləri, IX və XI sinif şagirdləri, onların valideynləri ilə müvafiq təlimatı söhbətlər aparılmış, seminarlar keçirilmişdir.

Rayon ümumtəhsil məktəblərinin şagirdlərinin buraxılış imtahanı verməsi üçün məktəbləri əhatə edən 3 imtahan mərkəzi yaradılmış, bu mərkəzlər qabaqcadan tam təlimata uyğun hazırlanmışdır. Rayon üzrə buraxılış imtahanları 18 iyun 2014-cü il tarixdə keçirilmişdir. XI siniflər üzrə  imtahana buraxılan 1063 nəfərdən, 1040 nəfəri imtahanda iştirak etmiş, 739 nəfər  müvəffəq qiymət almış, müəffəqiyyət 71 faiz olmuşdur. IX siniflər üzrə imtahana buraxılan 1633 nəfərdən, 1556 nəfər  imtahanda iştirak etmiş, 950 nəfər müvəffəq qiymət almış, müəffəqiyyət 61 faiz  olmuşdur.

Yeni hazırlanmış qaydalara görə, məzunların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakını təmin etmək məqsədi ilə aldığı buraxılış imtahanlarının qiymətlərindən asılı olmayaraq hər bir məzuna təhsil sənədi verilmişdir.

Məktəblərin faliyyətinin qiymətləndirlməsinin mühüm göstəricilərindən biri də məzunlarının  ali təhsil müəssisələrinə qəbul imtahanlarında  əldə etdikləri yüksək nəticələrdir. 2014- cü ildə rayon ümumtəhsil məktəblərini bitirmiş   1063   nəfər məzundan 560 nəfəri (52.6 faiz) ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmiş, onlardan 343 nəfəri (sənəd verənlərin 61.3 faizi) ali məktəblərə, 75 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Tələbə adını qazananlardan 12 nəfəri 600-dən , 45 nəfəri isə 500-dən çox bal toplamışdır. Sevindirici  haldır  ki,  Çəmənli kənd tam orta  məktəbin  məzunu  Məmmədzadə İlkin Rəfail oğlu  700 bal  toplayaraq  Azərbaycan Tibb Universitetinin müalicə - proflaktika fakultəsinə  daxil olmuşdur.

27 avqust 2014-cü il tarixdə Rayon İcra Hakimiyyəti  Başçısının  təşəbbüsü ilə  500-dən  artıq bal toplayaraq ali məktəblərə  qəbul  olmuş  məzunlarla rayon ictimayyətinin  görüşü keçirilmişdir. Görüşdə  həmin məzunların  hər biri  Rayon İcra Hakimiyyəti  tərəfindən pul  mükafatları  ilə mükafatlandırılmışdır. Bundan başqa  ali məktəblərə  qəbul  olunmuş  imkansız  ailələrdən olan 7 nəfər tələbəyə  təhsil  aldığı  müddətdə  hər ay 100 manat təqaüdün verilməsi  üçün  qərar  qəbul  edilmiş və  qərarın icrası  yerinə yetirilir.

Təhsil Şöbəsində  tərtib edilmiş  reytinq cədvəlinə  görə, hər bir məktəbin  məzunlarının ali məktəbə  qəbulu  vəziyyəti araşdırılmış, ən yüksək nəticə 34 saylı  məktəbdə 100  faiz (4 nəfərdən 4-ü, direktor Günel Vəliyeva), Mahrızlı kənd tam orta məktəbində 80 faiz (5 nəfərdən 4-ü, direktor Sudeyif Məhərrəmov), 28 saylı tam orta məktəbdə 80 faiz (5 nəfərdən 4-ü,  direktor Tahirə Şahmuradova), 150 saylı tam orta məktəbdə 80 faiz (5 nəfərdən 4-ü, direktor Gülarə Sadıqova), 100 saylı tam orta məktəbdə 75 faiz (8 nəfərdən 6-sı, direktor Tünzalə Ağayeva), 36 saylı tam orta məktəbdə 75 faiz (12 nəfərdən 8-i, direktor Nərminaz Quliyeva) ali məktəblərə qəbul olmuşdur.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl  I  sinifə qəbul edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli 739 N –li əmri ilə təsdiq edilmiş qaydalara əsasən 20 iyul – 20 avqust tarixə kimi  I sinfə qəbul edilmək üçün valideynlərin 16 sentyabr -31 dekabır müddətində 6 yaşı tamam olan uşaqların qeydiyatı aparılmış, RTŞ –nin yaratdığı 7 nəfərdən ibarət komissiya heyyəti 398 nəfər uşağı 01-10 sentyabr ayı ərzində müsabiqədən keçirmişdir. Rayon üzrə 353 nəfər  uşaq komissiyanın qərarına əsasən vaxtından əvvəl I siniflərə qəbul edilmişdir.

2014-cü  ilin sentyabr-oktyabr aylarında yeni dərs  ilin başlanması ilə əlaqədar məktəblərin UM-1 hesabatının dəqiqləşdirləməsi üçün müvafiq işlər görülmüş,hər bir məktəbdə ayrı-ayrı siniflərdə oxuyacaq şagirtlərin siyahısı Təhsil Nazirliyinin, eləcədə TQDK-nın saytında şagird-məzun sisteminə yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası  Təhsil Şöbəsi aparatında geniş müzakirə edilərək  il ərzində bütün ümumtəhsil məktəblərində kollektivin iştiraki ilə müzakirə edilmiş, fəaliyyət planlarında görüləcək işlər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 oktyabr 2014-cü il tarixli, 46-14-6443/16 nömrəli  məktubuna  əsasən  2014-2015-ci  tədris ilinin noyabr-may  aylarında  rayon ərazisində fəaliyyət  göstərən ümumtəhsil  məktəblərinin XI sinif  şagirdlərinə rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində  fəaliyyət göstərən  Heydər Əliyev Mərkəzində Rayon Təhsil Şöbəsinin əmri  ilə yaradılmış tarix müəllimlərindən ibarət komissiya   üzvləri vasitəsi ilə xüsusi dərslər keçirilməsi davam etdirilir. Artıq         04 noyabr 2014-cü il tarixdən “Ümummilli Lider Heydər Əliyev” irsinin öyrədilməsi mövzuları üzrə Azərbaycan tarixi dərslərinin  tədrisinə başlamışlar.

2014-cü ildə rayon ümumtəhsil məktəblərində aparılan təlim-tərbiyə  işlərinin müxtəlif  problemlərinə aid məktəb direktorlarının, direktor müavinlərinin seminar-müşavirələri keçirilmiş, rayon təhsilinin müasir problemlərinə dair məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilmişdir.

Rayonda orta ixtisaslı mütəxəsislərin hazırlanması sahəsində Ağdam Musiqi Kollecinin, Ağdam Sosial İqtisadi Kollecinin, orta Pillə Peşə hazırlığının həyata keçirilməsində 2 saylı və Ağdam 4 saylı Peşə məktəbləri fəaliyyət göstərirlər. Onların hər biri müstəqil binaya malikdir. Həmin məktəblərdə son dövrlərdə təlim-tərbiyə və tədrisin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər aparılır və hər bir məktəb rayonun ictimai -siyasi həyatında keçirilən tədbirlərdə yaxından iştirak edirlər.

                2013-2014-ci tədris  ilində müxtəlif ixtisaslar  üzrə Musiqi Kollecini  bitirməli olan 71 nəfər  tələbədən hamısı  tədris ilini müvəffəqiyyətlə  başa  vurmuş və  dövlət imtahanlarına  buraxılmışlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin  edib  göndərdiyi ixtisaslı  nümayəndənin iştirakı  ilə, bu  il imtahanlarda iştirak  etmiş 65 tələbə imtahanlardan müvəffəqiyyətlə çıxmış və  diplom almağa layiq bilinmişlər, 6 nəfər tələbə isə dövlət imtahanlarından keçməmişlər.

Ağdam Dövlət Sosial İqtisadi Kollecində  isə  213 nəfər dövlət imtahanlarına buraxılmış, onlardan 208  nəfəri  imtahanları  uğurla  verərək  diploma  layiq görülmüşlər.

2014-2015-ci tədris ilində 2 və 4 saylı Peşə məktəblərinin hər birində 100 nəfər şagird müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

                Rayon İcra Hakimiyyətinin  tabeliyində  35 körpələr evi-uşaq bağçası fəaliyyət  göstərir. Həmin  bağçalardan 20-si ərzaqla təmin olunur. Qalan 15 bağçanın ərzaqla təmin olunması  istiqamətində tədbirlər  görülür.

 

Rayon səhiyyəsinin işində böyük yeniliklər və keyfiyyət dəyişiklikləri olmuşdur  

 

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına  uyğun olaraq, 2014-cü ilin fevral  ayının  17-dən may ayının 1-dək  rayonda  əhalinin  tibbi müayinədən keçirilməsi  işi uğurla  başa  çatmış, rayon ərazisində  44 kənd, 17 qəsəbə və  34 təşkilatda əhalinin kütləvi müayinədən keçirilməsi uğurla aparılmış və 53600 nəfər tibbi müayinədən keçmişdir. Tibb müayinədən keçənlər arasında  8635 nəfər  ambulator, 105 nəfər isə stasionar müalicəyə  cəlb olunaraq müayinə  və müalicə olunmuş, 61 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə  göndərilmişdir.

Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar bu il də Ağdam rayonunda uğurla icra olunur.  Qrafikə əsasən tibbi müayinəyə ilk növbədə idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlar cəlb olunublar. Müayinələri terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Sakinlər daha çox ürək-damar, sinir və dayaq-hərəkət sistemindən əziyyət çəkdiklərini bildirirlər. Müayinə olunanlardan bir qismi ambulator, xeylisi stasionar müalicəyə cəlb edilib, bəziləri isə respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Tibbi aksiyaya ciddi hazırlaşdıqlarını deyən Mərkəzi Xəstəxananın baş həkiminin müavini Qara Qasımov isə qeyd edib ki, əhalinin müayinəsi kəndlərdə müxtəlif ixtisaslı həkimlərdən ibarət 4 briqada tərəfindən həyata keçirilir və ehtiyac yarandığı təqdirdə xəstələr rayon mərkəzi xəstəxanasında daha ətraflı müayinə və müalicəyə cəlb edilirlər. Bu xeyirxah aksiya əhali tərəfindən böyük razılıqla qarşılanır.

2014-cü ildə Gülnar Abbasovanın rəhbərlik etdiyi Ağdam rayon Mərkəzi Xəstaxanasının  stasionar   şöbəsinə  ümumilikdə 1100 nəfər  xəstə daxil  olmuşdur. Onlardan 590-da  iri  cərahiyyə əməliyyatı aparılmışdır .  İl  ərzində əhalinin  səhiyyə müəssisələrinə  499 min 661 nəfər ambulator gəliş olmuşdur. 2014 - cü ildə  rayon Mərkəzi Xəstəxana sistemində 229 Qarabağ müharibəsi əlilinə, 17 Böyük Vətən müharibəsi əlilinə, 82 Çernobl əlilinə, 358 vərəmli xəstəyə, 5 hemofiliyalı, 11 talasemiyalı xəstəyə, 2410 şəkərli diabet xəstələrinə pulsuz tibbi xidmət göstərilmişdir.

2014-cü ildə  doğum evində  812 körpə dünyaya gəlmişdir. Ana ölümü  olmamış, körpə ölümü 3 nəfər olmuşdur ki, bu da  respublika  göstəricisindən  5 dəfə  azdır. Uşaq əhalisinə göstərilən tibbi  xidməti daha yaxşı təşkil etmək,  gələcəkdə baş verə biləcək yoluxucu xəstəliklərin qarşısını  almaq üçün Respublika İnnovasiya Mərkəzindən rayon GEM vasitəsi ilə kifayət qədər  peyvənd materialları  və  birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə paylanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi təsdiq etdiyi peyvənd planına uyğun olaraq   2014-cü ilin 12  ayı ərzində rayonun uşaq əhalisi arasında  vərəm, qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus,polimelit, virus hepotiti “B” xəstəliyinə qarşı peyvənd işi həyata keçirilmiş və davam etdirilir. Dekabr ayının 1-dən Respublikaya yeni gətirilmiş pnevmakok peyvəndinin vurulması  işinə başlanmışdır ki, bu da körpələr  arasında  tənəffüs sistemi xəstəliklərinin  qarşısının alınmasında  əhəmiyyətli  rol oynayacaq. 12 ay ərzində  nəzərdə tutulmuş uşaq əhalisinin 85 faizinin peyvəndə  cəlb  edilməsi təmin olunmuşdur.

MRX-nın kollektivinin  həkim briqadaları  ilə  hər ay kəndlərdə  və  qəsəbələrdə əhali arasında səyyari olaraq  müayinə  və  müalicə  işini davam etdirmişdir. Xəstələrin həkimlərə inamı günbəgün artdığından çoxlu gəlişlər olur. Lakin, MRX-sı binasında  bir neçə  xəstəxana yerləşdiyindən xəstəxanada sıxlıq yaranır ki, bu da əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə mənfi təsir göstərir. Odur ki, Göz xəstəxanası və  Dəri Zöhrəvi  Dispanseri üçün inzibati bina tikintisi vacibdir. Həmçinin çağırışların sayı  artdığına görə ambulanslara ciddi  ehtiyac vardır.

 

Əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin davamlı yüksəlməsi insanlarda  nikbin ovqat yaradır

2014-cü ildə Şahin Qasımovun rəhbərlik etdiyi rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır. Şöbənin fəaliyyətində başlıca yeri rayonda keçirilən rəsmi bayramların, kütləvi tədbirlərin, anım günlərinin bədii hissəsinin təşkili, gənc istedadların üzə çıxarılması, onların maraq və meyllərinin inkişaf etdirilməsi, rayon əhalisinə təqdimatı və digər mədəni tədbirlər olmuşdur. Belə ki,  il ərzində rayonun məktəbləri  ilə keçirilən Yeni  il şənlikləri, 20 yanvar faciəsinin 24-cü  ildönümü, Xocalı soyqırımına həsr olunmuş “O kənd bizim kəndimizdir” ədəbi-bədii  kompozisiyası, foto guşənin  təşkili, 8 mart Beynəlxalq qadınlar günü, Novruz bayramına həsr olunmuş el şənlikləri, Faşizm üzərində  qələbənin 69-cu  ildönümü, Ulu Öndərin anadan olmasının 91-ci  ildönümü, Respublika günü, Silahlı qüvvələr günü geniş  qeyd edilmişdir. Bu tədbirlərin keçirilməsində  Respublikamızın məhşur xanəndələri  ilə  birgə Ağdam “Şur” ansamblı da rəngarəng çıxışları ilə tamaşaçılarda xoş ovqat yaratmışlar.

2014-cü ilin aprel-may aylarında  rayon İcra Hakimiyyəti tərəfindən ənənəvi olaraq rayonda Uşaq musiqi məktəblərinin  xor kollektivlərinin müsabiqəsi  keçirilmiş, müsabiqənin yekununda Xındırıstan Uşaq Musiqi məktəbinin  xor kollektivi I yerə, Əhmədağalı Uşaq Musiqi Məktəbinin  xor kollektivi II yerə, Seyidli  Uşaq Musiqi Məktəbinin  xor kollektivləri isə III yerə çıxmışlar. Hər 3 məktəbin xor kollektivləri rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən  fəxri-fərmanlarla  təltif edilmiş və müvafiq olaraq  pulla mükafatlandırılmışlar.

 

23 iyul 2014-cü il tarixdə   Bakı şəhərində “Gənc tamaşaçılar  teatrı”nın binasında Ağdam şəhərinin Ermənistan Silahlı qüvvələri tərəfindən  işğal edilməsinin 21-ci  ildönümü ilə əlaqədar Qaçqınların  və  Məcburi  Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi ilə  Ağdam rayon İcra Hakimiyyətinin birgə hazırladığı geniş  tədbir  keçirilmişdir. Tədbirdə  müxtəlif  Səfirliklərin və Nazirliklərin nümayəndələri, Milli Məclisin Deputatları, bir çox  Rayon İcra Hakimiyyətinin  Başçıları və Kütləvi  İnformasiya Vasitələrinin nümayəndələri  iştirak etmişlər.

2014-cü ildə Ağdam Dövlət Dram Teatrı S.Rüstəmin “Durna” komediyasını və  Ş.Qurbanovun  “Milyonçunun dilənçi oğlu” əsərini hazırlayıb tamaşaçılara təqdim etmişdir. Rayon Dövlət Dram Teatrının kollektivi Heydər Əliyev adına sarayda Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş tədbirlərdə iştirak  etmiş, Mingəçevir şəhərində keçirilən teatr festivalında M.F.Axundzadənin “Lənkaran xanın vəziri” tamaşasını göstərərək festivalın diplomuna layiq görülmüşdür. Rayonda  keçirilən bütün mədəni-kütləvi tədbirlərdə teatrın kollektivi yaxından iştirak edir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı  ilə teatrın aktrisası Aidə Qasımovaya Respublikanın “Əməkdar artisti” fəxri  adı verilmişdir. Həmçinin Respublika Mədəniyyət  və  Turizm Nazirinin qərarı  ilə teatrın 4 nəfər əməkdaşı “Fəxri mədəniyyət işçisi” medalı  ilə təltif edilmişlər.      

 

Dövlətin gənclər siyasəti uğurla həyata keçirilir

Rayonda gənclərə vətənə məhəbbət, mübarizlik, qətiyyətlik, azərbaycançılıq, dövlətçilik ideyalarının aşılanması sayəsində  Ulu Öndərin  irsinin  təbliği  və  öyrənilməsi baxımından Heydər Əliyev Mərkəzinin  fəaliyyəti  xüsusi  əhəmiyyət kəsb edir.

2014-cü ildə Heydər Əliyev Mərkəzində  rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə tərtib edilmiş qrafik üzrə hər bir mövzuya iki akademik saat ayrılmaqla “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Ulu Öndər Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslər keçilmiş və həmin dərslərdə 49 məktəbdən 588 nəfər şagirdin iştirakı təmin edilmişdir. Hazırda mərkəzin fəaliyyəti  genişləndirilərək  burada kompyuter kursu təşkil  olunmuşdur. Mərkəzə rayon təşkilatlarının, tədris müəssisələrinin, məktəblilərin planlı şəkildə gəlişi  il boyu  təmin  edilmiş, ziyarətçilərə  mərkəzin fəaliyyəti, işi və  Ulu öndərin irsini  əks etdirən foto stendlər, video yazılar nümayiş  etdirilmişdir.

11 mart 2015-ci ildə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədovla Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri və gənc fəalları ilə görüş keçirildi. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov gənclərə öz tövsiyələrini bildirdi, onlara vətəndaş kimi formalaşmağı, dövlət və dövlətçiliyə sadiq olmağı məsləhət verdi. Raqub Məmmədov öz çıxışında qeyd etdi ki, bu günkü gənclik Ulu Öndər Heydər Əliyevin həyat irsini dərindən öyrənməli və özü üçün lazımı tərəflərini götürməlidir. O, öz çıxışında ulu öndər  Heydər Əliyevin həyat irsinin zəngin olduğunu bildirərək, bütün gəncliyin bu irsdən kifayət qədər yararlanmalı olduğunu qeyd etdi. Daha sonra bildirdi ki, elə gənclərimiz var ki, onlarla daimi görüşlər keçirilməli, onların bəzi səhv yollardan çəkindirmək üçün çox böyük işlər aparılmalıdır. Onlarla mütəmadi  görüşlər təşkil olunmalı, məruzələr oxunmalı, lazımı məsləhətlər verilməlidir ki, dövlətə lazımı vətəndaş kimi yetişsinlər. Rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında erkən nigahların qarşısının alınması üçün gənclərin daha çox işin aparılmalı olduğün diqqətə çatdırmaqla bərabər, bu kimi halların qarşısının alınması üçün lazımı təbliğat işlərinin aparılmalı olduğun qeyd etdi. Onu da bildirdi ki, gənclər  bayram tədbirlərinin, hüzn günlərinin təşkilində fəallıq göstərməli, təşəbbüslər verməlidir. Daha sonra tədbirdə iştirak edən gənclər rayon İcra Hakimiyyətinin Başçısına belə bir görüşə vaxd ayırdığı üçün öz təşəkkürlərini bildirdilər  və gələcəkdə verilən məsləhətlərin layiqincə yerinə yetirilməsi üçün var gücləri ilə çalışacaqlarını söz verdilər.

Xatırladaq ki, daha əvvəl - martın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının Gənclər Birliyinin IV konfransı, 2 fevral  - Gənclər günü münasibətilə  Ümumrayon tədbiri keçirilmişdir.

 

Möhtəkirliyə qarşı mübarizə gücləndirilir

Ağdam rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyətin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin, bələdiyyələrin,  digər aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirmişdir. Son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalarda bu cür halların qarşısı qətiyyətlə alınmışdır.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Ağdam rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilmiş, xüsusilə çörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmamışdır.

Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər davam etdirilir.

***

 

Başda Ağdam RİH-nin başçısı cənab Raqub Məmmədov olmaqla, Ağdam ictimaiyyətinin nümayəndələri əllərinə düşən hər fürsəti dəyərləndirərək, çıxış etdikləri bütün tribunalardan Prezident İlham Əliyev cənablarına əminlik ifadə edirlər ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyü bütün işlərdə  ağdamlılar həmişə onunla olacaq, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarını rəhbər tutaraq doğma Vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024