Sosial (10-04-2025, 14:24)
Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR
Redaksiyamıza daxil olan məlumata görə, Vəkillər Kollegiyasının üzvü olan vəkil İsmayılov İslam Abduləziz oğlunun davranışı ilə bağlı şikayət daxil olub. Şikayətçi tərəf hazırda təqsirləndirilən şəxs statusunda olan E.Şıxıyevin anası Familə Şıxıyevandır.
Onun sözlərinə görə, İsmayıllı Rayon Məhkəməsində oğlunun hüquqlarının müdafiəsi məqsədilə İsmayıllı Rayon Vəkil Bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlu ilə rəsmi müqavilə bağlanıb və bunun müqabilində nağdsız şəkildə 300 AZN ödəniş həyata keçirilib.
Lakin şikayətçi iddia edir ki, vəkil bununla kifayətlənməyərək, əlavə olaraq qeyri-rəsmi və nağd şəkildə 800 AZN tələb edib. Ailə bu məbləği birbaşa vəkilin özünə təqdim etdikdən sonra bu ödənişin qanunsuz olduğunu öyrənib və vəsaitin geri qaytarılmasını tələb edib. Lakin vəkil bu tələbi rədd edib.
Qeyd edək ki, “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalar”a əsasən, vəkillərə göstərilən hüquqi yardım müqabilində yalnız müqavilə əsasında və yalnız nağdsız şəkildə ödəniş edilə bilər. Bu Qaydaların əsas məqsədi isə vəkillik fəaliyyətində maliyyə şəffaflığının təmin olunması və ictimai etimadın qorunmasıdır.
Şikayətçi tərəf yaranmış vəziyyətlə bağlı Vəkillər Kollegiyasına rəsmi müraciət edərək vəkilin fəaliyyətinin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini tələb edib.
Vəkillər Kollegiyasının rəsmi cavabı: "Məsələ ilə bağlı Vəkillər Kollegiyasından Bakunews.az-a verilən cavabda bildirilib ki, şikayət araşdırılıb. Lakin vəkilin 800 AZN məbləğində nağd və müqavilədənkənar pul aldığı iddiası sübutlarla təsdiqlənmədiyindən, bu barədə hər hansı intizam tədbirinin görülməsi mümkün olmayıb."
Şikayətçilər Kollegiyanın cavabından narazıdır: Şikayətçi tərəf Vəkillər Kollegiyasının cavabının formal xarakter daşıdığını bildirir. Onların sözlərinə görə, 800 AZN vəkilə onun şəxsi otağında, kənar şahidlər və görüntü olmadan təqdim edildiyindən sübut təqdim etmələri mümkün olmayıb:
- “Biz vəkilin xidmətindən narazı qaldıq və onunla bağladığımız müqaviləni pozduq. Daha sonra başqa bir vəkillə yeni müqavilə imzaladıq. İsmayılov İslamdan nağd şəkildə ödənilən 800 manatı geri tələb etdikdə, o, bu vəsaiti qaytarmayacağını bildirdi. Vəkil əmindir ki, bu ödənişi sübut edən heç bir görüntü və ya şahid yoxdur və buna görə də məsuliyyət daşımayacaq”.
Hazırda şikayətçi ailə məsələ ilə bağlı digər hüquqi instansiyalara müraciət etməyi planlaşdırır.
Qarşı tərəfin Bakufakt.az-a bildirdiyinə görə isə iddia edilən pulu almadığın deyir. Lakin qarşı tərəf iddiasını sübut edəcək fakltlarla bərabər şahidlərinində olduğunu deyir. Bakunews.az olaraq biz də məsələni diqqətdə saxlayır, qarşı tərəfin – vəkil İslam İsmayılovun mövqeyini də işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.
