Sosial (6-08-2024, 09:00)
Boş qalan avtobus zolağı, ümidsiz taksi sürücüsü və 100 manat cərimə
Bakıda artıq uzun illərdir ki, sürücülərin qorxu ilə baxdığı avtobus zolaqları fəaliyyət göstərir. Paytaxt sakinləri ilk dəfə “xüsusi zolaq”la 2015-ci keçirilən Avropa Oyunları zamanı qarşılaşmışdılar. O zaman sarı rəngdə olan və yolun sol hissəsində tətbiq edilən bu zolağa Avropa Oyunlarına cəlb olunun avtobuslar və xüsusi texnika buraxılırdı. Sonradan isə “xüsusi zolaq” ləğv edildi və avtobus zolaqları yaradıldı.
Əslində, Bakıda avtomobillərin sayı, hərəkətin intensivliyi və tıxaclar nəzərə alınsa, avtobus zolağı kifayət qədər doğru qərardır. Və yeri gəlmişkən, bunu Azərbaycanda icad etməyiblər. “Ayrılmış zolaq” adı altında fəaliyyət göstərən bu zolağın tarixi ötən əsrin 40-cı illərinə gedib çıxır. Özünə kifayət qədər yer edən bu “ayrılmış zolaq” avtobuslardan istifadə edən şəxslərin mənzil başına tez çatması və nəqliyyatın yükünün azaldılması üçün tətbiq edilir.
Maraqlıdır ki, bir çox ölkələrdə “ayrılmış zolaqlara” təkcə avtobuslar deyil, o cümlədən xüsusi texnika (polis, təcili yardım, yanğınsöndürən və s.), eləcə də taksilər daxil ola bilir. Bizdə isə zolaqdan yalnız avtobuslar, xüsusi texnika və... imtiyazı olan, cərimədən qorxmayan avtomobil sahibləri daxil olur. Taksinin isə zolağa daxil olması qəti qadağandır. Zolağa daxil olma əvvəl 40 manat cərimə edilirdisə, hazırda bu məbləğ artırılaraq 100 manata çatdırılıb. Bunun nəticəsidir ki, avtobus zolağına həsrətlə baxan taksilər daha böyük qayda pozuntusuna yol verərək, sərnişinləri elə yolun ortasındaca mindirir və düşürürlər.
Bəs, Azərbaycanda niyə taksilərin ayrılmış zolağa daxil olmasına icazə verilmir? Axı bu halda boş qalan avtobus zolağının yükü arta, digər zolaqların yükü isə azala bilər. Bu halda, tıxaclar da yüngülləşəcək. Sözsüz ki, taksilərin zolağa buraxılması dedikdə, özünü “taksi” adlandıran bütün avtomobillərin deyil, üzərində xüsusi nişanı və icazəsi olan nəqliyyat vasitəsi nəzərdə tutulur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Pressklub.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bu məsələ reallaşa bilər.
“Məsələnin reallaşması çox doğru olar. Biz də bunun tərəfdarıyıq. Sadəcə, bununla bağlı mexanizm yox idi. Çünki hərə avtomobilin üstünə bir “şahmat” nişanı atıb düşəcək küçələrə ki, mən taksi sürürəm, avtobus zolağına girəcəm. Bunu da ayırmaq mümkün deyildi”.
Ekspert deyib ki, indi AYNA informasiya sistemi üzərindən Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş məlumatlar əldə edildikdə məlum olur ki, hansı nəqliyyat vasitəsi taksidir, hansı deyil. Onlar sistemdə qeydiyyatdan keçəndən, hər şey rəsmiləşəndən sonra bu barədə düşünmək olar: “Məncə, Bakıda artıq əvvəlki kimi xaotik vəziyyət yoxdur. 60-70 min taksidən hazırda 30-35 mini qalıb. Onun da cəmi 12 mini rəsmi qeydiyyatdan keçib. Digərləri sadəcə sistemdə var. Başqa sənədlər, tələblər yerinə yetirilmədiyinə görə onları qanuni taksi saymaq olmaz. Ümumilikdə Bakıda təxminən 30 min civarında taksi qala bilər. Hesab edirəm ki, gələcəkdə avtobus zolağında onların hərəkətinə imkan yaratmaq olar”.
Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu barədə nə düşünür? Nə vaxtsa bu məsələnin reallaşması gözlənilirmi?
AYNA-dan Pressklub.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Amma taksilərin avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi hələlik müzakirə edilmir.
Beləliklə, AYNA hələ də bu məsələni gözardı etməyə davam edir. Yeganə ümid verən məqam ortada səslənən “hələlik” sözüdür. Deməli, ümid işığı közərir. Nə zamansa yana bilər. Amma “hələlik” elə hələlikdir. Biz də hələlik dözməli, gözləməliyik.
Dahi Uilyam Şekspirin sözləri ilə desək, çarəsizliyin yeganə dərmanı ümiddir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024