Sosial / Karusel (9-03-2014, 13:58)
Hacıbala müəllim, ilin günün bu vaxtında “sağlam” uşaq bağçasını sökməkmi olar?
Bu gün təhsil, təlim-tərbiyə məsələlərindən danışanda uşaq bağçaları problemi öndə gəlir. Hamı övladı olmasını istəyir, amma uşağının gələcəyi barədə fikirləşəndə barmağını dişləyir. Məktəbəqədər təhsil, uşaq bağçalarının catışmazlığının əsas səbəbi nədir? Uşağımız çoxdur, yoxsa yer qəhətdir?
Bu gün paytaxtda yaşayan uşaqların çoxu ya ana, ya da nənəsinin ümidinə qalıb. Ölkədə mövcud uşaq bağçaları təlabatın 20%-ni belə ödəmir. Bəs, dövlətin “gələcəyi”üçün açdığı imkanlar ? Uşaq bağçaları “gələcəy”imizin cəmiyyətə qoşulduğu ilk məkan deyilmi? Fikrimcə, bizim uşaq bağçası problemimizi süni şəkildə dərinləşdirənlər var. İndi baxaq.
İlin günün bu vaxtında əlverişli məkanda yerləşən uşaq bağçası niyə işləmir? Bağçanı dövrəyə almış yaşayış binalarının sakinləri narahatdır. Onlar “Qafqazinfo”ya sikayətlə müraciət ediblər.
Uşaq bağçasının ərazisini kim satıb?
Bakının Nizami rayonunda (“Xalqlar dostluğu” metrosunun yaxınlığında), Qara Qarayev küçəsində yerləşən “Arzu” uşaq bağçasının qapısı illərdir, uşaqların üzünə bağlanıb. Səbəbini bilən yoxdur. Ərazisində iki-üç gözətçi (ağzından söz də almaq olmur)var, it, pişik, siçovul gəzir, uşaqdan başqa.
Keçmiş Sovetlər Birliyində bağça Azneft Sənaye Birliyinə məxsus idi. 1970-ci illərdə tikilmiş bağça Azərbaycan müstəqillik qazandıqdan sonra Dövlət Neft Şirkətinin balansına keçdi. Doğsanıncı illərin sonuna qədər uşaq bağçası tam ştatla fəaliyyətini davam etdirib. Sonralar bağça binasının 3 korpusu sırayla, yavaş-yavaş işini başa vurub. Amma uşaqların azalması, bağçaya yeni uşaqların cəlb edilməməsi , işçilərin ixtisara salınması və nəticədə bu təlim-tərbiyə ocağının bağlanmasına izah verən tapılmayıb. Bir qismi aidiyyatlı qurumun təmir işlərinə başlamasını səbəb gətirib. Amma iş uzanıb. Nəhayət, yaxınlıqdakı binanın sakinləri şikayət etməli olublar. Bir çox dövlət orqanına müraciətlər edilib. Bina sakinlərindən birinin sözlərinə görə, üç il əvvəl yazılı şikayət ediblər. Məlum olduğu kimi, iki il əvvələ qədər(hazırda uşaq bağçaları Nazirlər Kabinetinin 2012-ci ilin yanvarındakı qərarına əsasən Bakı Meriyasının tabeliyindədir) Dövlət Neft Şirkətinin sosial inkişaf idarəsinin nəzdnində 42 uşaq bağşası, körpələr evi vardı. Elə adı çəkilən bağçanın taleyi ilə bağlı şikayət də həmin idarəyə ünvanlanıb. İdarənin o vaxtkı rəisi Bədəl Bədəlov (hazırda bu şəxs Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezident vəzifəsini icra edir) problemin həlliylə bağlı konkret iş görməyib. Daha sonra bina sakinləri H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya şikayət ərizəsi ünvanlayıblar. Fond məsələylə bağlı kiçik araşdırma aparıb. Nəticə olaraq Dövlət Əmlak Komitəsindən məktub gəlib. Məlum olub ki, uşaq bağçasının ərazisi təmamiylə başqa məqsədlə özəlləşdirilib. Bir sözlə, yazılı cavab məktubundan belə çıxıb ki, bura satılıb.
Sakinlər üç ay əvvəl növbəti şikayət ərizəsini göndəriblər. Cavab yoxdur. Onları isə çox sual düşündürür. Bir neçə binanın əhatə olunduğu uşaq bağçası “sağlam” olduğu halda niyə işləməsin? Uşaqlarımız, nəvələrimiz hazır bağça varkən, niyə pərən-pərən düşməli, ya da evə məhkum olmalıdırlar? Məgər, bu boyda böyük ərazisi, iri korpuslu binaları olan müəsisə sökülə bilərmi? Kiminsə pis niyyətlərini həyata keçirməsi üçün uşaqlarımız “qurban”mı verilməlidir?
Bağçanın sahibinın adı isə gizli saxlanılır. Nizami Rayon İcra Hakimiyyəti isə ərazisində yerləşən bağçaya məsuliyyət daşımadığını bildirir.
Əslində, hansısa təhsil, təlim-tərbiyə ocağının yerinin satılması ilk deyil. İllərdir, belə ərazilərin yerində əsasən restoranların tikildiyinə şahidlik edirik.
Hacıbala müəllim, siz nə deyirsiz?
Hazırda Təhsil Nazirliyi, eləcə də H. Əliyev Fondu ölkədə təlim-tərbiyə, təhsil sahəsində böyük işlərin görülməsi uğrunda birlik nümayiş etdirir. Fondun rəhbəri Mehriban xanım Əliyeva tez-tez çıxışlarında uşaqların bağçalara cəlb olunması məsələsini qaldırır. Maraqlısı ondadır ki, ötən ilin yayında ölkənin birinci xanımı onlarla təmirdən çıxmış təhsil müəsisələrinin, eləcə də uşaq bağçasının açılışında iştirak etmişdi. Problemi qaldırılan “Arzu” uşaq bağçası və körpələr evi də Mehriban xanımın açılışını etdiyi bağçalara yaxın yerdə yerləşir. Görəsən, Bakı Şəhər İcra Hakimi Hacıbala Abutalıbov cənabları həmin bağçanın taleyindən xəbərsizdirmi? Bakı meri bir neçə dəqiqə içərisində həddini açmış bağça müdirəsini işindən azad edə bilirsə, deməli onun əlində imkan bolluğu var. İstənilən halda, uşaq bağçalarının məsuliyyətini daşıyan Hacıbala müəllim adı çəkilən yer barəsində də məlumata malikdir. Çünki dəfələrlə, aidiyyatlı orqana sual verəndə, həmin bağçanın ünvanını eşitməzlikdən gəlib. Şahidi olmuşam.
“Bağçanın sağlam bünövrəsi var, onu dağıtmaq insafsızlıqdır”
Söhbəti gedən bağçanın sakinlərinin dediyinə görə, yaxında burada dağıntı işləri aparılacağı gözlənilir. Belə fikir gəzir ki, uşaq bağçası dağıdılacaq, yerində yeni yaşayış binası tikiləcək. Yaxınlıqdakı 124 saylı binanın sakini, hüquqşünas Mahmud Hacıyev deyilənlərə belə şərh verdi : “İndiki zamanda bu cür sağlam fundamentli binaları sökmək dəhşətdir. Axı bu uşaq bağçasının yenidən dağıdılmasına da gərək yoxdur, sadəcə əsaslı təmirə ehtiyacı var. Hətta ərazinin yaşıllıq zolağı da dağılmayıb, burada ötən əsrin altmışıncı illərində əkilmiş onlarla ağaclar var. Bu gün dövlət uşaqlarımızın təlim-tərbiyə, təhsil məsələlərinin vacibliyini hər addımda vurğulayır, ona görə də bu ərazidəki özbaşnalığa göz yuma bilməz. Bu kimi müəsisələrin problemi mütləq ictimailəşdirilməlidir. Bu boyda yaşayış binalarının, yüzlərlə ailəsi övladını, nəvəsini hara aparmalıdır? Uşaqların yolunu bağlayan kəslər hansı uşaq hüquqlarından danışırlar?”
Onu da bildirim ki, hazırda hər tərəfdən hasara alınmış bağçanın ərazisinə daxil olmaq qadağandır. Bu barədə ərazini qoruyan gözətçilər bildirirlər.
Bu arada qeyd edim ki, sonuncu çıxışlarının birində Mehriban xanım Əliyeva Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətini bu sahədə gərgin işə dəvət etmişdi. Bu səbəbdən boş qalmış uşaq bağçasının taleyi adı çəkilən orqanların diqqətində olmalıdır.
Mehriban Əliyevanın hər çıxışında əl çalan aidiyyatlı qurum rəhbərləri, hörmətli cənablar, əməl vaxtıdır. Buyurun...