Sosial / Slayd (7-03-2024, 09:12)
Tikinti şirkətlərinin mülkdağıtma praktikası - son qoyulacaqmı...
Bakıda tikinti bumu yenidən canlanıb. Paytaxtın müxtəlif ərazilərində köhnə məhəllələr, “xruşşovka”lar sökülür və hündür binalar inşa olunur. Bu prosesdə iki problem özünü qabarıq şəkildə büruzə verir. Birincisi, ərazidə yaşıllıqlar məhv edilir və yeni yaşayış komplekslərinin ərazisində ağac əkməyə yer qalmır. İkincisi və ən ciddi problem tikinti şirkətləri ilə vətəndaşlar arasında yaranan kompensasiya məsələsidir.
Bununla bağlı deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında kifayət qədər açıq danışıb.
Deputat mülkiyyət toxunulmazlığı məsələsindən bəhs edib. O qeyd edib ki, “məruzənin 38-ci səhifəsində qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilməməsi vətəndaşların haqlı narazılığına səbəb olub”.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar: “Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa belə məhkəmə qərarları açıq şəkildə icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - yəni heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz - dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bizdə bilirsiniz, arxayın tikinti şirkətləri var. Bilirlər ki, onları heç kim hüquqi məsuliyyətə cəlb edə bilməyəcək. Bunlar özləri qiymət müəyyənləşdirirlər və var-dövlət bu şirkətlərin rəhbərlərinin gözünü elə tutub ki, onlar artıq bir çox dəyərləri itiriblər. Allahdan da qorxmurlar, amma başa düşmürlər ki, bir gün insanlara qan ağlatdıranlar Allahın qəzəbinə düçar olacaqlar və Allah onlara qan qusduracaq... Ümumiyyətlə, Milli Məclisin bu məsələlərdə məsuliyyəti nə qədərdir və biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın? Mən, sadəcə olaraq, bu məsələ ilə bağlı ombudsmanın fikirlərini öyrənmək istəyirəm”.
Tikinti şirkətləri faktiki olaraq bezdirici üsullarla - kommunikasiya xətlərini dağıtmaqla, mənzili qəzalı vəziyyətə salmaqla, vətəndaşların mənzillərinə hər kvadrata görə maksimum 2000 manat ödəniş etmək üçün bütün üsullara əl atırlar. Hansı ki, onlar özləri həmin ərazidə tikdikləri binada mənzilin hər kvadratını 3500-4000 manata təklif edirlər. Vətəndaş da haqlı olaraq kompensasiyanı buna adekvat tələb edir. Ancaq fakt odur ki, MMC-lər gecə ikən vətəndaşın qanuni evini uçurur və sonra “istəsən də, istəməsən də 2000 min veririk, get nə bilirsən elə” formasında davranırlar. Bu, böyük problemdir və hər gün sosial şəbəkələrdə vətəndaşların fəryadını eşidirik.
Vəziyyət hətta o həddə çatıb ki, vətəndaşlar çıxış yolunu Prezidentdən kömək istəməkdə görürlər. Məsələn, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan, varvarcasına sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət ediblər.
Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib. Həmin yazı ilə Musavat.com saytında bu linkdən tanış ola bilərsiniz. - https://musavat.com/news/vetendaslar-evlerini-ucuran-maqnatdan-prezidente-sikayet-etdi_1050722.html
Bu problemi kökündən həll etmək üçün hansı addımlar atılmalıdır?
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu problemin həlli yolları qanunvericilikdə nəzərdə tutulub: “Müəyyən normativ sənədlərdə onlar hamısı var. Sadəcə olaraq, onlara əməl edilmir. Onların icrasına nəzarəti gücləndirmək lazımdır. İkinci tərəfdən, bəzən vətəndaşlar özləri də haqsız tələblər irəli sürürlər. Yəni tikinti şirkətlərini fakt qarşısında qoyurlar. Tikinti şirkətləri məcburi addım atmağa sövq olunurlar. Təbii ki, problemin çoxu tikinti şirkətinin özündədir. Onlara göstəriş verilir, nə edirsən-et, bu ərazini boşalt və tikintiyə başla. O da belə vəhşiliklər törədir. Bu problemlər də ona görə baş verir ki, şüurun inkişaf səviyyəsi aşağıdır. Xüsusilə də tikintidə işləyənlərdə bu problem daha çoxdur. O səbəbdən də qanunlara və müəyyən normativ sənədlərin icrasına nəzarət artırılmalıdır. Bunun başqa cür həlli yolunu mən görmürəm”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, söküntülər iki cür aparılır: “Birincisi, özəl şirkətlər tərəfindən köhnə evlər sökülüb yerində yeni binalar tikilir. Adətən belə olduqda söküntünü həyata keçirən şirkət vətəndaşa yeni binadan mənzil verir. Bu, qanunun tələbidir. Vətəndaş mənzil təklifi ilə razılaşmayanda bazar dəyərinə uyğun pul verilir. Digər söküntü işləri isə dövlət tərəfindən aparılır. Qanunda da qeyd olunduğu kimi, hər hansı bir ərazi dövlət ehtiyacı üçün tələb olunursa, həmin ərazinin ölçüləri götürülür və bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Əgər verilən məbləğ və ölçülərlə bağlı vətəndaşın hansısa narazılığı varsa, hansısa memarlıq şirkətinə müraciət edərək bu məsələni məhkəmədə mübahisələndirə bilər. Qeyri-yaşayış obyektləri isə daha yüksək dəyərdə hesablanmalıdır. Əslində plana düşən zaman obyektin qiyməti mənzildən daha yüksək dəyərdə hesablanır. Əgər bir ərazinin sənədi qeyri-yaşayış təyinatlıdırsa, təbii ki, mənzildən daha bahadır və əraziyə görə dəyişir. Məsələn, ev söküntüsü zamanı yeni tikilən binadan vətəndaşa 1 mənzil təklif edilirsə, qeyri-yaşayış obyekti söküləndə iki, hətta üç mənzil də təklif oluna bilir. Digər tərəfdən, yeni tikilən binadan sənə məxsus olan qeyri-yaşayış təyinatlı obyektini yenidən tələb etmək də mümkündür. Əgər bu, dövlət əhəmiyyətli söküntüdürsə, bu zaman qiyməti dövlət özü təyin edir. Yenə də vətəndaşa verilən məbləğ onu qane etmirsə, qiymətləndirmə şirkətlərinə müraciət edib, nəticə əsasında məhkəmədən real bazar dəyərini tələb edə bilər”.
“Yeni Müsavat”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024