Sosial / Slayd (10-02-2023, 09:12)
Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib
Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub. Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Elçin Qəmbərovun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, keçmiş general-mayor Mövlam Şıxəliyevin oğludur.
Elçin Qəmbərov 500 min manatdan yuxarı məbləğdə vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunur.
İş üzrə zərərçəkən Elgün Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyevə və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov keçmiş generalın oğluna qarşı dələduzluqla bağlı özünün facebook divarında status yazıb. Həmin statusu təqdim edirik:
“Elçin Qəmbərovun Mövlam Şıxəliyevin oğlundan yarım milyon manat alması haqda məlumatlarla tanış olduq. Öyrəndik ki, Elgün Şıxəliyev ona pulu atasının həbsi ilə əlaqədar verib. Belə başa düşürük ki, həmin pul Elçin Qəmbərova Mövlam Şıxəliyevin istintaq və məhkəmə dövründə azadlıqda qalması, işinin yüngülləşdirilməsi üçün verilib. İstintaq dövründə Mövlam Şıxəliyevi ”Mərkəz" Vəkil Bürosundan Elçin Qəmbərovla vəkil Arzu Cavadov müdafiə ediblər. Arzu Cavadovu vicdanlı vəkil kimi tanıyırıq. Elçin Qəmbərova gəldikdə isə onun adı dəfələrlə dələduzluqda hallanıb. Mövlam Şıxəliyev necə istintaqçıdır ki, oğlunun belə bir adama yarım milyon manat verməsinə razı olub? Bundan başqa Elgün Şıxəliyev bu pulu - yəni rüşvəti Elçin Qəmbərova verməklə həm də bizə qarşı törədilmiş cinayətləri ört-basdır etməyə çalışıblar. Elgün Şıxəliyev faktiki olaraq Elçin Qəmbərovla cinayət əlaqəsinə girib. Əgər onların sövdələşməsi baş tutsaydı, bizlərə qarşı cinayətlər ört-basdır oluna bilərdi. Biz zərərçəkənlər Elçin Qəmbərovun cinayət işi üzrə prosesə qatılacağıq və orada Elgün Şıxəliyevin də istintaqa cəlb olunmasını tələb edəcəyik".
“Yeni Müsavat” əməkdaşı yarım milyon manatlıq dələduzluq işi üzrə şahid qismində dindirilən Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovla əlaqə saxlayıb.
- Müvəkkiliniz, MTN generalı olmuş Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin işi üzrə şahidsiniz?
- Bəli, şahid qismində dindirilmişəm.
- Siz “Mərkəz” Vəkil Bürosunun üzvü, təqsirləndirilən Elçin Qəmbərov isə büronun rəhbəri olub. Mövlam Şıxəliyevlə Elçin Qəmbərovu siz tanış etmisiz?
- Xeyr, mən tanış etməmişəm.
- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkənlərdən Hüseyn Səfərov iddia edir ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manatı rüşvət olaraq verib. Bu barədə nə deyə bilərsiniz?
- Mən bilən o pulu özü üçün alıb.
- Bu pulun qarşılığında Elçin Qəmbərov Elgün Şıxəliyevin qarşısında hansı öhdəliyi götürmüşdü?
- Bu haqda məlumatsızam.
- Siz istintaqda bu məsələ ilə bağlı şahid qismində ifadə vermisiniz axı...
- Haradan bilirsiniz ki, mən nə ifadə vermişəm?
- Büronuzun sədri Elçin Qəmbərov sizinlə qohumluq əlaqəsi olan Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdən yarım milyon manat pul alır və bu pulun niyə verildiyi barədə sizin məlumatsız olmanız bir qədər inandırıcı görünmür.
- Mən Mövlam Şıxəliyevin başqa işdə müdafiəçisi olmuşam.
- Elçin Qəmbərov Mövlam Şıxəliyevin hansı işində müdafiəçisi olub?
- Bunu da bilmirəm.
- Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib Elçin Qəmbərovun cinayət işi üzrə ifadə verəcəksinizmi?
- Əlbəttə ki, çağırsalar, gələcəyəm.
- Siz bilirdiniz ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manat pul verib?
- Yox, bu barədə mənə nəsə deyilməyib.
- Uzun müddətdir ki, Mövlam Şıxəliyevin vəkilisiniz, Elçin Qəmbərovun cinayət işi üzrə də şahidsiniz. Mövlam Şıxəliyevdən soruşmusuz ki, bu nə məsələdir? Oğlun niyə yarım milyon manat pulu aparıb Elçin Qəmbərova verib?
- Mən soruşmamışam. Bu sual mənə ünvanlanmamalıdır. Mən belə məsələlərə qarışmıram. Özləri bilər.
- Özü də deməyib?
- Yox.
- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərov iddia edir ki, yarım milyon manat Elgün Şıxəliyev tərəfindən Elçin Qəmbərova rüşvət vermək üçün təqdim olunub. Bu iddiaya münasibətiniz maraqlıdır.
- Bu məsələni Hüseyn Səfərovdan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə məndən soruşmayın.
- Siz Azərbaycanda tanınan vəkillərdənsiniz. Bu gün də general Mövlam Şıxəliyevin vəkilisiz. Ortada Mövlam Şıxəliyevin cinayət işi üzrə yarım milyon manatlıq rüşvət iddiası var. Sizdən soruşmayaq, kimdən soruşaq?
- Mənim bu işlərə aidiyyətim yoxdur. O boyda “summa”da adım olsaydı, çoxdan səsi çıxardı. İndiyə qədər mənim adım heç vaxt dələduzluq işində hallanmayıb və bu heç vaxt mümkün də deyil.
- Həmin pul rüşvət kimi verilmək üçün alınmışdı?
- Orada ittiham rüşvətvermə deyil, dələduzluqdur.
- Elçin Qəmbərov o pulu alanda hansı öhdəlik götürmüşdü? Elgün Şıxəliyev üçün hansı işi görməli idi?
- Mən o pul veriləndə orada olmamışam.
- Orada olmasanız da, Mövlam Şıxəliyevin vəkilisiz...
- Gəlin belə danışaq, məhkəmə prosesi fevralın 22-nə təyin olunub. Orada hər şey aydın olacaq. Orada açıq məhkəmə prosesi olacaq, bilinəcək ki, kim şahiddir, o pul niyə verilib. Mən bu işlərdə adımın hallanmasını heç istəmirəm.
- Mövlam Şıxəliyevin bu məsələ ilə bağlı mövqeyi necədir?
- Mən bu məsələ ilə bağlı Mövlam Şıxəliyevlə söhbət etməmişəm.
- Mövlam Şıxəliyev uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olub. İşi elə olub ki, daim vəkillərin fəaliyyəti, kimlikləri haqda bilgi ala bilib. Vəkil Elçin Qəmbərovun adı mətbuatda dələduzluğa görə dəfələrlə hallanmış, müdafiə etdiyi şəxslərin mənafeyi əleyhinə fəaliyyəti haqda yenə də mətbuatda məlumatlar var. Belə keçmişi olan birini uzun illərin istintaq rəisi necə olub ki, özünə vəkil seçib?
- Dələduz başqa necə olur ki? Elə belə olur da. Etibardan sui-istifadə edirlər.
- İttihamlar təsdiqlənsə, Elçin Qəmbərovu hansı cəza gözləyir?
- Bu maddənin sanksiyasında 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
- Belə görünür ki, Elçin Qəmbərovun xüsusi inandırmaq bacarığı var ki, illərin istintaq rəisindən, həm də xüsusi xidmət orqanının istintaqının rəisindən, üstəlik generalından yarım milyon manat aldatmaqla ala bilib.
- Bunu özləri bilərlər. Mən bu haqda danışmaq istəmirəm.
“Yeni Müsavat”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024