Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (7-04-2021, 10:12)
Azərbaycandan 1,1 milyard xarici valyutanı kimlər və hara çıxarıb?

Azərbaycandan 1,1 milyard xarici valyutanı kimlər və hara çıxarıb\
Ölkə iqtisadiyyatının ağır böhran yaşadığı 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib. Bunu Hesablama Palatası aşkarlayıb. Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.

Azərbaycandan xaricə qanunsuz pul çıxarılması yəqin ki, ilk hal deyil. Amma onun belə aşkarlanması ilk hal sayıla bilər. Pandemiya ilində ölkə üçün zəruri olan xarici valyutanı xaricə kimlər çıxarıb? Təəssüf ki, Hesablama Palatasının hesabatında bankların və köçürmələrin icra edildiyi hesabların sahiblərinin adları açıqlanmır. Lakin təcrübə göstərir ki, ölkədən kənara əsasən oliqarx-məmurlar, özü də qanunsuz yollarla qazandıqları pulları çıxarırlar. Bu baxımdan, 2020-ci ildə xaricə daşınan vəsaitlərin arxasından hansısa məmur çıxarsa, ictimaiyyət təəccüblənməyəcək.

Qeyd edək ki, bugünlərdə Mərkəzi Bank sərt karantin rejimi altında başa vurduğumuz 2020-ci il üzrə ödəmələr balansı statistikasını açıqlayıb. İlin yekunlarına görə, cari hesabda 227,6 milyon dollar, tədiyə balansının ümümu saldosunda 1 milyard 988 milyon dollar defisit yaranıb.

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ümumi defisit əsasən maliyyə hesabında yaranan təxminən 2.4 milyard dollar xalis kapital çıxışı ilə bağlı olub: “2019-cu ildə əksinə, maliyyə hesabında 130 milyon dollar profisit qeydə alınmışdı. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1.4 milyard dolları isə ”digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital ötürülməsilə bağlı olub. Təkcə depozit və və nağd valyuta formasında xalis kapital çıxışı 1.3 milyard dollara yaxın olub.

Tədiyə balansındakı böyük həcmdə defisitə baxmayaraq, hökumət bəyan edib ki, aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində nəinki valyuta ehtiyatları azalıb, əksinə, əvvəlki ilə nisbətən 353 milyon dollar artıb. Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldoda qeydə alınan defisit əsasən 2 və 3-cü rüblərdə formalaşıb. İlin son rübündə bu göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da əsasən neftin qiymətinin yaydan sonrakı dönəmdə bahalanması ilə bağlıdır".

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın “balanslaşdırıcı maddə” kimi qeyd etdiyi maddə beynəlxalq metodologiyada “xalis xəta və kənarlaşma” kimi əks olunur: “Bu maddə üzrə ölkəyə 648 milyon dollar kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir. Beləliklə, ”Xalis xəta və kənarlaşmalar" maddəsi üzrə 648 mln. dollarlıq kapital girişi tədiyyə balansının ümumi defisitinin azalmasında əhəmiyyətli rol oynayıb".

R.Ağayev qeyd edir ki, Hesablama Palatasının aşkarladığı fakt rəsmi statistikada əksini tapmayıb: “Tədiyə balansında ”digər investisiyalar" bölməsində sektorlara ayırmadan ölkədən kapital çıxışı göstərilir. Təəssüf ki, məsələn, Türkiyədə olduğu kimi bizdə kapital hərəkətini bank, hökumət və özəl sektor üzrə ayırmırlar. Amma yenə də ümumi həcmdən ölkədən kapital çıxışını izləmək olur. bizdə tədiyə balansı qalıq prinsipi üzrə açıqlanır. Qalıq prinsipi o deməkdir ki, il ərzində bankların xaricə çıxardığı və xaricdən geri gətirdiyi vəsaitlərin hər biri ayrıca göstərilmir. Sadəcə, ikisinin fərqi göstərilir. Lakin Mərkəzi Bank 2019-2020-ci illər üzrə Azərbaycandan xaricə qoyulmuş birbaşa investisiyaların həcmi barədə məlumat açıqlayıb. Məlumatdan aydın olur ki, son 2 il ərzində xaricə yatırılan birbaşa investisiyaların həcmi 3.9 milyard dollara yaxındır. Əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədən xalis birbaşa investisiya çıxışı 3.2 milyard dollar təşkil edib.

Tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyaların təxminən 30 faizi neft sektoruna bağlıdır. Çox güman ki, bu, SOCAR-ın sərmayələridir. Amma yerdə qalan 70 faizin əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gəlirləri kimi ölkəyə hansı həcmdə vəsait daxil olması, bu gəlirlərin ölkənin milli gəlirinin formalaşmasına hansı səviyyədə töhfə verməsini müəyyənləşdirmək üçün ciddi analizlərin aparılmasına ehtiyac var".

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var: “Çox maraqlı statistikadır: Türkiyəni saymasaq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğumuz ölkələrin siyahısı belədir: Lüksemburq - 440 milyon dollar; Monteneqro - 290 milyon dollar; Britaniya - 300 milyon dollar; Rusiya - 236 milyon dollar; Avstriya - 226.5 milyon dollar; ABŞ - 224 milyon dollar; Malta - 187.1 milyon dollar; Gürcüstan - 113.9 milyon dollar; Sinqapur - 99 milyon dollar; Niderland - 89 milyon dollar.

Məncə, bu siyahı həm də yaxşı bir xəritədir - oliqarxiyanın xaricdəki kapitalını axtarmaq üçün xəritə.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur: 1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəçiliyndə səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10 faizinə sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10 faizindən az hissəsini almağa yetirsə, bu halda həmin sərmayə çıxışı ölkənin tədiyə balansında “portfel investisiya” kimi qeydə alınır".

Banklar vasitəsilə ölkədən vəsait çıxarılması necə tənzimlənir, prosesə hansı qurumlar nəzarət edir? Palatanın aşkarladığı faktlar üzrə cinayət işinin qaldırılması, qanunsuz köçürməni edən banklar və hesab sahibləri cəzalandırıla bilərmi? Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda kifayət qədər liberal valyuta rejimi mövcuddur: “Ölkədə əgər xarici valyutanı sərbəst şəkildə alıb-satmaq olarsa, prinsipcə, onu sərbəst şəkildə kənara da çıxarmaq mümkündür. Amma əlbəttə, mövcud qanunvericiliyin tələblərinə əməl etmək şərtilə. Azərbaycandan kənara valyuta çıxarılması iki yolla mümkündür: nağd və bank köçürmələri yolu ilə. Nağd çıxarılmaya gömrük orqanları, köçürmələrə banklar və Mərkəzi Bank nəzarət edir. Hesablama Palatasının açıqladığı məlumatdan aydın olmur ki, 1.1 milyard manat ekvivalentində dollar və avro xaricə banklar tərəfindən köçürmə yolu ilə, yoxsa nağd - yəni banknot formasında çıxarılıb. Nağd çıxarılsaydı, buna nəzarəti gömrük orqanları etməliydi. Gömrük orqanlarında qeydiyyata alınmadığına görə belə demək olar ki, bu vəsaitlər qaçaqmalçılıqla çıxarılıb ölkədən. Yəni gömrük orqanlarından gizlədilməklə. Qanunvericiliyə əsasən bu yolla ölkədən çıxarılan vəsait xeyli miqdardadırsa, onda bu əməlin sahibləri 3 ilədək azadlıqdan məhrum etmə və çıxarılan pulun 40-60 faizinə qədər cərimə cəzasına məhkum edilə bilərlər. Əgər çıxarılan vəsait 500 min manatdan yuxarıdırsa, bu, xüsusilə külli miqdarda hesab olunur. Bu zaman əməl sahibi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə, çıxarılan pulun 60-80 faizindək cərimə cəzasına məhkum edilə bilərlər”.

Hüquqşünas bildirir ki, vəsait köçürmə yolu ilə çıxarılıbsa, nəzarəti banklar həyata keçirməliydi: “Bu halda söhbət inzibati xətadan gedə bilər - valyuta tənzimi qaydalarının pozulmasına görə. İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə görə buna görə banklar cərimə oluna bilərlər - bank həmin məbləğin 20-30 faizi, bankın vəzifəli şəxsi isə 10-20 faizi həcmində. Burada söhbət ”Valyuta tənzimi haqqında" Qanunun, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması qaydaları”nın pozulmasından gedir. Qaydaların 4-cü maddəsində vəsaitlərin hansı halda və hansı qaydada xaricə köçürülməsi dəqiq əksini tapıb. Banklar bu qaydalara əməl etməlidilər. Əməl etmədikləri halda müvafiq məsuliyyətə cəlb oluna bilərlər. Bankların qaydalara əməl etməsinə nəzarəti isə Mərkəzi Bank həyata keçirir".

Ə.Həsənovun sözlərinə görə, çirkli pulların dövriyyəsinin qarşısını almalı olan Maliyyə Monitorinqi Xidməti Palatanın açıqladığı faktda əksini tapan vəsaitlərin hərəkətini o zaman izləyə bilər ki, onların terrorçuluğu maliyyələşdirməyə yönəldildiyini müəyyənləşdirmiş olsun.


“Yeni Müsavat”
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024