Slayd / Sağlamlıq (18-12-2023, 12:36)
Qızılcada hansı ağırlaşmalar ola bilər?
“Qızıca istənilən yaşda müşahidə edilir. Lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. 3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir”.
Mediatv.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova bildirib.
Həkim deyib ki, xəstə insandan yoluxma səpkilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpgknin yaranmasından 5 gün sonra baş verə bilər:
“İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral və ya başlanğıc (prodromal), səpkilər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf edir. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur”.
N. Müəllibovanın sözlərinə görə, səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-papulyoz səpki ilə səciyyələnir. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpki tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir. Sonrakı günlərdə yuxarı və aşağı ətraflarda qeyd olunur.
Həkimin sözlərinə görə, qızılca xəstəliyində bəzi ağırlaşmalar mümkündür:
“Qızılca zamanı ağırlaşmalar xəstəlyin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabi ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir. Əvvəlcə qızılca ilə yoluxan şəxslər səpki göründükdən sonra 5 günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcrid edilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya). Xəstə ilə təmasda olan peyvənd olunmayan uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan sonra 72 saat ərzində peyvənd olunması tövsiyə edilir.
Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə 3 komponentli vaksin istifadə olunur”.