Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-05-2021, 10:12)
Lavrov Bakıya erməni terrorçularını xilas etmək üçün gəlir? - NƏ ETMƏLİ?

Lavrov Bakıya erməni terrorçularını xilas etmək üçün gəlir?
“Rusiya əmindir ki, yaxın zamanlarda hərbi əsirlər məsələsi öz həllini tapacaq”. Bunu Rusiya XİN başçısı Sergey Lavrov İrəvan səfəri zamanı deyib. Söhbət, təbii ki, Bakıda saxlanılan erməni diversantlardan gedir. Çünki Azərbaycanda erməni hərbi əsir yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dəfələrlə bu məsələ ilə bağlı dövlətimizin prinsipial mövqeyini bəyan edib, ancaq ermənilərə sevdası tükənməz olan çevrələr həqiqətləri hələ də görməzliyə vurmağa davam edirlər. Budur, mayın 7-də rəsmi Bakı növbəti dəfə Avropa paytaxtları üçün xatırlatmalar edib. “Fransa və Kanada Xarici İşlər nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib. XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycan tərəfindən 70-dən artıq erməni əsiri Ermənistana qaytarılıb: “Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var. Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.

Azərbaycan XİN-in bu açıqlaması həm də İrəvanda mövzu ilə bağlı açıqlama verən Lavrova səfərqabağı xəbərdarlıq sayıla bilər. Maraqlıdır, Lavrovda belə əminlik hardandır ki, o, bu dərəcədə rahat şəkildə optimist mövqe sərgiləyir? Ümumiyyətlə, Lavrov İrəvandan nə ilə getdi və Bakıya nə ilə gəlir?

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr razılaşmasının bəzi müddəaları bu günə kimi icra olunmayıb: “Ermənistan bu müddəaları yerinə yetirmək əvəzinə, yeni təxribatlar törətməklə məşğuldur. Azərbaycan dəfələrlə bəyan edib ki, hərbiçilər 10 noyabr razılaşmasından sonra təxribat törətmək məqsədilə Azərbaycan tərəfinə keçməyə cəhd ediblər və məhz buna görə həbs olunublar. ”Hərbi əsirlər"in azad olunması məsələsi razılaşmanın müddəaları tam yerinə yetirildikdən sonra nəzərdən keçirilə bilər. Bunu bütün tərəflər bilir. Səfər böyük ehtimal tərəflərinin mövqeyinin uzlaşdırılması məqsədi daşıyır. İrəvanın son mövqeyi Azərbaycana, Azərbaycanın mövqeyi isə Ermənistana çatdırılacaq".

C.Məmmədov qeyd etdi ki, burada Rusiyanın da müəyyən maraqları var: “Rusiya tərəfi də bu maraqların təmin olunmasına çalışır. Azərbaycanın mövqeyi isə daha qətidir. Razılaşmada əksini tapan bütün məsələlər tam həllini tapmalıdır, ya sülh ya da güc yolu ilə. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı isə bildirdi ki, Rusiya XİN rəhbərinin öncə Ermənistana, daha sonra Azərbaycana gəlməsinin özündə müəyyən bir mesaj olduğu görünür: “Rusiya Azərbaycanda aparacağı danışıqlar zamanı Ermənistanın mövqeyini diktə etmək istəyir. Lavrov həm ”əsirlər"lə, həm də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın fikrini ifadə edir. Terrorçuları “əsir” kimi qələmə verməsinin özü erməni tərəfinin düşüncəsini diktə etməkdir. Zəngəzur dəhlizi ilə bağlı da ifadə etdiyi fikir erməni mövqeyidir. Onun sözündən belə çıxır ki, Ermənistan razı olmasa, Zəngəzur dəhlizi açıla bilməz. Həm də Lavrov 10 noyabr 2020 və 11 yanvar 2021-də öz ölkəsinin atdığı imzaya belə hörmətsizlik edir. Uzun müddət bu proseslərdən uzaqlaşdırılmış erməni əsilli nazirin fəallaşması və proseslərə zərər verən bəyanlarda bulunmasını Azərbaycan Rusiya rəhbərliyinin nəzərinə çatdırmalıdır".

Q.Çaxmaqlının sözlərinə görə, Lavrov Bakı görüşündə də belə mövqe sərgiləyərsə, ciddi diplomatik təbəddülat ola bilər: “Məgər Rusiya bilmirmi Azərbaycanda erməni hərbi əsir yoxdur, olanlarsa terrorçu kateqoriyasında mühakiməsini gözləyən şəxslərdir? Mən Rusiya nazirinin Azərbaycana səfərindən öncə Türkiyə rəsmilərindən birinin gəlməsini gözləyirəm. Bu, Rusiyanın ermənilərlə bağlı tərəf tutmasını önləyərdi. Rusiyanın qarşısına razılaşmanın yerinə yetirilməsi kimi şərtlərin qoyulması lazımdır. Rusiya bu şərtləri ermənilərin istəyi ilə pozursa, onun regiondan getməsi tələb olunmalıdır. Belə hallar, yəni sülhməramlı missiyadan kənara çıxma halları vardır və bunlar sülh prosesinə zərər vurur”.

Səfərin pərdəarxasından bəhs edən politoloq əmindir ki, Rusiya Azərbaycana təzyiq edə bilməz: “Lavrov Bakı səfərində yəqin ki, Minsk Qrupunun fəaliyyətini canlandırmaq istəyəcək. Bu da qəbuledilən deyil. Azərbaycan zəfərini diplomatik masada da təsdiq etmək üçün bütün vasitələrdən istifadə etməlidir. Yenə deyirəm, bu işlərdən Türkiyənin xəbəri olmalıdır və proseslərin içində Türkiyə mütləq olmalıdır”.

Beləlilklə, dövlətimizin də mövqeyi bəllidir, siyasi təhlilçilərimizin də, sadə vətəndaşlarımızın da. Azərbaycana qarşı terror törədənlər cəzasını alacaq. Artıq erməni milliyyətindən olan bir terrorçu ilə bağlı məhkəmə istintaqı başlayıb, yəqin digərlərinin də cəzasının sübutu istiqamətində hüquqi prosedurların növbəti mərhələsinə start veriləcək. Odur ki, əgər Rusiyanın baş diplomatı erməni terrorçularını xilas etmək üçün paytaxtımıza gəlirsə, özünə əziyyət verməsin...
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024