Siyasət (23-11-2017, 20:30)
Niderlandda Qarabağ hotelləri ilə bağlı kampaniya başladı
Niderlandda yerləşən “Avropada Azərbaycanlılar” (EuroAz.NL) təşkilatı "Booking.com" saytının Dağlıq Qarabağda hotel rezervasiyasına etiraz kampaniyasına başlayıb.
Mediatv.az-ın məlumatına əsasən, bu barədə Report-a təşkilatın həmsədri, bloqer Emil Əliyev məlumat verib.
Onun sözlərinə görə, aksiyaya bir sıra ölkələrdə fəaliyyət gösətərən bloqerlər də qoşulublar: “Hazırda "Booking.com" saytından Dağlıq Qarabağda hotel rezervasiya etmək olar. Qərara almışıq ki, buna etiraz olaraq bir kampaniya başlayaq və saytın elektron ünvanlarına əsasən ingilis və digər dillərdə etiraz məktubları göndərək. Artıq bir sıra ölkələrdən də bu kampaniyaya qoşulurlar”.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra internet vasitəsilə mehmanxana sifarişlərini həyata keçirən "Booking.com" Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz mehmanxana sifarişlərini dayandırmışdı. Lakin Hollandiya ərazisində qeydiyyatda olan "Booking.com" qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb.