Siyasət / Karusel (11-06-2014, 13:44)
Cəbhə xəttindəki ərazilərimizin deputatları nə qədər fəaldırlar?
Son günlər cəbhə xəttinə yaxın ərazidə yerləşən sakinlərimizin problemləri müzakirəyə tez-tez çevrilir. Milli Məclisdə bu məsələni əsasən Qənirə Paşayeva və İlyas İsmayılov qaldırır. Bu iki deputatın fəallığı digər cəbhə xəttində olan rayonların nümayəndələrindən fərqlənir. Bəs bizim qarabağlı deputatlarımız bu məsələlərlə bağlı nə düşünür?
“Cəbhə xəttinə yaxın yerləşən ərazilərimizdə yaşayan hər kəsə dövlət tərəfindən yardım edilməlidir”. Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. İlyas İsmayılovun prezidentə müraciətinə münasibət bildirən millət vəkilin sözlərinə görə, cəbhə xəttində yaşayan sakinlərimizə güzəştlər edilməlidir:
“Ümumiyyətlə, bizim birbaşa erməni gülləsinin altında yaşayan əhalimiz daima diqqət mərkəzindədir. Onlara evlər tikilib və kommunal xərclərdən azad ediliblər. Tovuz bölgəsində atəşkəs daha intensiv pozulur. Eyni zamanda, görünür həmin ərazilər güzəştlərdən kənarda qalıb. İlyas müəllim və Qənirə xanım da məhz bu məsələləri qabardırlar. Onların bu təkliflərini alqışlayıram. Həmin ərazilərdə hər gün atışmadır. Sakinlərin yaşayış yerləri tez-tez düşmən tərəfindən yararsız hala gətirilir. Bu baxımdan həmin ərazilərə güzəştlər olunmalıdır. Digər ərazilərdə yaşayan sakinlərə gəldikdə Qarabağ camaatının məsələləri daha öncələr də müzakirə olunub. Onlara müvafiq güzəştlər tətbiq edilib”.
Millət vəkili bildirib ki, ermənilərin güllə atdığı hər ərazinin sakinlərini bütün xərclərdən azad etmək də hardasa doğru deyil:
“Bütün cəbhə boyunca atəşkəs tez-tez pozulur. Lakin qeyd etdiyim kimi Tovuzda bu daha intensiv hal alıb. Bəli, hesab edirəm ki, digər düşmən gülləsi altında qalan ərazilərimiz də müzakirə edilməlidir. Bu ərazilərə görə də müvafiq tədbirlər görülməlidir. Bu məsələ möhtərəm prezidentimizin diqqət mərkəzindədir. Həmin ərazilərə müvafiq komissiyalar göndərilərək araşdırmalar aparılır. Lakin hesab etmirəm ki, hər güllə atılan ərazinin də sakinlərini bütün xərclərdən azad etmək lazımdır. Sadəcə olaraq, cəbhə xəttinə yaxın ərazidə yaşayan sakinlər düşmən tərəfindən zərər görərsə, bu ziyanın dövlət tərəfindən qarşılanması məqsədəuyğundur. Yenə deyirəm, Qarabağ camaatı kommunal xərclərdən tam azad edilib. Ola bilər ki, Tovuzda bəzi kəndlərə bu güzəştlər şamil edilmədiyi üçün hörmətli həmkarlarım bu məsələni qaldırıblar”.
Millət vəkili İqbal Ağazadə də hesab edir ki, cəbhə xətti boyunca bütün sakinlər kommunal xərclərdən azaddır:
“Məcburi köçkünlərlə bərabər bu ərazilərdə yaşayan sakinlərə də güzəştlər şamil edilir. Ola bilər ki, Tovuzun bəzi kəndləri nəzarətdən kənarda qalıb. Müzakirəyə çıxarılan ərazilər də həmin kəndlərdir”.
Qeyd edək ki, İlyas İsmayılov prezidentə müraciətində Tovuz-Qazax-Ağstafa dairəsinin Hacıallar kənd sakinlərinin kommunal xərclərdən azad edilməsini xahiş edib.