Siyasət (19-11-2016, 21:12)
“Torpaqlarımız işğal olunana qədər Azərbaycanın necə dəhşətlə…” – Səfir
“Azərbaycan Ukraynanın, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Status-kvo qəbuledilməzdir, hər an münaqişə alovlana bilər”.
Mediatv.az: APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Donetsk və Luqansk regionlarında eyni qüvvənin rolu sayəsində münaqişə yaranıb, torpaqlar itirilib.
Mişenko iki ölkə diasporlarının ərazi bütövlüyünü tanımasının birmənalı olduğunu, müzakirə mövzusuna çevrilməməsinin vacibliyini qeyd edib: “Diasporların siyasətdən uzaq olması barədə fikirlər səsləndirilir. Ancaq bu müstəvidə ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu olmamalıdır. Ukraynadakı Azərbaycan əsilli iş adamı Azərbaycandakı Ukrayna diasporuna ofis məsələsində kömək etdi. Mən Azərbaycandakı ukraynalıların bu sahədə rolunu görmək istəyirəm”.
A. Mişenko Azərbaycanda Taras Şevçenko adı altında diaspor qurumu kimi fəaliyyət göstərən ukraynalıların səfir olduğu 5 il ərzində Krım məsələsi ilə bağlı mövqelərini dəyişə bilmədiyini vurğulayıb. Ukraynalıların ölkələrinin ərazi bütövlüyünə qarşı bu cür münasibətini yolverilməz sayan səfir deyib ki, Ukrayna xalqı pozulmuş ərazi bütövlüyünü bərpa etmək üçün sona qədər döyüşəcək: “Mən Qarabağ hadisələri dövründə Ukrayna Xarici İşlər Nazirliyində çalışırdım. Bizim torpaqlar işğal olunana qədər biz Azərbaycanın necə dəhşətlə üzləşdiyini bilmirdik. Dünya birliyi böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, işğalçıya birmənalı münasibət bəsləməlidir. Əks halda, dünyada xaos hökm sürəcək”.