Siyasət (1-11-2016, 14:10)
Polad Bülbüloğlu: "Neftin qiymətinin aşağı düşdüyü zamanda əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır"
"Neftin qiymətinin aşağı düşdüyü zamanda əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır".
Mediatv.az xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Energetika bazarındakı qeyri-sabitlik qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini kəskin aktuallaşdırdı. Bununla əlaqədar Rusiyanın şimalda və Baltik dənizindəki limanlarını Xəzər dənizi və Hind okeanının limanları ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı çərçivəsində genişmiqyaslı tranzit- logistika layihələr cəlbedicidir", – deyə səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələr arasında gələcək əməkdaşlığın konturunu müəyyən edəcək: "2016-ci ilin nəticələrinə görə, 19 regionu ilə 36 saziş imzalanıb. Azərbaycan və Rusiyadakı ənənəvi regional tərəfdaşlar arasında elmi-texnoloji və digər sahələrdə əlaqələrin uğurlu formatları işlənib hazırlanıb".
Diplomat qeyd edib ki, Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan tərəfi hər bir regionun spesifik xüsusiyyətlərinin nəzərə alınmasıyla nümunəvi saziş layihəsinin yaradılmasını məqsədəuyğun sayır.
P.Bülbüloğlu Rusiya Federasiyasının subyektləri ilə ənənəvi əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib: "Forumdan foruma münasibətlərimizin daha da dərinləşdirilməsi istiqaməti üzrə gedəcəyik". (Report)