Siyasət / Slayd (4-05-2014, 23:03)
“İlham Əliyev əməliyyat düyməsinə basdı” – Türkiyə mediası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilməsi Türkiyə mətbuatının da diqqət mərkəzində olub.
"Qafqazinfo” Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, adı "nurçu”larla əlaqələrdə hallanan sabiq komitə sədrinin vəzifəsindən azad edilməsi bir sıra Türkiyə qəzetlərində geniş şəkildə işıqlandırılıb. Demək olar ki, xəbəri dərc edən bütün mətbuat orqanları istefanın Türkiyədə "Gülənçi”lərə qarşı başladılan əməliyyatın bir hissəsi olduğununa diqqət çəkiblər.
Gündəlik "Axşam” qəzeti bu xəbəri "Əliyev əməliyyat düyməsinə basdı, "paralel nazir”i devirdi” başlığı ilə təqdim edib. Eyni zamanda, daha öncə paralel quruluşla əlaqələri olduğuna görə digər məmur Elnur Aslanovun da vəzifəsindən azad edildiyini xatırladıb. Qəzet Ərdoğanın Bakı səfəri zamanı prezident İlham Əliyevə "nurçu”ların siyahısını təqdim etdiyini vurğulayıb.
"Aydınlık” qəzeti isə bu xəbəri "Azərbaycanda camaat əməliyyatı. Dini Qurumların sədri istefaya göndərildi” kimi təqdim edib.
"Yeni akit” qəzetində bu xəbər "Əliyev "paralelçi” Elşad İsgəndərovu vəzifəsindən azad etdi”, "Günəş” və "Türkiyə” qəzetində isə "İlham Əliyevdən paralel əməliyyatı” başlığı ilə təqdim olunub.