Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-06-2016, 22:30)
Kabinetində güllələn icra başçısı

1990-cı illərin əvvəllərindəki siyasi vəziyyətin mürəkkəbliyi, Azərbaycanın çox ciddi sınaqlar qarşısında olması bir fakt idi. O zaman dəyərli, öz sözünü deyə bilən, qətiyyətli şəxslərə ciddi ehtiyac duyulurdu ki, bütün bunlar da belə insanların ictimaiyyətin maraq dairəsində olmasını zəruri edirdi.


Hələ 1988-89-cu illərdə – institutda təhsil alarkən tələbə yoldaşlarımızla birlikdə müzakirələr aparır, bizi bu durumdan çıxara biləcək neçə Nizamiyə, Füzuliyə, Xətaiyə, Cavanşirə, Koroğluya, Qaçaq Kərəmə, Əsədullaha və digər fəlsəfi fikirli, dünyanı dərk edən şəxslərə, cəngavərlərə ehtiyac olduğunu sanki hesablayırdıq. Və Azərbaycanın bütövlüyü, istiqlalı, xoşbəxt gələcəyi naminə gördüyü dəyərli işlərlə tanınan insanların sayının artması bizi sevindirməyə bilməzdi. Çünki biz özümüz olmağa, sərbəst yaşamağa, müqəddəratımızı sərbəst təyin etməyə çalışırdıq. Bu çox çətin və mürəkkəb bir iş idi. Bunun itkisiz ötüşəcəyini düşünmək ən azı sadəlövhlük olardı. Çünki bizim kimdən və haradan qopmağımız, kimlərlə toqquşacağımız bəlli idi.

Azərbaycanın çox dəyərli övladlarından – sönməz günəşlərindən biri olan Xudu Məmmədovun dediyi kimi, istiqlalı qazanmaq üçün elə hərəkət etmək lazımdır ki, fəlakətdən uzaqlaşa biləsən. Xudu müəllim bunu əl qumbarasının anlaqsız bir uşağın əlindən xətasız alınması kimi mürəkkəb və incə işə bənzədirdi. Bu kəlamın hikmətini biz sonrakı dövrlərdə daha çox dərk etməyə başladıq.

Belə çətin anlarda xalqımızın Mikayıl Gözəlov kimi övladlara ehtiyacı var idi. M.Gözəlov öz əməllərilə xalqın gözündə ucalmağa başlayırdı və bu baxımdan da digərləri kimi onunla maraqlanmaq, gördüyü işləri izləmək çox gərəkli idi.

M.Gözəlovun gördüyü işlərin, əməllərin xalq tərəfindən bəyənilməsində əsas rol oynayan faktorlardan biri onun tərbiyə aldığı ailə, yaşadığı mühit, oxuduğu məktəbdir. M.Gözəlovun atası Qoca kişi (Qoca Gözəlova el arasında elə deyirlər) öz zəhməti, səxavəti, əxlaqı, mənəvi dəyərləri, mərdliyi ilə həmişə seçilib və hamıya örnək olub. Qarabağın yaxşını pisdən ayıra bilən, yaxşılığı itirməyən camaatı Qoca kişini yalnız müsbət keyfiyyətlərilə tanıyıb və qəbul edib. Qoca kişi xeyirxah əməllərinə görə Azərbaycanın əksər bölgələrində ad-san qazanıb, Ağdamın Mərzili kəndində yaşasa da, bütün ölkədə nüfuz sahibi olub. Bizim ailə də Qoca kişiyə hörmət edənlərdən, əməllərini bəyənənlərdən olub.

Qarabağın mərd oğlu - Mikayıl Gözəlov

Belə bir mühitdə tərbiyə alan, formalaşan M.Gözəlov Mərzili kəndində boya-başa çatıb. O, Mərzili kəndi ki, öz zəhmətkeş camaatı, alimləri, dəyərli övladları ilə şöhrətlənib. O Mərzili kəndi ki, dünyanı heyran qoyan Xudu Məmmədov möcüzəsi də bu kənddən boy verib. Bütün bunlar M.Gözəlovun tərbiyə aldığı ailə və mühit barədə çox şey deyir.

Tale elə gətirdi ki, mən 1989-cu ildə M.Gözəlovla şəxsən ünsiyyətdə olmaq imkanı qazandım. Bir qrup gənclə birgə Şuşa şəhərinə getdik. Şuşada bizi rayonun rəhbərlərindən biri olan Mikayıl Gözəlov qəbul etdi və ilk sözü bu oldu: “Topxana meşəsinə baxmısınız, oradakı ürəkağrıdan vəziyyəti görmüsünüz? Bakı buna nə vaxta qədər göz yumacaq?” Sonra o, bizim Cıdır düzünə getməyimiz və ərazini gözdən keçirməyimiz üçün şərait yaratdı. Və biz gözlərimizlə vəziyyətin nə yerdə olduğunu gördük. Həmin gün Mikayıl Gözəlovla çox geniş və hərtərəfli söhbətlərimiz oldu. Vəziyyət barədə çox geniş məlumat əldə etdik. Mikayıl Gözəlov öz sözləri, fikirləri, hadisəyə konkret münasibətilə çox dəyərli və vətənpərvər şəxsiyyət olduğunu bir daha göstərdi. Onun bu keyfiyyətlərini əyani müşahidə edəndən sonra, sözün açığı, içimdə bir arxayınçılıq hissi yarandı. Bu arxayınçılıq Mikayıl Gözəlov kimi şəxslərin – Azərbaycanı ağır zərbələrdən qoruya biləcək bir gücün mövcudluğundan, bu insanlarda milli hissin, vətən təəssübünün yüksək səviyyədə olmasından irəli gəlirdi.

Həmin vaxtlar Mikayıl Gözəlovun Dağlıq Qarabağdakı nüfuzu, hadisələrə təsir gücü danılmaz idi. O, sonradan baş vermiş hadisələrin qarşısının alınması üçün çox işlər görmək iqtidarında idi və bunu düşmənlər də yaxşı bilirdilər. Belə bir insanın qətlə yetirilməsi düşmənləri sevindirməyə bilməzdi. Mikayıl Gözəlovun qətli Ağdamdan, Şuşadan Qarabağa, bütün Azərbaycana boylanan Günəş şəfəqinin sönməsi idi.

Əslində bizim Qarabağı, digər bölgələrimizi itirməyimiz məhz Mikayıl Gözəlov kimi şəxsiyyətləri itirməyimizlə başladı. 20 noyabr 1991-ci ildə dəhşətli vertolyot faciəsilə Azərbaycanın bir çox görkəmli oğullarını, sonra Mikayıl Gözəlovu, həmin ildə Eldar Bağırovu, Daşaltı əməliyyatı zamanı neçə-neçə igid vətən övladını, sonra qəhrəman sərkərdələrimizi – Əlif Hacıyevi, Ramiz Qəmbərovu, Şirin Mirzəyevi, Allahverdi Bağırovu, Vəzir Orucovu, “Qarabala” çağrılan Nazimi, Ərşad Nadirovu (“General” Ərşad), Əliyar Əliyevi, Kamil Abbasovu, Yaqub Rzayevi (Qatır Məmmədi) və başqalarını itirdik və bununla torpaqlarımız, elimiz-obamız əlimizdən getdi. Asif Məhərrəmov (Fred Asif) isə bütün bunları görür, duyur, daxili sarsıntılar keçirir, bütün zərbələrə, xəyanətlərə sinə gərir, daxili düşmənlərlə mübarizə aparır, onlara tutarlı cavablar verməklə yanaşı, öz hərbçilərilə təcavüzkar düşmənlə açıq döyüşdən çəkinmir, ona tutarlı zərbələr vururdu. Fred Asif canı, qanı bahasına fədakarlıqlar göstərirdi. Əfsuslar olsun ki, biz sonda gərgin mübarizələrdə öz canını fəda etmiş Fred Asifi də itirdik.

İtirdiklərimizin dəyərini biz indi daha çox hiss edirik. Mübariz, döyüşkən və cəsarətli sərkərdələri, vətənə dərin sevgisi olan və milli mənafeni şəxsi marağından üstün tutan şəxsləri heç zaman unutmamalıyıq. Onlar bizə örnək olmalı, gələcək nəsillər onları tanımalıdır. Biz belə şəxsiyyətlərin ruhu qarşısında borcumuzu, məsuliyyətimizi anlamalıyıq.

Tanıyanlar, məlumatı olanlar bütün dəyərli Azərbaycan övladlarının, o cümlədən Mikayıl Gözəlovun vətən üçün etdiklərini mütləq cəmiyyətə çatdırmalıdırlar. Fədakar oğulların həyat və fəaliyyət yolu qələmə alınmalı, parlaq əməlləri barədə konkret faktlar göstərilməlidir ki, tanımayanlar da onları tanısın, əməlləri hər birimizə örnək olsun. Çünki Azərbaycanın, millətimizin Mikayıl Gözəlov kimi övladların yetişməsinə çox böyük ehtiyacı var. İnşallah, belə şəxsiyyətlərimizin, qeyrətli vətən övladlarının yeri boş qalmayacaq, onların davamçılarının sayı artacaq və Azərbaycan özünün daha parlaq, günəşli gələcəyinə qovuşacaq.

Allah Mikayıl Gözəlova və bütün dəyərli Azərbaycan övladlarına rəhmət eləsin! Ruhları şad olsun!

Hüseyn Məhəmmədzadə

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024