Siyasət / Slayd (25-03-2014, 16:11)
Azərbaycanlı deputatın daha bir şirkətini çökdürdülər
Baş nazirin sabiq 1-ci müavininin oğlu Aydın Abbasovun "Aquo Line LTD” şirkəti bağlandı, onun yerini "Gilan Holdinq” tutdu
Gürcüstanın dünyaca məşhur mədən suyu "Borjomi”nin Azərbaycanda satışı dayanıb. Bir neçə gündür Bakıdakı mağazalarda "Borjomi” qəhətə çıxıb. Modern.az saytının araşdırması nəticəsində bəlli olub ki, Gürcüstandan Azərbaycana "Borjomi” suları idxal edilmir.
Məşhur mədən suyunun Gürcüstandan Azərbaycana idxalı ilə məşğul olan "Aquo Line LTD” şirkətinin nümayəndəsi Nihad Məhərrəmov sözügedən sayta bildirib ki, şirkət öz fəaliyyətini dayandırıb. "Hazırda Gürcüstandan Azərbaycana ”Borjomi" gətirilmir. Bizdə olan məlumata görə, bundan sonra onun idxalı ilə "Gilan Holdinq” məşğul olacaq. Artıq "Borjomi”nin Azərbaycana gətirilməsinə "Gilan Holdinq” baxır. Amma bundan sonra mineral suyun idxal olunub-olunmayacağını deyə bilmərəm".
"Gilan Holdinq”dən isə sözügedən məsələyə dair məlumat almaq mümkün olmayıb. "Bojomi” mineral sular bazarında ən işlək məhsullardan biridir. 2013-cü ildə Azərbaycanda 7 milyon şüşədən çox "Borjomi” mineral suyu satılıb.
"Borjomi”nin idxalı ilə məşğul olan "Aquo Line LTD” şirkətinin baş nazirin sabiq müavini, hazırda Rusiyada siyasi və biznes fəaliyyəti göstərən Abbas Abbasovun ailəsinə məxsus olduğu çoxlarına məlumdur. Daha doğrusu, bu şirkəti A.Abbasovun oğlu, Milli Məclisin üzvü Aydın Abbasov idarə edir.
Bu, artıq A.Abbasovun biznes və mülklərinin əlindən alınması ilə bağlı 3-cü faktdır.