Siyasət / Slayd (Dünən, 22:22)
XİN başçıları İstanbulda görüşdü -FOTO
Məlumata görə görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının Səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitar yardımın davam etdiriləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki cari gərginliklər ətrafında fikir mübadiləsi aparılıb.
İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış eskalasiyanın narahatlıq doğurduğu, vəziyyətin diplomatik yollarla tənzimlənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
