Siyasət / Slayd (18-03-2024, 19:35)
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
“Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır”.
Mediatv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Dövlət başçısı bildirib ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir:
“Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.
Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.
Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”