“Fransa xarici işlər naziri Ketrin Kolonnanın Avropa Parlamentində antiazərbaycan mövqeyindən sonra Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatlar törətməsi və DSX əməkdaşının yaralanması ilə nəticələnən təxribatların haradan dəstəkləndiyini anlamaq çətin deyil”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində Fransanın mövqeyinə diqqət çəkərkən bildirib.
Deputat bildirib ki, Fransa rəsmisinin öz daxili problemlərini kənara qoyaraq erməni müdafiəçisi kimi çıxış etməsi, eləcə də Laçında sərhəd buraxılış məntəqəsinin götürülməsi iddiası bu ölkənin əsl mahiyyətini bir daha ortaya qoyur.
Fransa xarici işlər naziri Avropa Parlamentində yenidən “Dağlıq Qarabağ” ifadəsi işlətməklə yanaşı, Fransa Azərbaycan-Ermənistan münasibətlərində açıq şəkildə ermənilərin və Ermənistanın yanında olduğunu bəyan edib.
Bundan sonra Fransanın sülh prosesinə hansı “töhfəni” verəcəyi bəllidir. Fransa Xarici işlər naziri Ketrin Kolonna deyir ki, Ermənistana gedən missiya münasibətlərin tənzimlənməsinə böyük dəstək verir. Laçın dəhlizi ilə bağlı iftira səsləndirən, Azərbaycanın erməniləri blokadada saxaladığını iddia edən təpədən dırnağa qədər erməni separatizmini dəstəkləyən bu ölkə sülhə heç bir tövhə verə bilməz”.