Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (20-09-2014, 20:51)
“Bizdə milyarderlər var, amma hamısı vəzifədədir…” - MÜSAHİBƏ

“Bizdə milyarderlər var, amma hamısı vəzifədədir…” - MÜSAHİBƏ

 

Oqtay Haqverdiyev: "Vəzifədə olanda elə bilirlər ki, həm ağıllıdırlar, həm də qüvvətli"

Tanınmış iqtisadçı Oqtay Haqverdiyev analitik.az saytına maraqlı müsahibə verib 
 
 
- Oqtay müəllim necəsiz, işləriniz necə gedir?
 
- Çox sağ olun, yaxşıyam. Minnətdaram…
 
- Nə əcəb ali məktəbdə dərs demirsiniz? Məncə, indi yaxşı iqtisadçıların mühazirələrinə böyük ehtiyac var.
 
- Vaxtilə bir müddət dərs demişəm. Nazirlər Kabinetində işləyəndə Prezident yanında İdarəçilik Akademiyasında mühazirələr oxumağa dəvət edirdilər. Hərbi Akademiyada da mühazirələr oxumuşam. Sonradan müəllimlik etmək xoşuma gəlmədi. Çünki auditoriyanın müəyyən hissəsi sənə qulaq asmayanda adam özünü yaxşı hiss etmir. Biz oxuyan vaxtlarda instituta qəbul olanlar mümkün qədər çox bilik əldə etməyə çalışırdılar. İndiki cavanlar tamam başqadırlar.
 
- Yaşıdlarınızın əksəriyyəti evdə oturmağı, təqaüddə olmağı sevmir. Yaşları çatsa da kreslonu tərk etmək istəmirlər. Sizcə haqlıdırlar, yoxsa istirahət də lazımdır?
 
- Bilirsiz, istirahəti hərə bir cür başa düşür. Biri belə başa düşür ki, daim divanda oturub televizora baxmalıdır. Amma mənim aləmimdə belədir ki, insan nə qədər imkanı varsa, daha çox çalışmalıdır. Mən işləyəndə daha çox istirahət edirəm. Hətta, bağa da getmirəm. Bilirsiz niyə? Oturursan, heç bir işlə məşğul olmursan. Nəvələr qarşında oynayır. Onda özümü narahat hiss edirəm. Elə bilirəm ki, bu dünyadan silinmişəm. Çalışmaq lazımdır. Düzdür, mən daş daşımıram. Məndə yazı işləridir. İqtisadi analizlər etmək, ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətini öyrənməkdir. Belə işlərlə məşğul olduqca, daha da çox istirahət edirəm.
 
- Zəngin həyat yolu keçmisiniz. Yüksək vəzifələrdə çalışmısınız. Nazir müavininədək yüksəlmisiniz. Sizcə, vəzifə niyə belə şirindir: yaxşı pul gətirir, yoxsa hörmət, şan-şöhrət?
 
- Bu suala ümumi deyil, gərək azərbaycançılıq prizmasından yanaşaraq cavab verəsən. Azərbaycanda belə qəbul olunur ki, hansısa şəxs vəzifədədirsə həm ağıllıdır, həm qüvvətlidir, hər yerdə sözü keçəndir. Mən bunun əleyhinəyəm. Vəzifədə olanda da hətta, hesab etmişəm ki, adi bir işçiyəm. Çalışmışam ki, mənə tabe olan işçilər hiss etməsinlər ki, mən onların rəhbəriyəm. Hər hansı bir təklif olanda onlarla müzakirə edirdim. Deyirdim ki, məndən utanmayın. Əgər razı deyilsizsə, deyin ki, bu düzgün deyil. Amma düzgün olmadığına dair arqument gətirin. Çalışın, mənə sübut edəsiz ki, siz düz deyirsiz. Təklif verəndə lazımi hesablamaları verirəm, lazımi arqumentlər gətirirəm. Mən istəyirəm siz mənə opponent olasınız. Əgər siz mən deyənin hamısını qəbul edəcəksizsə, onda siz mənim nəyimə lazımsız? Mən bu məsələyə həmişə belə yanaşmışam. Əlbəttə ki, vəzifədə olan vaxtlar müəyyən xahişlərim olub. Kimisə harasa işə düzəltmək kimi xahişlərim olub. Hər halda bunlar da yaxşılığa doğru olub.
 
 
"Artur Rasi-Zadə ilə çoxdanın tanışıyıq"
 
 
- Oqtay müəllim, eşitmişik Nazirlər Kabinetindən şöbə müdiri vəzifəsindən çıxmağınızın maraqlı tarixçəsi var. Bu, necə oldu?
 
- Mən təqaüdə 71 yaşında çıxmışam. Nazirlər Kabinetində işləməmişdən öncə, keçmiş SSRİ dövründə, 70-ci illərdən əvvəl 4 il Zığda böyük bir kombinatın müdiri olmuşam. Sonra isə Dövlət Plan Komitəsində işləmişəm. 70- 80-ci illərdə Dövlət Plan Komitəsində, eləcə də təxminən 8 il müxtəlif ölkələrdə işləmişəm. Müstəqillik əldə edildikdən sonra Dövlət Plan Komitəsi İqtisadiyyat nazirliyinə çevrildi. Orada da işləyirdim. 1996-cı ildə nazir müavini oldum. Bizim nazirlik ləğv olunandan sonra yeni bir nazirlik- İqtisadi İnkişaf Nazirliyi yarandı. Ora da məni işləməyə dəvət etdilər. Lakin mən razılıq vermədim. Başqa yerdə işləmək üçün getmək istəyirdim. Amma məni buraxmadılar və Nazirlər Kabinetində iqtisadiyyat və maliyyə şöbəsinin müdiri kimi işləməyə başladım. Baş nazir Artur Rasi-Zadə ilə Dövlət Plan Komitəsinin vaxtından tanışam. O, məndən bir yaş böyükdür. Bir-birimizə həmişə böyük hörmətimiz olub. Maşınqayırma onun kurasiyasındaydı. Mən isə kənd təsərrüfatına nəzarət edirdim. Sonra isə mənim kurasiyama ticarəti verdilər. Onunla işləmək mənim üçün çox yaxşı idi. Dövlət Plan Komitəsində belə bir mühit var idi ki, düşündüyünü deyə bilirdin. Nazirlər Kabinetində ya Mərkəzi Komitədə isə sən baxmalıydın ki, yuxarıda oturan sənin dediyini qəbul edəcək, ya yox? Çalışırsan ki, onun fikrini sən deyəsən. O da səninlə razılaşır.
 
 
"Başım çox ağrıyıb"
 
 
- İndi çoxları düşündüyünü dilə gətirməyə çəkinir. Amma siz fərqli xarakterə maliksiniz. Buna görə başınız çox ağrıyıb?
 
- Mənim daxilimdə sərbəstlik var. Jurnalistlərlə də yaxşı münasibətim var. Nə soruşublar ətraflı cavablandırmışam. Uğurları da demişəm, problemləri də bildirmişəm. Bununla yanaşı, problemlərdən çıxış yollarını da qeyd etmişəm. Görürsən ki, bəzi adamlar tənqiddən başqa heç nə bilmirlər. Soruşanda ki, dediyini necə etmək lazımdır? Onu bilmir. Ona görə də tənqid etməmişdən qabaq məsələni dərindən öyrənmək lazımdır. Onun çıxış yollarını tapmalısan. Sonra tənqid edəsən. Mən bu prinsiplə işləmişəm.
Başım da çox ağrıyıb. Amma müəyyən dərəcədə mənə hörmət var. İşlədiyim müddətdə neçə nazirlər yola salmışam. Həyatımın prinsipi belə olub ki, mən lazım olum, mənim kiməsə ehtiyacım olmasın. Həyatım boyu belə olub. Həmişə lazımlı insan olmuşam.
 
 
- Ötən əsrin 70-ci illərdə hələ müxtəlif sahələrdə çalışmısınız. Həmin illər ən çox nələrlə yadınızda qalıb?
 
- Mən 70-ci illərdə, rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra bir mütəxəssis kimi formalaşmışam. Respublikada onun rəhbərliyi ilə müsbət istiqamətdə proseslər gedirdi. O vaxtlar mən Dövlət Plan Komitəsində işləyirdim. Onun siyasətini və indi də oğlunun siyasətini qəbul etmişəm. Amma istəmişəm ki, çatışmayan məsələlərdən də danışaq. Hər şey təriflə olmasın. Əlbəttə ki, nailiyyətlər var. Son 10-15 ili götürsək, Azərbaycanda müsbət istiqamətdə gedən dəyişiklikləri açıq-aydın görmək olar. Amma buna baxmayaraq korrupsiya var. Bu ən biabırçı bir məsələdir. Nailiyyətlər bundan da artıq ola bilərdi, əgər bu, aradan götürülsəydi. Monopolizm var. Bunları demək lazımdır. Özü də yollarını da göstərmək lazımdır ki, bunu necə aradan qaldırmaq olar. Mən həmişə çalışmışam obyektiv olum.
 
- Oqtay müəllim, çox maraqlıdır, o zamanlar, yəni, 70-ci illərdə insanlar daha etibarlı idi, yoxsa indi?
 
- İnkişafın öz qanunları var. İnsan elə insandır. Mən 42 ölkədə olmuşam. Deyirik ki, paxıllıq bizdə çoxdur. Vallah, paxıllıq hər yerdə var. Bu, insanın canındadır, qanındadır. Əvvəldən gələ-gələ hamıya genetik olaraq keçib, hansı millət olursa-olsun. O vaxtkı atmosferdə insanlar necə olubsa, indiki atmosferdə, indiki durumda da insanlar elədir. Sadəcə, dəyişən formadır. Digər məsələlər öz yerində qalıb. Məsələn rüşvətdən danışırıqsa, o vaxt da rüşvət var idi. Amma məbləği az idi. İndi məbləğ daha çoxdur. Ona görə də dəyişən sadəcə formadır. Məzmun isə olduğu kimi qalıb.
 
 
 
“Kömək etdiyim oğlan indi yüksək vəzifədə olsa da, bir dəfə zəng etmir”
 
 
- «Kaş bunu eləməyəydim və ya kaş bu addımı ataydım», deyirlər çox vaxt. Siz də belə çox düşünmüsünüz?
 
- Əlbəttə, olub. Mən də insanam. Bilirsiz, o da nədən olub? Yaxşı sual vermisiz. Hərdən mən də bu sualı özümə vermişəm. Çalışmışam ki, həmişə insanlara inanım. İnananda müəyyən işlər görürsən. Məsələn, elə olub ki, mənim yanımda işləyən cavan bir adam, kasıb ailədən olan birini işə götürməyiblər. Mən nazir müavini işləyəndə onun babası gəldi mənim yanıma. Dedi ki, nəvəm Türkiyədə ali təhsil alıb, amma işsiz qalıb. Hara gedir işə götürmürlər. O vaxtlar iqtisadiyyat nazirliyinin Elmi-Tədqiqat İnstitutu var idi. Onun direktoruna zəng vurdum, cavan oğlanı orda işə götürsün. Adı orda olsun, amma mənim yanımda işləsin. Gördüm doğurdan da ingilis dilini, kompyuteri yaxşı bilir. Elə də etdik. Düzdür, maaşı o qədər də böyük deyildi. Dedim ki, döz. Bunu yavaş-yavaş öyrətdim. Hara gedirdim onu da özümlə aparardım. Yavaş-yavaş formalaşdı bu cavan oğlan.
 
- Oqtay müəllim, bəlkə cavan oğlanın adını deyəsiziniz...
 
- Adını çəkmək istəmirəm. Bu cavan oğlan böyük vəzifələrə getdi çıxdı. Amma bir dəfə də olsun mənə zəng vurmur. Zəng vurub demir ki, Oqtay müəllim, necəsən? Mənim ondan heç bir təmənnam yoxdur. Mən vətəndaşlıq borcumu yerinə yetirdim. O, mənim nə qohumumdur, nə də tanışımdır. Onu yetişdirdim. Bir onu yox, neçəsini yetişdirdim. Amma onlar sədaqətli olublar. Mən yenə də ondan incikli deyiləm. Hər halda Azərbaycan üçün işləyir. Qoy işləsin, ailəsi var. Ailə həyatı quranda toyuna da məni dəvət etmədi. Mənim sürücümün onunla münasibətləri var idi. O, mənə danışırdı ki, Oqtay müəllim bu cavan oğlan evləndi.
 
 
- İndi buna görə heyifslənirsiniz? Ümumiyyətlə, arxaya baxanda ən çox nəyə heyifslənirsiz və ya nəyə görə peşiman deyilsiniz?
 
 
- Ümumiyyətlə, deyə bilərəm ki, mən həyatımdan razıyam. Mənim 78 yaşım var. Həmişə ürəyimdəm gələn işləri görmüşəm. Mənə məcburən nəyisə elətdirməyiblər. 80 faizi belə olub. Hər halda həyatımdan çox razıyam. Ailəm var, övladlarım var, nəvələrim var. Bu məsələdə də demək olar ki, xöşbəxt adamam. Bu, hər adama nəsib olmur. Mənə saytlar, televiziya kanalları müraciət edəndə, hətta BBC-dən, Moskvadan iqtisadi məsələlərlə bağlı mənə müraciət edirlər. Hiss edirəm ki, mən hələ lazımam. Bu, bəlkə də mənim ömrümü uzadır. İnsan lazım olmayandan sonra demək olar ölüdür. Məsələn, insan ailədə lazım deyil, uşaqlarına lazım deyilsə, o, ölüdür.
 
 
Bizdə iqtisadçılar paslanıblar
 
 
- Azərbaycanda siyasətçi çoxdur, amma yaxşı iqtisadçı, xüsusilə iqtisadi prosesləri düzgün şərh edən iqtisadçı çox azdır. Sizcə, bu, nə ilə bağlıdır? İqtisadçıların başı bəlkə pul qazanmağa qarışıb?
 
- Ad çəkməyəcəm. Bizdə yaxşı iqtisadçılar var. Amma onlar konyuktur iqtisadçılardır. Bunlar böyük vəzifələrdə də var, yaxşı iqtisadçıdırlar. Yəni, həm nəzəriyyəni, həm də praktikanı bilirlər. Onlar bir iqtisadçı kimi yaşamaq üçün dərs deyə bilərlər, ayrı işlə məşğul ola bilərlər. Şirkətlərdə iqtisadçı kimi işləyə bilərlər. Amma konyuktur iqtisadçı olduqlarına görə, yavaş-yavaş prinsipsiz insana dönürlər. Belə bir söz var: “Deyirlər ikini vur ikiyə neçə edər? Deyir sənə neçə lazımdır?” Bax, belə iqtisadçıya dönüblər. Peşəkar iqtisadçılar da var, yeri gəlmişkən, müxalifətdə də var. Necə deyərlər, onlar da paslanıblar. Gərək onları da işlədəsən.
 
 
 
Rusiya tərəfindən bizə çoxlu təzyiqlər var idi
 
 

- Azərbaycan iqtisadiyyatındakı inkişafı necə izah edərdiniz?

- Müstəqillik illərindən bu yana götürsək, bizim iqtisadi inkişafımız məcburi siyasət yaratdı. Yəni, obyektiv siyasət deyildi, məcburi siyasət idi. Baxdıq gördük ki, bizim neftdən başqa heç nəyimiz yoxdur dünya bazarına çıxarmağa. Nefti də bazara çıxarmağa imkanımız yoxdur. Yəni, böyük kapitalımız yoxdur. Ona görə də bu günlərdə 20 ilini qeyd edəcəyimiz neft müqavilələrini bağlamaq qərarına gəldik. Azərbaycana xariciləri dəvət etdik. Bu, o qədər də yeni bir siyasət deyildi. Götürək ərəb ölkələrini. Onlar yüz illərlə səhrada yaşayırlar və bilirdilər ki, torpağın altında neft var. Amma onu çıxarda bilmirdilər. Ona görə də onlar o yolla getdilər. Xariciləri çağırdılar. Mən ərəb ölkələrində də işləmişəm. Məsələn, Küveyti götürək. Onlar İngiltərənin şirkətləri ilə 20 illik kontraktlar bağlamışdılar. İyirmi il ordan çıxan neftin 80 faizini ingilislər götürür, 20 faizi Küveytə veriləcək. İyirmi ildən sonra bu proporsiya dəyişəcək. Bizdə də demək olar ki, bu yolla getdilər. Baxmayaraq ki, Rusiya tərəfindən bizə çoxlu təzyiqlər var idi. Qoymurdular onlar bura gəlsin. Heydər Əliyevin müdrikliyini qeyd etmək lazımdır. O, elə bir siyasət apardı ki, hər tərəf razı qaldı. İmkanlar əldə edildikdən sonra 1997-ci ildə ilk neft çıxmağa başladı. 2000-ci ildə SSRİ dağılan ilin səviyyəsinə gəldik çatdıq. 10 il keçdi üstündən. Ondan sonra da daha dinamik inkişaf etdik. Neft hasilatı artdı. Əvvəl 25, sonra 35 və 50 milyon tona qədər çatmışdı, sonra düşdü aşağı. Bu vəziyyətdə qiymətlər də artmağa başladı. Biz bu illərdə yaxşı baza yaratdıq. Qeyri-neft sektorunun inkişafı üçün imkanlar yarandı. Ona görə də son illərdə rayonlarda da böyük işlər görülür. Ümumiyyətlə, qeyri-neft sektorunun payı artır. Bizim o siyasət ki var, əvvəldən məcburi siyasət idi. Ayrı siyasət ola bilməzdi. Məsələn, Qərb ölkələrini götürsək, onlarda diversifikasiya etmək daha asandır. Çünki onlarda müxtəlif sahələr var və özü də inkişaf edib. Bizdə isə bir sahə var. İxracın 92 faizi neft sektorunun payına düşür. Yaxın illərdə isə biz qaz ixrac edən ölkəyə çevriləcəyik. Yaxın illərdə gərək biz infrastrukturu tamamlayaq. Yeni elm tutumlu sahələr yaradaq. Görüləsi işlər hələ qabaqdadır.
 
- Azərbaycan bu gün neft və milyonlar səltənətidirmi?
 
- Baxır milyonlar kimin cibindədir (Gülür…). Azərbaycanın 52 milyard, Rusiyanın isə 486 milyard ABŞ dolları qızıl valyuta ehtiyatı var. Adambaşına onlarda 3500 dollar düşür, bizdə isə 7800 dollar. Balaca ölkəyik, amma bizim ehtiyatımız onlardan iki dəfədən çoxdur. Müharibə vəziyyətindəyik. Müharibə olsa, hansısa fors-major yaransa bizim rezervimiz və potensialımız var ki, çətinlikləri aradan qaldıra bilək. Ona görə də görürsüz Rusiya nə günə düşüb. Böyük ölkə olmasına baxmayaraq potensialı o qədər deyil. Dünyanın 1/6 ərazisinə malikdir. Bu böyüklükdə ərazini saxlamaq və əhalinin ehtiyacını ödəmək asan məsələ deyil. Bizim siyasətimiz düzgün siyasətdir.
 
- Bəs o zaman niyə əhali banklara borcludur? Bəlkə kreditlə, yəni borcla yaşamağı artıq adət halına çeviriblər ona görə?
 
- Bilirsiz, bu, bizim bank sisteminin özünüreklam siyasətindən irəli gəlir. Borc götürəndə özgənin pulu olur, qaytaranda öz pulumuz olur, belə bir psixologiya var. Niyə 90-cı illərdə yox idi? Birdən-birə başladı artmağa. Az qalıb ki, bir vəsiqə ilə kredit versinlər. Böyük kreditlər deyil, kiçik kreditlərlərdən söhbət gedir. İnsanlar şirniklənir. Elə bilirlər ki, verə biləcəklər, sonra da verə bilmirlər. Ona görə də qaytarılmayan kreditlər orta hesabla 6 faizə gəlib çatıb. Ayrı-ayrı bankları götürəndə isə bu rəqəm 13 faizdir. Əlbəttə ki, bu problemdir. Bir də ki, əhalinin həyat səviyyəsi o qədər yüksək deyil ki, borcunu tez qaytara bilsin. Maaşlar o qədər də böyük deyil. Kredit götürən insanların strukturuna baxsan görərsən ki, az maaş alanlar krediti daha çox götürür.
 
- Sizcə, Azərbaycanda niyə rəsmi milyonçu yoxdu? Axı biz çox varlıyıq...
 
-“Forbes” jurnalı milyarderlərin siyahısını açıqlayanda azərbaycanlıların adlarına rast gəlinir. Azərbaycan vətəndaşının isə adı olmur. Bu o demək deyil ki, bizdə milyarder yoxdur. Var, amma hamısı vəzifədədir. Onların ixtiyarı yoxdur siyahıya düşsünlər. Yəni, var -dövləti guya onun adına deyil. Bunu şəffaf etsələr yaxşı olar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024