Region / Cəmiyyət (22-06-2017, 21:57)
Nazirliyin şöbə müdiri: Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır
“Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır”.
Mediatv.az-ın məlumatına görə, bunu “Report”a müsahibəsində “50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər?” sualına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib.
“Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi, əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.
Bilirsiniz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır”, - deyə İ.Həsənov bildirib.