Region (3-02-2016, 12:10)
Hacı İbrahim Nehrəmli: “Mənim İlham Əliyevə çıxışıma mane olurlar”
Mediatv.az “Xəzər Adaları” layihəsinin müəllifi, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmlinin “Yeni Müsavat”a verdiyi müsahibəsini təqdim edir:
- İbrahim bəy, prezident İlham Əliyev son bir ayda Nazirlər Kabinetinin üzvləri ilə iki müşavirə keçirib. Son müşavirədə iş adamları da iştirak edirdi. Eyni zamanda dövlət başçısı müvafiq sərəncamlar, fərmanlar imzalayıb. Bütün bunları bir iş adamı kimi necə qiymətləndirirsiniz?
- Ölkədəki mövcud iqtisadi böhran neftin dünya bazarında qiymətinin ucuzlaşması ilə əlaqədardır. Biz də iş adamı olaraq anlayırıq ki, hazırkı mürəkkəb vəziyyət bütün neft ölkələrində yaşanmaqdadır. Bu baxımdan dözümlü olmalıyıq. Cənab prezidentə təşəkkür edirəm ki, son zaman çox qəti addımlar atır. İstər sahibkarlara qarşı mövcud nöqsanların aradan qaldırılması, iş mühitinin yaxşılaşdırılması, istərsə də monopoliyanın yığışdırılması istiqamətində cənab prezident doğrudan da çox ciddi tapşırıqlar verir. İndi iş qalır bunu yerinə yetirən məmurlara. Bütün iş adamlarını cənab prezidentin ətrafında birləşməyə çağırıram.
- İş adamlarının vəziyyətinin pisləşməsi, sizcə, hansı səbəbdən baş verir?
- Bizim ölkədə məmur məmur kimi yaşamır. Bizə “oliqarx” deyirlər. İndi gəlin görək, əslində “oliqarxlar” kimlərdir. “Oliqarx” dövlət vəzifəsində oturub, rüşvət alanlardır əslində. Pul yığıb özlərinə banklar, restoranlar, zavodlar açırlar. Onların yanında iş adamı kimdir axı? İş adamı heç bəzi məmurlara yaxınlaşa da bilmir. Bunlar sanki iş adamı görəndə murdar bir məxluq görürlər.
- Bu kimi şikayətləri vaxtaşırı deputatlardan da eşidirik. Onlar da məmurların saymazlığından şikayətçidirlər. Sizcə, bunun qarşısı nə üçün alınmır?
- Məmurlar çox varlanıblar. Hamısı özlərini ayrıca bir dövlət kimi hiss edir. Məmur kimdir ki, bankı olsun, zavod açsın, fabrik qursun?! Hər kəs bilir ki, bu bank dövlət büdcəsindən oğurlanan pulların hesabına açılıb. Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələlərin üzərində işləməlidir. Hər şeyi cənab prezidentin üstünə yıxmaq olmaz. O, həm xarici səfərlər etsin, həm də daxildəki bu kimi məsələlərlə məşğul olsun?! Bütün bunlar bir yerə sığmır.
- Məmurları tənqid edirsiniz, ancaq sizin qardaşınız Nazim İbrahimov da nazir statusunda olan bir məmurdur. Onun fəaliyyəti barədə nə düşünürsüz?
- Doğrudur, qardaşım da məmurdur. Ancaq o, pulsuz məmurdur. Onun pulu haradandır? Nazim İbrahimov əsl məmurdur, sadə həyat sürür. Onun kimi yaxşı məmurlarımız da var. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və s. İş adamı kimi onlara nə zaman müraciət edərsək, dərhal qəbul edirlər.
- Ölkə başçısı göstəriş verir, fərman imzalayır, ancaq ya icra olunmur, ya da çox ləng icra edilir. Bu məsələ ilə bağlı sizin təklifiniz nədir?
- Birincisi, hərə özünə bir komanda yığmamalıdır. Hər bir iş adamına eyni gözlə baxılmalıdır. İş adamının biznesinə, gücünə uyğun ona iş verilməlidir. Misal üçün, mənim “Xəzər Adaları”nda 5 min işçim var. Bir məmur istəmədi ki, bu layihəni başa çatdırım. 2 milyard pul xərcləmişik, ancaq heç bir məmur gəlib baxmır ki, görsün burada vəziyyət necədir.
- Nə üçün gəlmədilər?
- Deyirlər ki, cənab prezident gəlməyibsə, biz nə üçün gələk. Qardaş, sən bir gəl bax, ağlın kəsirsə, get cənab prezidentə məruzə et. Xoşuna gəlməsə, razıyam, məruzə etmə. Deyirlər ki, cənab prezident, bu layihə boş şeydir. Buradan heç nə olan deyil. Bütün dünya bu şəhərdən danışdı, bizim ölkədə isə hər kəs dedi ki, buradan şəhər olmaz. Xarici işlər naziri israillilərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?! Dəstək olmaq əvəzinə görün barəmdə hansı mənfi rəy yaradırlar...
- Bəs siz prezidenti şəhərə baxmağa dəvət etmisinizmi?
- Böyük hazırlıq işləri görmüşəm. Orada Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşam. Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdim. Ancaq bu gün sizə açıqladım. İqtisadiyyat naziri Şahin Mustafayev bugünlərdə açıqlamasında bildirdi ki, 15 min fərdi iş yeri açacaq. Bu gözəl təşəbbüsdür. Ancaq nazir bir dəfə də mənim kimi iş adamlarını dəvət edib, dərdimizi dinləsə nə olar ki... Çıxış yolu birdir - əsl iş adamları ilə cənab prezidentin görüşünü təşkil etməlidirlər. Bu yaxınlarda iş adamları ilə ölkə başçısının görüşü oldu, ancaq heç kim qalxıb şikayətini bildirmədi. Çünki həmin adamların hamısı ora sifarişlə yığılmışdı.
- Bəs sizi nə üçün bu kimi tədbirlərə çağırmırlar?
- Belə çıxır ki, mən iş adamı deyiləm (gülür). Hələ indiyə qədər bir dəfə də olsun cənab prezidentin toplantısına məni çağırmayıblar. Çünki mən işimi bilən adamam. İstəmirlər mənim kimi ağıllı, təcrübəli adamlar ölkə başçısı ilə təmasda olsunlar.
- Bəlkə qardaşınız Nazim İbrahimovun hakimiyyətdəki rəqibləri buna mane olur?
- Bu məsələnin Nazim müəllimə aidiyyəti yoxdur. İş adamı kimi özüm möhkəm adamam.
- Nazim müəllimdən sizin ölkə başçısı ilə təmasınız üçün yardım etməsini xahiş etmisinizmi?
- Xeyr. Çıxış yolu budur ki, iş adamlarına banklar güzəştli kreditlər versinlər. Belə olarsa, çox böyük iş yerləri aça bilərik. Şəxsən mən 10 min adama iş verə bilərəm. Ancaq bizə artıq kredit verən də yoxdur axı.
- Beynəlxalq Banka olan borcunuzu ödədinizmi?
- Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər.
- Kim götürüb?
- Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik. Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də... Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım.
- Bu barədə bankın yeni rəhbərliyini məlumatlandırmısınız?
- Bəli, onlara da yazmışam, ancaq cavab ala bilməmişəm. “ASAN Xidmət”ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.
- Öz imzanızla götürdüyünüz kreditin miqdarı nə qədərdir?
- Təqribən faizi ilə birlikdə 300 milyondur. Bunun 10 faizi dollarladır. Bizim borcumuzu ödəmək üçün son tarix 2019-cu ildə bitir. O zamana kimi də ödəyəcəyik. Bu məbləğ, girov kimi qoyduğumuz əmlakın qarşısında elə də böyük deyil. Bütün iş adamlarına güzəştli kredit versələr, ölkə iqtisadi böhrandan çıxar. Heç bir problem də olmaz. Hazırda da boş dayanmamışam. İmişlidə 120 nəfərlik iş yeri açmışam. Eyni zamanda Qubada da iki fabrik qurmuşam. Mart ayına qədər də daha iki rayonda bu kimi iş yerləri açacağam. Biz dövlətimizə töhfəmizi bu cür veririk ki, mövcud iqtisadi vəziyyətdən çıxa bilək.
- Ölkədən çıxışınıza qadağa qoyulmuşdu. Bu, qüvvədə qalırmı?
- İş görmək qabiliyyəti olan biznesmenlərin əksəriyyətinin ölkədən çıxışına əngəl var. O zaman biz necə işləyək? Banka olan borcumuzu necə qaytaraq. Yeni iş yerləri açmaq lazımdır, ölkədən çıxışımıza qadağa qoyulubsa, necə hərəkət edək?! Cənab prezidentdən xahiş edirəm, ilk növbədə bu yersiz qadağaların aradan qaldırılmasına tapşırıq versin. İş adamlarının bir ayağı xaricdə olmalıdır. Müqavilələr bağlamalıyıq, investisiya cəlb etməliyik. Ölkədən çıxışımıza qadağa qoyulsa, bu işləri görə bilmərik. Özümüzlə bərabər ölkəmiz də vəziyyətdən çıxa bilməz.