Region (6-11-2015, 16:32)
«Belə deputatlıq İlyas İsmayılova yaraşmırdı…» - Müavinindən maraqlı açıqlamalar
Bir çox ekspert tərəfindən nəticələri əvvəlcədən proqnozlaşdırılan seçkilərdə sürprizlər də yaşandı. Bu sürprizlərdən biri də Ədalət Partiyasının sədri İlyas İsmayılovun cəmiyyətin tanımadığı bir xanıma uduzduğunun elan olunması oldu.
Mediatv.az Ədalət yetkilisinin Moderator.az-a müsahibəsini təqdim edir:
-Heydər bəy, İlyas İsmayılovun deputat seçilməməsi sizin üçün dəmi sürpriz oldu?
– Açığını desəm, olmadı. Biz seçkiqabağı təşviqat prosesi başladığı ilk zamanlardan, hətta ondan əvvəl də bu cür nəticəni gözləyirdik. Ona görə də sədrimizin parlamentə seçilməməsi partiyamızda şok effekti yaratmadı. Əslində İlyas bəy son illər apardığı ardıcıl mübarizəsiylə bu “məğlubiyyəti” öz qazanmışdı. Bilə-bilə, istəyərək bu yolu tutmuşdu. O da istəsəydi, bir sıra deputat həmkarları kimi öz postunda qalardı. Buna bir çoxlarından daha artıq imkanı vardı. Amma sədrimizin dünyagörüşü, qanunpərəstliyi, dövlət mənafeyini şəxsi maraqlarının fövqündə tutması onu parlament seçkilərində əsl seçicilərin arzulamadığı namizədə çevirdi.
- Deməli, məğlubiyyətinizi etiraf edirsiniz?
– Mən “məğlubiyyət” sözünü dırnaq arasında deyirəm. Əslində İlyas İsmayılov bu seçkilərdən heç də məğlub ayrılmadı. Onun deputat olduğu müddət ərzində hüquqşunas kimi təsbit edib ortaya çıxartdığı bir sıra qanunsuzluqların son seçkidə qarşısı alındı. Məsələn, bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, İlyas İsmayılov parlamentin bundan əvvəlki tərkibinin qanunlara zidd təşkil olunduğunu bildirir, məmurların, universitet rektorlarının deputat ola bilməyəcəyini, bunun seçki qanunvericiliyinə uyğun gəlmədiyini konkret faktlarla sübut edirdi. Dəfələrlə bu barədə MSK-ya, Milli Məclisə, Ali və Konstitusiya məhkəmələrinə müraciətlər ünvanlamışdı. Təəssüf ki, Azərbaycan hüquq sistemi İlyas müəllimin qaldırdığı məsələlərə barmaqarası baxır, hətta qanunları pozaraq deputat sorğularına belə cavab vermirdi. Son parlament seçkilərində Azərbaycan siyasi iradəsinin həmin insanları “ya deputatlıq, ya da məmurluq” seçimi qarşısında qoyduğunu müşahidə etdik. Deməli, hakimiyyətin özü də İlyas müəllimin haqlı olduğunu anlayır, parlamentin formalaşdırılmasında ciddi qəbahətə yol verdiklərini başa düşürdü. Amma bunu etiraf edə bilmirdi. Çünki bu, həm də qanun pozuntusunda rol oynadıqlarının etirafı olar, parlamentin son beş ildə qəbul etdiyi bütün qanunların legitimliyinə kölgə sala bilərdi. Axı, həmin qanunsuz deputatlar o qədər çox idilər ki, onları ələsən, MM-də hüquqi aktların qəbul olunduğu sessiyaların kvorumu belə düzəlməzdi. Üstəlik, İlyas bəy bu qanunsuzluqları ortaya çıxarmaqla MSK-nın yarıtmaz fəaliyyətini, parlamentin təkibini müəyyənləşdirən iradənin qanundan xəbərinin olmadığını sübuta yetirdi. Görünür, iradə sahibləri üçün bu həqiqəti etiraf etmək həyati məsələ idi. O səbəbdən də dövlət qurumları özlərini eşitməzliyə vurmuşdular. Bununla belə, İlyas müəllimin irəli sürdüyü arqumentlər tutarlı olduğundan növbəti seçkilərdə bu qanunsuzluqların qarşısını almağa məcbur oldular. Yalnız bu faktın özü Ədalət partiyası sədrinin aktivinə yazılmalıdır. Başqa sözlə, İlyas müəllim Azərbaycan siyasi iradəsi qarşısında ötən parlamentin legitim olmadığını sübut etməklə, ona səhvini düzəltdirməklə əslində parlaq qələbə qazandı. Sözsüz ki, seçkilərin onun əleyhinə saxtalaşdırılması da qarşı tərəfin bu qələbəyə cavabı kimi ortaya çıxmışdı. Amma şəxsən mən bu seçki saxtakarlığını adekvat cavab hesab etmir, oyundankənar vəziyyətdə atılmış qola bənzədirəm. Hesab edirəm ki, Azərbaycanın hüquqi dövlət quruculuğu prosesinin hakimi zamandır. Yəqin ki, bu hakim rəqibin öz aktivinə zorla və qanunsuz yazdığı bərabərlik xalını siləcək və İlyas bəyi bu mübarizənin qalibi elan edəcək.
- Belə çıxır ki, siz İlyas bəyin parlamentə seçilməməsinin səbəbini onun maraqlarına toxunduğu dairələrin aldığı qisas kimi dəyərləndirirsiniz?
– Bəli. Bu çox aydın şəkildə görünürdü. Təsəvvür edin, İlyas bəy doğulub boya-başa çatdığı ərazidən öz namizədliyini irəli sürmüşdü. Həmin torpağın yetişdirdiyi və hazırda yaşayan ən görkəmli övladıdır İlyas müəllim. Onun qarşısına çıxarılan və hakimiyyətin deputat etdiyi alternativini isə heç kim tanımır. Eşitdiyimə görə, bu xanım hətta Azərbaycan dilində belə danışa bilmirmiş. Yəni şəxsi xarakteri etibarilə o torpağın yerli dəyərlərindən uzaqlaşmış adamdır. Nə seçici onun, nə o, seçicinin dilini belə anlamır. Yəqin razılaşarsınız ki, Tovuz, Ağstafa, Qazax rayonlarının əhalisinin çox az qismi rusca bilər, ya bilməz. Amma rusdilli olan bu xanım seçki dairəsində qarşısına çıxan hər kəsi udur. Özü də böyük hesab fərqiylə. Bu mümkündürmu? Aydındır ki, İlyas bəy bu seçki oyununda ona uduzdurulub. Düşünürəm ki, əslində İlyas bəyin qarşısına bu cür alternativ çıxarmaqla və rəqibi qalib elan etməklə ona bir mesaj vermək istəyiblər. Deyiblər ki, “sən öz ictimai nüfuzuna güvənmə! Biz istəsək, öz məmləkətində belə ən təsadüfi adama uduzarsan”. Sizcə, bu, qisas deyil? Üstəlik, İlyas bəy səsvermənin heç ikincisi də elan olunmadı. Guya o, topladığı səsə görə üçüncü yerdə imiş. İlyas İsmayılov kimi öz məmləkətinin ən tanınmış adamını üçüncü yerə çıxarmaq qisasçılıqdan başqa bir şey deyil. Sanki qarşı tərəf ona qarşı xüsusi amansızlıqla davranır, öz aləmində bir neçə zərbə vurmaq istəyir…
-Yəni hesab edirsiniz ki, seçkilər onun əleyhinə xüsusi amansızlıqla saxtalaşdırılıb. Bu iddianı sübut edəcək hansısa dəlilləriniz varmı?
– Var, təbii. İndi o dəlillərin təsnifatı prosesi gedir. Qısa zaman ərzində bu faktları, yəqin ki, ictimailəşdirəcəyik də. Amma seçkilərin saxtalaşdırlmasını iddia etmək üçün bu dəlillərə belə ehtiyac yoxdur. Yaxşı bir misal var: Görünən dağa nə bələdçi? Bəyəm, siz indiyə qədər hansısa seçkinin ədalətli keçirildiyini düşünürdünüz? Azərbaycanda saxtalaşdırılmayan hansı seçki var? Xalqın iradəsinin bu cür qəsb olunması əslində dövləti cinayətdir. Nə yazıq ki, bu cinayətə imza atanlar bir də çəkinmədən insanların heysiyyətilə də oynayırlar. Ən təhlükəli olan da budur. İnsan bir qanunsuz əməl törədəndə buna ya haqq-ədalət donu geyindirər, ya da heç olmasa bu işi gizli tutar. Hakimiyyət isə açıq-aşkar seçki saxtakarlığıyla məşğul olur. Bu da öz növbəsində Azərbaycan xalqının demokratiyaya inamını öldürür. Zənnimizcə, hakimiyyətin qeyri-qanuni yollarla ələ alınmasından daha təhlükəli olan məhz ictimai şüura vurulan bu zərbədir. Bir çoxları hesab edirlər ki, biz İlyas müəllimin pozulmuş hüququndan danışanda deputatlıq davası edirik. Halbuki, nə İlyas müəllimin, nə də bizim dərdimiz deputatlıq deyil. Yaxşı bilirsiniz ki, İlyas İsmayılov ağlı kəsəndən həmişə vəzifələrdə olub. Respublika prokurorundan tutmuş Ədliyyə nazirliyinə qədər müxtəlif ən ali vəzifələrdə çalışıb. İki dəfə deputat seçilib. Önun gözü vəzifəyə toxdur. Belə olmasaydı, o da başqaları kimi qanunsuzluqlar qarşısında susar, yenidən deputat seçilərdi. Ədalət partiyasının bütün mübarizəsi Azərbaycandakı seçki məzhəkəsinin, qanun pozuntularının cəmiyyətimizə, onun dövlətçilik şüuruna vurduğu zərbənin qarşısını almağa yönəlib. Düşünürük ki, hakimiyyətin yürütdüyü bu seçki siyasəti insanlarımızı demokratik ənənələrdən uzaq salır, onlarda sovet ədalətinə, dolayısıyla, müstəmləkəçilik dönəminə nostalgiya hissi yaradır. Artıq kimi danışdırsan, özümüzün özümüzü idarə edə bilmədiyimizdən bəhs edir. Bu, o deməkdir ki, milləti artıq köləliyə inandırıblar. Digər tərəfdən müxtəlif regionlara nəzarətin oliqarxların, nazirlərin ixtiyarına verilməsi Azərbaycanı yenidən xanlıqlar dövrünə qaytarır. Açığı, bu gedişatla ya ölkəmizin müstəqilliyini itirəcəyindən, ya da keçmişdəki neqativ ənənələrə qayıdacağından ehtiyat edirik. Ölkəmizin addımbaaddım geriyə getdiyini görüb narahat oluruq. Bizim mübarizəmizin əsasını da bu nigaranlıq təşkil edir. Yoxsa, kimsə deputat seçildi, seçilmədi, bunun o qədər də mühüm əhəmiyyəti yoxdur. Şəxsən mən İlyas müəllimin bu parlamentdə təmsilçiliyini heç arzulamırdım da. Onu saxtakarlıq əsasında formalaşan parlamentdə görmək istəmirdim. Çünki ona belə deputatlıq həqiqətən də yaraşmırdı. Bilirsinizmi, İlyas bəy tutduğu vəzifələr səbəbindən həmişə müttəhimlərin önündə olub. Onlara söz verib, sözlərini kəsib. Parlamentdə isə yerlər dəyişik düşmüşdü. İttiham olunacaq adamlar İlyas müəllimin sözünü kəsirdilər…
-Heydər bəy, maraqlı bir məqama gəldiniz. Açığı, mən də sizdən bunu soruşacaqdım. Özünüz deyirsiniz ki, indiyə qədər bütün seçkilər saxtalaşdırılıb və İlyas bəy də həmin seçkilərdə iki dəfə deputat adı qazanıb. Bəs, onun özü niyə bunu qəbul edirdi?
-İlyas müəllimin saxta seçkilərlə formalaşan parlamentə düşməsi hələ onun dairəsində də seçkilərin saxtalaşdırılması mənasına gəlmir. Sədrimiz ona görə deputat seçilmişdi ki, hər iki seçkidə də onun qələbəsinə mane olmamışdılar. O da öz doğulduğu bölgənin insanlarının rəğbətini qazanaraq millət vəkili seçilirdi. Sizcə, nə etməli idi? Əhatəsində olduğu çevrədə saxta deputatlar var deyə, o özünün halal mandatından imtina etməliydi? Bu ona bənzəyir ki, qışın oğlan çağında oğrular, quldurlar, rüşvətxorlar əyinlərinə isti paltar geyinir deyə, sən də onlara acıq edib çılpaq gəzməyə qərar verirsən. Bu, nə qədər məntiqlidir? Bir də ki, İlyas bəy cəmiyyətimizdəki neqativ halları görür, buna qarşı mübarizə aparmaq istəyir. Xarakterinə uyğun ən yaxşı mübarizə yolu isə problemləri parlament iclaslarında qaldırmaq idi. Baxın, bu gün hər birimizin bir facebook səhifəmiz var. Həll etməyə gücümüz çatmayan problemləri facebook səhifəsində yazır, dərdimizi bölüşürük. Milli Məclis də İlyas İsmayılovun facebook səhifəsi idi. O da həmin kürsüdən bacardığı qədər cəmiyyətimizin dərdlərini deyirdi. İndi bu “facebook səhifəsini” rəqibləri dağıdıblar. Amma qəm deyil, o da yeni bir səhifə açar, yoluna davam edər. Məqsəd səni narahat edən fikirləri cəmiyyətə çatdırmaqdırsa, indi sosial media mövcuddur. Ordan da öz fikirlərini bəyan edə bilərsən. Yetər ki, deməyə sözün olsun.